Rusiya Prezidenti Vladimir Putin 44 milyon əhalisi olan Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirir. Moskvadan verilən açıqlamalarda müharibəyə səbəb kimi Ukraynanın Qərbə yaxınlaşdığı və bunun Rusiya üçün təhlükə olduğu göstərilir.
Putin iddia edir ki, Rusiya hazırkı şəraitdə təhlükəsiz mövcud ola və inkişaf edə bilməz. Ancaq Ukraynada həftələrlə davam edən bombardmanlardan, minlərlə insanın ölümündən və milyonlarla insanın ölkəni tərk etməsindən sonra tək bir sual qalır: Putin nə istəyir və bu müharibədən çıxış yolu varmı?
Başlayaq ilk sualdan...
Modern.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin vəziyyətin Rusiya üçün həssaslığını “ölkənin gələcəyi və dünyadakı mövqeyi təhlükə altındadır” deyərək izah edir.
Görünür, Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibə üçün qarşıya qoyduğu məqsədlərin Rusiyanın işğalının əvvəlində tezliklə qalib gələcəyini güman etdiyi hədəflər bu gün başqa rəng alıb. Putin bunu Rusiya tarixində mühüm məqam kimi görür. Rusiya liderinin ilkin məqsədi Ukraynanı ələ keçirmək, hökuməti devirmək və Qərbin müdafiə alyansı NATO-ya qoşulmaq istəyinə tamamilə son qoymaq olub.
Rus xalqına bildirilib ki, Moskvanın məqsədi Ukraynanı demilitarizasiya etmək və nasistsizləşdirmək, habelə Ukrayna hökuməti tərəfindən səkkiz illik "zülm və soyqırıma məruz qalmış" xalqı qorumaqdır.
"Biz Ukrayna ərazisini işğal etməyi planlaşdırmırıq. Biz heç kimə nəyisə məcbur etmək fikrində deyilik",- Putin açıqlamasında bildirib.
Lakin real faktlar nasistlər və soyqırım iddialarının həqiqətə uyğun olmadığını təsdiqləyir. Əksinə biz görürük ki, müharibə ilk növbədə ukraynalıları birləşdirdi.
Hazırda qanlı savaş davam edir, sülh danışıqlarının son xəbərləri göstərir ki, Rusiya artıq hökuməti devirmək istəmir və bunun əvəzinə neytral Ukraynanı hədəfləyir.
Putin niyə bitərəf Ukrayna istəyir?
1991-ci ildə Sovet İttifaqının dağılması ilə Ukrayna müstəqil ölkə statusu əldə edib və tədricən Qərbə, yəni Avropa İttifaqına və NATO-ya üz tutmağa başlayıb. Putin isə SSRİ-nin dağılmasını “Rusiyanın parçalanması” kimi qiymətləndirərək, bu prosesi tərsinə çevirməyi hədəfləyib.
2013-cü ildə Putin Ukraynanın rusiyapərəst prezidenti Viktor Yanukoviçə Avropa İttifaqı ilə azad ticarət və siyasi assosiasiya sazişini imzalamaması üçün təzyiq göstərib. Ukrayna xalqı bu qərara qarşı genişmiqyaslı etiraz aksiyaları keçirib və ölkənin lideri 2014-cü ilin fevralında hakimiyyətdən getməyə məcbur qalıb.
Rusiya buna cavab olaraq 2014-cü ildə Ukraynanın cənubundakı Krım bölgəsini ilhaq edib, Ukraynanın şərqində döyüşən separatçılara dəstək verib. 2015-ci ildə kövrək atəşkəs elan olunub və Minsk sülh sazişi imzalanıb, ancaq razılaşma indiyədək həyata keçirilməyib. O vaxtdan bəri regionda gedən münaqişələrdə 14 mindən çox insan həyatını itirib.
Rusiyanın Ukraynaya müdaxiləsindən bir qədər əvvəl prezident Putin Minsk razılaşmasına məhəl qoymadan rəsmi Moskvanın dəstəklədiyi iki separatçı bölgəni - Luqansk və Donetski müstəqil dövlətlər kimi rəsmən tanıyıb. O, qoşunlarını Ukraynaya göndərərkən, NATO-nu Krım bölgəsində müharibəyə başlamaq cəhdində və Rusiyanın “milli gələcəyini” təhdid etməkdə ittiham edir.
Bu müharibədən çıxış yolu varmı?
Ukrayna prezidentinin müşaviri Mixailo Podolyak Rusiyanın ölkəsində irəliləyə bilməyəcəyini və yaxın günlərdə atəşkəs razılaşmasının əldə olunması üçün addımların atıla biləcəyini açıqlayıb. Hər iki tərəf sülh danışıqlarının uğurla davam etdiyini düşünür. Podolyak onu da deyib ki, Putin tələblərini yumşaldır.
Müharibənin əvvəlində Rusiya lideri Ukraynanın Krımı Rusiyanın bir hissəsi kimi tanımasını və ölkənin şərqində yerləşən separatçıların nəzarətində olan Luqansk və Donetsk vilayətlərinin müstəqilliyini qəbullanmasını istəyirdi. Putinin tələblərinə görə, Ukrayna eyni vaxtda NATO və Aİ-yə daxil olmamasını təmin etmək üçün konstitusiyasına dəyişiklik etməli idi.
Krım, Luqansk və Donetsk bölgələrinin gələcəyi hələlik qeyri-müəyyən olaraq qalır, lakin bu məsələnin iki ölkə arasında sülh danışıqlarını gecikdirə bilməyəcəyi və daha sonra yenidən gündəmə gətirilə biləcəyi düşünülür. Digər tərəfdən, artıq Moskva rəhbərliyi qəbul edir ki, Rusiya Ukraynada indiki prezidenti vəzifəsindən uzaqlaşdırıb, Belarusdakı kimi hökumət qura bilməz.
Ekspertlər deyirlər ki, Rusiya öz tələblərini mülayimləşdirib, Ukraynanı mümkün qədər öz ordusu və donanması olan “demilitarizasiya olunmuş və neytral” ölkə kimi saxlayır.
Rusiyanın müasir siyasətini tədqiq edən R. Politik və Karnegi Moskva Mərkəzinin analitiki Tatyana Stanovaya hesab edir ki, Putin daha məhdud siyahı ilə kifayətlənməli olacaq. Eyni zamanda Fransa da Moskvanın sülh danışıqlarından əvvəl atəşkəs elan etməsinin düzgün olacağını bildirir və silah gücü ilə razılaşmanın mümkün olmadığını düşünür.
Ukraynanın tələbləri nədir?
Ukrayna prezidentinin müşaviri Mixailo Podolyak deyir ki, Ukrayna dərhal atəşkəs əldə etmək istəyir və Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb edir. Bundan əlavə, Ukrayna mümkün hücumlara qarşı ölkəni müdafiə etmək üçün hüquqi müqavilə hazırlamaq niyyətindədir.
Ekspertlərin fikrincə, Qərb dövlətləri bu istiqamətdə Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasını istəyir və “dondurulmuş münaqişə” anlayışını qəbul etmir.
Digər tərəfdən görünür ki, Ukrayna bəzi aspektlərdə öz mövqeyini mülayimləşdirib. Prezident Volodimir Zelenski son açıqlamalarında bildirib ki, Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağını qəbul etmək lazımdır.
Putin NATO ilə razılığa gələ biləcəkmi?
Putin ola bilsin ki, Ukrayna ilə razılaşmağa çalışır, lakin onun Qərbə, xüsusən də NATO-ya nifrəti son vaxtlar ikiqat artıb. Prezident Putinin sözlərinə görə, Qərbin yalnız bir məqsədi var: Rusiyanı parçalamaq və sonda məhv etmək.
Müharibədən əvvəl Putin NATO qarşısında müəyyən tələblər irəli sürmüşdü. O, alyansın şərqə doğru genişlənməsini dayandırmağı, 1997-ci ildən sonra NATO-ya üzv olmuş ölkələrdən qoşunlarını və hərbi infrastrukturunu çıxarmağı, Rusiya sərhədləri yaxınlığında, yəni Mərkəzi Avropa, Şərqi Avropa və Baltikyanı ölkələrdə silah yerləşdirməməyi tələb etmişdi.
Putinin sözlərinə görə, Qərb 1990-cı ildə Sovet İttifaqının dağılmasından bir qədər əvvəl NATO-nun şərqə doğru genişlənməyəcəyi ilə bağlı verdiyi vədi tutmadı: "Avropa liderləri bizim tarixi bir yol ayrıcında olduğumuzu düşünür".
Almaniya kansleri Olaf Şolts isə hesab edir ki, Putin "dünya baxışlarına uyğun olaraq Avropanı ələ keçirmək istəyir". Ardınca ABŞ prezidenti Co Bayden Vladimir Putini hərbi cinayətkar kimi təqdim edir. Bundan əlavə, Fransa prezidenti Emmanuel Makron və Şolz Avropa qitəsinin dönüş nöqtəsində olduğunu bəyan ediblər.
Onu da bildirək ki, müharibədən əvvəl Rusiya ABŞ-dan bütün nüvə silahlarının öz ərazisindən kənarda yerləşdirilməsini qadağan etməyi tələb etmişdi. Birləşmiş Ştatlar təklifə cavab olaraq, bəyan etdi ki, bu məsələ ilə bağlı danışıqlara açıqdır, lakin indiki məqamda danışıqlarda irəliləyiş əldə etmək ehtimalı çox aşağıdır.
Prosesləri təhlik edən rusiyalı siyasi ekspert Tatyana Stanovaya dünyanın yeni soyuq müharibəyə doğru getməsindən narahat olduğunu söyləyib. “Rusiyanın Qərbə daha çox hərbi və aqressiv ultimatumla yanaşmasına hazır olmalıyıq” - deyə o bildirib.
Bəs Rusiyanı bundan sonra nə gözləyir?
Maraqlıdır ki prezident Putin Ukraynaya hücumdan sonra Qərbin reaksiyası qarşısında məəttəl qalıb. O hesab edir ki, NATO üzvləri Ukraynaya qoşun yeritməyəcək, lakin bu qədər sanksiyaların tətbiq ediləcəyini də gözləmirdi. Qərb ölkələrindən verilən ölümcül sanksiyalar artıq Rusiya iqtisadiyyatının məhv edilməsi deməkdir. Lakin Moskva hələ də sanksiyalar qarşısında təslim olmağa tələsmir.