“Antalyada keçirilən Türkiyə, Rusiya və Ukrayna görüşündən real nəticə alınmayıb”.
Bunu Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ukrayna xarici işlər naziri Dimitro Kuleba Antalya görüşündə güzəştə hazır idi, ancaq Rusiyanın XİN başçısı əks mövqe sərgilədi. Nəticə əldə olunmadı, hazırda Ukraynada şəhərlər bombalanır, ölənlərin sayı getdikcə artır.
“Türkiyə xoşniyyətini ortaya qoyaraq, müharibəni dayandırmaq istədi. Türkiyə bu tip təşəbbüslərini davam etdirəcək. Tərəflər təşəbbüsü yüksək qiymətləndirdilər. Ancaq bugünkü şərait göstərir ki, görüşdən real nəticə alınmayıb. Üstəlik Rusiya Prezidenti Vladimir Putin bildirib ki, yaxın vaxtlarda muzdluları da döyüşə cəlb edəcəklər. Buna baxmayaraq, Türkiyə öz fəaliyyətinə davam edəcək. Ərdoğanın təklifi var ki, Putin və Zelenski İstanbulda görüşüb fikir mübadiləsi aparsınlar”, - deyə E.Şahinoğlu şərhində bildirib.
Politoloqun fikrincə, Türkiyənin xoşməramlı istəyinə nail olub-olmayacağını demək hələlik tezdir: “Putin beyninə yeridib ki, Ukrayna gərək təslim olsun. Eyni zamanda, o, heç bir vasitəçiliyi qəbul etmir. Doğrudur, Putinin Ərdoğanla münasibəti, digər Qərb nümayəndələri ilə müqayisədə daha yaxşıdır. Ancaq Putin qarşısına məqsəd qoyub ki, Ukraynanı bölüb, Rusiyaya birləşdirsin. Bu fikrindən dönmək niyyəti də yoxdur”.
Qeyd edək ki, ötən gün Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirilib. Ukrayna tərəfi görüşün nəticəsiz olduğunu bəyan edib. Lavrov isə Ukrayna və Rusiya liderlərinin görüşünün mümkünlüyünü diqqətə çatdırıb.