“Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə dalana dirənib. Bu barədə təkcə Ağ Evin sözçüsü Jen Psaki, ABŞ, İsrail və Avropa hərbi ekspertləri deyil, həm də Şərqi Ukraynadakı separatizmin və işğalın memarlarından olan keçmiş FSB polkovniki İqor Strelkov da deyir.
Bütün ekspertlər hərbi uğursuzluğun əsas səbəbləri kimi ordu hissələrinin sayca yetərincə olmamasını, döyüş taktikasının yanlış seçilməsini və Ukrayna ordusunun düzgün dəyərləndirilməməsini göstərirlər.
Bir sıra ekspertlər isə müharibənin artıq üzücü mövqe döyüşlərinə keçdiyini bildirirlər”.
Modern.az-ın məlumatına görə, bunu ““Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Ukraynadakı vəziyyəti şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, irəliləmənin mümkün olmaması səbəbindən qəzəblənən Rusiya ordu komandanlığı hava məkanındakı üstünlükdən istifadə edərək, Ukraynanın şəhərlərinə dağıdıcı raket-bomba zərbələri endirmək yolunu tutub.
“Bununla Rusiyanın siyasi və hərbi rəhbərliyi özü üçün gələcəkdə hərbi cinayətlərə dair tribunala yol açmaqdadır.
Amma baş verənlərdə qeyri-adiliyi ilə diqqət çəkən bir sıra məqamlar da var.
Bunların arasında ən qeyri-adisi isə Ukraynaya qarşı aparılan işğalçı müharibədə Çeçenistan rəhbəri Ramzan Kadırovun dəstəsinin özəl yer almasıdır. Bu mənada baş verənləri hər hansı normal dövlətdə təsəvvür etmək belə mümkün deyil”.
Ə.Oruclu deyir ki, president Vladimir Putin Çeçenistan rəhbəri ilə olan telefon danışığı zamanı Kadırova Ukraynadakı çeçen ordusunun - bəli, rəsmi məlumatda belə yazılıb - hərbçilərinə onun salamını çatdırmağı tövsiyə edib ki, bu da düşündürücü məqamdır.
“Putinin Kadırovla telefonla danışdığını təsdiqləyən Kreml sözçüsü Dmitri Peskov bildirir ki, hərbi vəziyyətlə bağlı onun açıqlama verməsi düzgün olmaz.
Ardınca Peskov "hərbi əməliyyatlar haqda məlumat vermək Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir" deyərək, hərbi əməliyyatların gedişi ilə bağlı həmin nazirliyə və Kadırova müraciət etməyi məsləhət bilib.
Burdan belə anlamaq olur ki, Kadırovun "ordu" adlandırılan dəstəsi işğalçı müharibədə müstəqil qurum kimi iştirak edir.
Belə bir durumun isə iki səbəbi ola bilər:
1. Ordu rəhbərliyinə güvənməyən Putin hərbi əməliyyatlara "etibarlı əsgəri" olan Kadırovu qoşub;
2. Ramzan Kadırov faktorunu qabartmaqla Putin daxildəki opponentlərinə müvafiq mesajlar vermək istəyir”.
Ekspert deyir ki, birinci səbəb tam istisna olunur, çünki nə Kadırov hərbçidir, nə də onun Ukraynaya göndərdiyi dəstə ordu statusuna iddia edə bilər.
“Hətta bu dəstənin iddia olunduğu kimi, 10 min çeçen "döyüşçüsündən" ibarət olduğunu qəbul etsək də, o, Ukraynanın işğalına cəlb olunmuş 200 minlik Rusiya ordusu ilə heç bir müqayisəyə gələ bilməz.
Deməli, söhbət daha çox ikinci səbəbdən gedə bilər ki, bu da daha inandırıcı görünür. Uzun illərdir Kadırovun "çeçen ordusunun" Putinin şəxsi cəza dəstəsi kimi fəaliyyət göstərməsi heç kəsə sirr deyil. Buna əyani sübutlar də yetərincədir.
Elə Anna Politkovskaya, Boris Nemtsov kimi simaların və bir çox digər ictimai-siyasi fəalların açılmayan qətlinin arxasından "çeçen izinin" çıxması kifayət edir.
Buna işarə edən başqa bir məqam da “kadırovçular”ın Rusiya paytaxtındakı ən yaxşı halda sərbəst adlandırıla biləcək davranışıdır. Buna isə imkan yaradan yalnız Putinin özü ola bilər.
Ukraynaya qarşı işğalçı müharibənin yaratdığı ağır fəsadlar isə onsuz da dayanıqlı olmayan Kreml ierarxiyasında dərin çatlar, bəlkə də parçalanmalar yaradıb.
Belə olduqda da Putinin hakimiyyətdaxili opponentlərini Kadırovla təhdid etməsi daha inandırıcı görünür. Hər bir halda bu, "sərkərdə Kadırov" versiyasından daha inandırıcıdır.
Amma Putinin hakimiyyətin daxilindəki rəqiblərinin də sadəlövh olmadığını nəzərə aldıqda 3 gün əvvəl baş tutmuş bir görüş də diqqət çəkməyə bilməz.
Söhbət Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Çeçenistana olan səfərindən və orada Ramzan Kadırovla keçirdiyi görüşdən gedir.
Rəsmi məlumatda Patruşevlə Kadırovun Çeçenistan ərazisində dövlət və ictimai təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bildirilsə də, başqa və daha konkret mövzularda müzakirələr olduğu istisna deyil.
Bunlardan biri yuxarıda qeyd olunduğu kimi çeçen cəza dəstələrinin hansısa siyasi zorakılıq əməllərində iştirakı ola bilər.
Digər inandırıcı versiya "Çeçen ordusunun" Rusiyanın Azərbaycan və Gürcüstan kimi cənub qonşularına qarşı təzyiq vasitəsi kimi istifadəsi ola bilər.
Bu mənada da “kadırovçula”rın onlara heç bir ehtiyac olmadığı halda Ukrayna cəbhəsinə cəlb olunması təsadüfi görünmür, çünki belə missiyanı yerinə yetirmək üçün cəza dəstələri az da olsa real savaş şəraitində döyüş təcrübəsi toplamalıdır.
Nəhayət, üçüncü mümkün ehtimal da Rusiyadakı qarşıdan gələn hakimiyyət böhranı zamanı Şimali Qafqaz bölgəsində sabitliyin təmin olunması missiyasını Kadrovun və onun "ordusunun" üzərinə qoyulmasıdır.
Bu 3 ehtimalın üçünün də üzə çıxardığı ümumi bir səbəb var ki, bu da qarşıdan gələn yaxın dövrlərdə Rusiyada ictimai-sabitliyin pozula biləcəyi və siyasi böhranın yaranacağıdır”.
A.Qorxmaz