Ötən həftə Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalandı. Bakıda imzalanan tarixi sənəd əsasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantıları yaradılacaq.
Ermənistan sərhədindən 5 kilometr məsafədən keçən yeni yol İrəvanın Zəngəzur dəhlizi ilə bağlı planlarını alt-üst etdi. İndiyədək Zəngəzur dəhlizinin açılması prosesinə əngəl olmağa çalışan Ermənistan rəhbərliyi artıq seçim qarşısındadır. Hazırda reallıq belədir: İrəvan ya Azərbaycanın şərtlərilə razılaşmalıdır, ya da regional layihələrdən kənarda qalacaq.
Bundan əlavə, yeni sazişin imzalanmasından sonra Zəngəzur dəhlizinin Azərbaycanın gündəmindən çıxması barədə iddialar dolaşmağa başlayıb. Ehtimal olunur ki, indi əsas diqqət İran ərazisindən keçəcək yeni dəhlizə yönəlib.
Belə iddialar nə qədər doğrudur? Yeni dəhliz hansı ölkələrin marağındadır?
Bu barədə Modern.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Zəngəzur dəhlizi barədə deyilənlər həqiqəti əks etdirmir:
“Zəngəzur dəhlizi dedikdə, biz Şərqi Zəngəzur bölgəsi ilə Naxçıvanın yerüstü birləşməsini nəzərdə tuturuq. Ermənistan bu dəhlizlə bağlı öhdəlik götürmüşdü. Lakin öhdəlikdən boyun qaçırdı. Buna görə də, Azərbaycan kimisə gözləməli deyildi. Biz alternativ variant tapdıq. Burada Prezident İlham Əliyevin siyasi məharətinin növbəti nümunəsini müşahidə edirik. İran İslam Respublikası ilə elə danışıq getdi ki, biz qanuni şəkildə o dəhlizi yaradırıq”.
Politoloqun fikrincə, yeni dəhliz təkcə Azərbaycanın maraqlarına uyğun deyil, digər ölkələr də bundan yararlanacaqlar:
“Bu, həm İranın, həm Türkiyənin, həm Rusiyanın, eləcə də digər dövlətlərin maraqlarına uyğundur. Ona görə ki, Avropa və Asiya istiqamətində neft daşımaları üçün yeni dəhliz yarandı. Naxçıvan Muxtar Respublikası həmişə Ermənistanın destruktiv mövqeyindən əziyyət çəkirdi. Belə şəraitdə çox ideal bir şərait yaradırıq ki, artıq Naxçıvanın da sənayesi, sosial-iqtisadi kompleksi etibarlı şəkildə güclənsin. Həm də Naxçıvan beynəlxalq daşımalarda, beynəlxalq münasibətlərdə öz statusunu, rolunu qaldırsın”.
Politoloq yeni dəhlizin açılması ilə Azərbaycanın istəyinə nail olduğunu vurğulayıb:
“Prezident İlham Əliyev səhv etmirəmsə, 2021-ci ilin sonlarında bölgədə olarkən dedi ki, Ermənistan sabotaj edərək, prosesi ləngidir. Ancaq biz Ermənistan istəsə də, istəməsə də, bu dəhlizi inşa edəcəyik. Beləliklə, Prezident öz sözünün üzərində durdu. Bu, həmin dəhlizdir. Bizim istəyimizə tam uyğundur. Bizim istəyimiz ondan ibarətdir ki, Şərqi Zəngəzur iqtisadi bölgəsi ilə Naxçıvana dəmiryolu vasitəsilə, quru yolu vasitəsilə həm yüklər daşıyaq, həm də lazım olan proseslərin təminatını həyata keçirə bilək”.
T.Abbasov sonda Ermənistanın beynəlxalq əlaqələr sistemindəki durumunu belə qiymətləndirib:
“Bəli, mən deyərdim ki, Ermənistan ümumiyyətlə, beynəlxalq əlaqələr sistemində "yox" səviyyəsindədir. Görünür, Ermənistan bu vəziyyətlə barışıb. Onlar müharibədəki ağır məğlubiyyətlərindən sonra proseslərə qoşulmaq istədiklərini deyirdilər. Ancaq niyyətləri saf idisə, bu ideal şəraitdən istifadə edəydilər. Çünki Zəngəzur dəhlizi tək Azərbaycanın maraqlarına yox, bütün bölgə ölkələrinin maraqlarına, o cümlədən hətta, uzaqda yerləşən və Avropanın bazarlarında iştirak edən Çinin də maraqlarına xidmət edir. Odur ki, biz burada Ermənistanın gözüqıpıq mövqeyinin şahidi oluruq. Bir daha əmin oluruq ki, bu ölkənin siyasi qüvvələri, ictimai fəalları çox qəribə mövqe tutublar və onların heç bir perspektivi yoxdur ki, beynəlxalq əlaqələr sistemində gələcəkdə özlərinə layiqli yer qazana bilsinlər”.