Modern.az

“Dünya beşdən böyükdür!”

“Dünya beşdən böyükdür!”

Analitika

30 Mart 2022, 13:00

Təqvimdə 24 fevral ilə 26 fevralın arası 2 gündür


26 fevral 1992-ci ildə Xocalıda  baş verən  terror və genosidi dünyaya hələ tanıda bilməmişik. Səbəbi də müsəlman və türk olmağımızdadır. 30 ildir ki, haray çəkib dünyanı inandırmağa çalışırıq ki, həmin gün  rus silahı ilə silahlahlanmış ermənilər və Rusiyanın 366-cı alayı Xocalıda uşaqdan böyüyə qədər hər kəsi avtomat qundağından, gülləsindən keçirdilər, yandırdılar, qətl etdilər. Tanrının da, dünyanın da gözləri qabağında bu ağır cinayəti törətdilər. Siz niyə susursunuz? Susqunluq bu gün də davam edir.

24 fevral 2022-ci il... Səhər saat 4-radələrində Rusiya tankları və bombardmançı təyyarələri Ukraynada yuxuda olan dinc əhalini, starteji obyektləri bombalamağa başladı...


Elə ilk güllə və bomba səslərindən dünya yuxudan oyandı. Bu  xəbəri bir -birinə ötürdülər. Bu dəfə qırılan dini görüşləri ilə Avropaya və Amerikaya yaxın  xristian ölkəsi idi. Qardaş-qardaşın üstünə bomba yağdırır, qardaş-qardaşın balasını öldürür, qardaş qardaşın arvadını zorlayırdı... Qardaşın birinin adı ukrain, digərinin adı rusdur. Zorlayan da, bombalayan da, öldürən də  rus qardaşdır.


Ukraynada dinc əhalinin genosidə uğraması xəbərlərinə, zirzəmilərdə, yeraltı sığınacaqlarda  dünyaya gələn
uşaqların çığırtısına, bombalar altında ölən uşaqların talesizliyinə ən çox yanan və ağlayan biz olduq. Çünki elə həmin Rusiyanın Qafazda forpostu olan erməni separatçıları torpaqlarımıza hücum edib, insanlarımızı belə zülmlərə məruz qoydular. Bu dərd bizə tanış dərd idi.


Elə həmin gündən etibarən Ukraynanın prezidenti Volodimir Zelenski xalqına və dünyaya, eləcə də ölkəsini bu girdaba sürküləyən BMT-yə, Avropaya, NATO-ya  müraciət edib işğalçı rus ordusunun dayandırılması üçün kömək istədi.


Hər çıxışından sonra avropalılar və amerikalılar onu alqışladılar. Hətta yüksək ödülə də layiq gördülər. Ukraynanın Prezidenti dedi ki, məni alqışlamayın, mənə ölkəmi qorumaq üçün hava məkanımı bağlamağa kömək edin, mənə silah verin ki, ölkəmi, insanlarımı qoruyum.


Nəticə hər kəsin gözü qabağındadır. Bu kömək gəlmədiyində, Ukrayna prezidenti Rusiya ilə  danışıqlarda yalnız Türkiyə və Azərbaycanda keçiriləcəyi təqdirdə iştirak edəcəyini şərt kimi irəli sürdü. Çünki artıq müharibənin  üçüncü günü bilmişdi ki, onu avropalı və amerikalı “arxadaşları” kürəyindən vurublar.  Bilirdi ki, belələrinə arxa çevirmək olmaz.


Ukrayna xalqı rusların hücumlarının qarşısını almaq üçün mübarizə və mücadilə apardığı o dəhşətli günlərdə Antalyada ikinci Diplomatiya Forumu keçirildi.


Diplomatiya Forumunda  müzakirə olunan əsas məsələlərdən ən ümdəsi də dünyaya barış mesajının verilməsi idi. Elə həmin günlərdə Ukryana və Rusiya dipolmatları da Antalyada ilk müzakirələrini apardılar. Türkiyə qollarını və qucağını  barış üçün açdı. Forum iştirakçıları qarşısında çıxış edən Rəcəb Tayyib Ərdoğanın nitqindən bəzi fikirləri sitat gətirirəm:


“...Qonşularımız arasında böhranın qaynar münaqişəyə çevrilməsindən təəssüflənirik. Gərginliyin bu mərhələyə çatması ən çox bizi narahat etdi. Qonşumuz olan ölkәnin suverenliyinә qarşı addımları qәbul etmirik. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək və silahlar tezliklə susacaq. Bölgәmizdә sülhün bәrqәrar olması üçün sәylәr göstәrmәyә davam edәcәyik”.



Türkiyәnin Krımın qeyri-qanuni ilhaqı  başda olmaqla Ukraynanın әrazi bütövlüyünә qarşı atılan addımları rәdd etdiyini söyləyən Rәcәb Tayyib Ərdoğan Türkiyənin Krımla bağlı mövqeyinin dəyişməz olduğunu yüksək səslə dünyaya çatdırdı:

“Krımla bağlı konkret mövqeyimizi 2014-cü ildən bu yana təkrarlayırıq. Həm Rusiya, həm də Ukrayna ilə müzakirələrimizdə bu mövzunu daim gündəmdə saxlamışıq. Qərb Krımın işğalına reaksiya versəydi, indi bu mənzərəni görərdikmi?! Amma Qərb Krımın işğalına göz yumdu. İndi isə onlar nələrsə danışırlar...  Təəssüf ki, beynəlxalq ictimaiyyət bu ədalətsizliyin aradan qaldırılması üçün lazımi həssaslığı göstərmədi və lazımi dəstəyi vermədi. Ukrayna haqlı mübarizəsində yalnız qoyuldu. Evlərini tərk edən mülki şəxsləri, qorxu və narahatlıq dolu uşaqları, xaraba olan şəhərləri, ölən dinc şəxsləri gördükcə kədərimiz artır’’.


Ukraynada işğalçı Rusiyanın törətdiklərini və seyrçi dünyanın düşündüklərini  çox anlaşılan bir dildə anladaraq, həm də “Dünya beşdən böyükdür”- dedi  Rəcəb Tayyib Ərdoğan.


Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında NATO ölkələrinin dövlət və hökumət başçılarının iştirak etdiyi NATO Sammitində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya arasında atəşkəs və sülhə nail olmaq üçün davamlı səylər göstərəcəyini vurğuladı.  


NATO görüşünü bir çoxları kimi mən də diqqətlə izlədim. Zirvədə görüşən liderlərin hamısı bir-biri ilə söhbət edərkən deyib-gülür, zarafatlaşırdılar. Bu deyib- gülən liderlər  bombalar altında qırılan uşaqların, yerlə-yeksan olan şəhərlərin  taleyini həll edirdilər. Onların arasında bircə dəfə də dodağı qaçmayan bir lider var idi: Rəcəb Tayyib Ərdoğan.


Rusiyanın Ukrayna üzərinə təcavüzü başlayan günlərdə və hətta bu təcavüzün başlanması haqqında  söz-söhbətlər getdiyi vaxt  Türükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya səfər edib Volodimir Zelenski ilə görüşlər keçirdilər. Hər iki lider görüşlərində əllərini Ukrayna prezidentinin kürəyinə qoydular. Ukayna lideri öz çiynində qardaş və dost əlinin istisini hiss etdi. Bildi ki, iqamətgahında qarşıladığı qonaqları onun evinə əsl dost kimi gəliblər. Onu darda qoymayacaqlarına əminliyi var idi.


Başlarına bombalar yağdığı gündən,  insanları yurd –yuvalarından didərgin düşməyə başladığı həmin ağır anlardan etibarən istər Türkiyə, istərsə də Azərbaycan dövləti öz dost yardımını əsirgəmədi. Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynada fəaliyyət göstərən SOCAR məntəqəsi ukraynalı vətəndaşları yanacaqla, eyni zamanda Azərbaycandan göndərilən humanitar yardımlarla təmin etdi. Bu yardım indi də davam edir.  


Ukrayna  işğalçıların  tanklarını və zirehli texnikalarını “Bayraktar”la məhv edir.  Elə müharibənin ilk günlərində ukraynalı gənclər  türk “Bayratktar”ına mahnı qoşdular. Bir balaca qızcığaz atasının ona aldığı küçüyün adını “Bayraktar” qoydu.  Kiyevdə və Xarkovdakı  heyvanxanalarda doğulan  heyvanat balalarına “Bayraktar” adı verildi. Hamısı türkə və Türkiyəyə olan sevgidən doğan hisslər idi. Bu gün döyüşdə qazandıqları az-çox uğura görə Türkiyəyə minnətdardı bütün Ukrayna xalqı!!! “Bayraktar”larla düşmənin üzərinə od ələyirlər.


Sülhün və barışın ünvanı olan Türkiyə Ukraynada baş verən müharibəni  dayandırmaq, bitirmək üçün çox səy göstərdi . Hər iki ölkənin  liderləri ilə Rəcəb Tayyib Ərdoğan dəfələrlə telefon danşığı apardı. Xarici işlər naziriləri ilə çoxsaylı görüşlər keçirildi. Bu məqsədlə Moskvaya və Lvova səfər oldu.  Müdafiə nazirləri səviyyəsində görüşlər keçirildi.


Növbəti  görüş isə dünən İstanbulda baş tutdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri ilə keçirdiyi görüşdə  “Türkiyə məsuliyyəti öz üzərinə götürməkdən heç vaxt qaçmayıb. İnanırıq ki, ədalətli sülhdə uduzanlar olmayacaq. Bu faciəni dayandırmaq tərəflərin üzərinə düşür. Dərhal atəşkəs hamının marağında olardı. Biz indi elə bir dövrdəyik ki, danışıqlardan konkret nəticələr alınmalıdır. İndiki mərhələdən etibarən siz nümayəndə heyətinin üzvləri kimi öz üzərinizə tarixi bir məsuliyyət götürmüsünüz. Bütün dünya sizdən xoş xəbər gözləyir. Siz liderlərinizin göstərişi ilə sülhün əsasını qoyursunuz, biz istənilən töhfəyə hazırıq”- dedi.


Dünənki görüşdən sonra  Rusiya  “sülh yaratmaq” üçün girdiyi ölkənin şəhərlərini viran və talan edən hərbi birləşmələrini Kiyev və Çerniqovdan çıxarmaq haqqında razlığa gəldi.


Bu gün 44 milyon əhalisi olan  Ukraynada heç 5 milyon adam qalmayıb. Ölkədə qalanlar, qocalar,  döyüşçülər və şəhərləri müdafiə edən kişilərdir. Analar övladlarından, qadınlar ərlərindən ayrılıblar.


Mənim qardaşım  1983-cü ildən Xarkovda yaşayır. Həmin ildə  xarici ölkələrdə təhsil alma proqramı ilə  imtahan verib  iki “5” qiymət almışdı.  Qonşu ölkələrdə təhsil almağa gedən tələbələri Azərbaycanın birinci katibi Heydər Əliyev  o dövrdəki Lenin Sarayında təbrik edib, onlara yaxşı yol arzulamışdı. Qardaşım da həmin  əlaçı gənclərin içərisində idi. O vaxtdan etibarən taleyini bu şəhərə bağladı. İndi 26 yaşında oğlu da Xarkov şəhərinin keşiyindədir. Oğlu həm də boks üzrə Ukrayna çempionudur. Qardaşım deyir ki, Putinin guya rusdilli əhalini xilas etmək üçün başladığı təmizləmə bir ölkəni tar-mar etdi: 
“Hava qaralana kimi gəlib evə yetişirəm. Şəhərdə gəzəndə adamı vahimə basır. Şəhərin səssizliyindən adam  qorxur. Elə bil ruhlar şəhəridir. Küçələrdə bir vaxtlar sahibləri olan yiyəsiz itlərdən başqa gəzib-dolaşan ins-cins gözə dəymir. Adamın onlara yazığı gəlir. Pəncərələri qara kağızlarla bağlamışıq ki, evimizin işığı çölə düşməsin. Düşmən haradan işıq gəlirsə, oranı bombalayır. Burada ancaq kişilər qalıb.  Bütün azərbaycanlılar da arvad-uşaqlarını göndəriblər Almaniya və Türkiyəyə, Azərbaycana. Bizmkilər də getdilər.  İndi özümüz evdə tək qalmışıq. Bağrımız çatlayır... Dəhşətdir.  Putinin hikkəsi biz günahsız insanları fəlakətə gətirdi. Ailələirimizi dağıtdı, evimizi viran qoydu...  Hələ bilmirik ki, axırımız necə olacaq. İndi adam burada ölməyə də qorxur. Çünki ölənləri də aparıb hardasa ümumi bir məzarlıqda basdırırlar...  İşğalçı rus heç vaxt heç kimə xoşbəxtlik gətirməyib...”.


Qardaşımla söhbətimizi qurtarandan sonra yenə xəbərləri izlədim. İstanbulda gedən danışıqlara Volodimir Zelenskidən  belə bir münasibət eşitdim:


“Danışıqlar masasından gələn siqnallardan  belə nəticəyə gəlmək olar kı, müsbət addımlar, gəlişmələr vardır. Lakin bu  siqnallar hazırda bizdə partlayan rus  snaryadlarının səsini kəsə bilmir. Biz bütün riskləri  görürük. Ukraynalılar işğalın 34-cü günü də, Donbasda  ötən 8 ildə davam edən müharibə dövründə  ancaq konkret nəticələrə inanmağa öyrənib. Onların  hələ xeyli texnikası və qədərincə ədalətsiz adamları var. Ona görə də biz mübarizədən soyumuruq və özümüzü müdafiə etməyə davam edirik. Biz dövlətimiz üçün, suverenliyimiz üçün real təhlükəsizlik istəyirik. Rusiya hərbçiləri işağl etdikləri rayonlarımızı tərk etməlidirlər. Ukraynanın suverenliyi və ərazi bütövlüyü təminat almalıdır. Suverenliyimiz və ərazi bütövlüyümüz çərçivəsində heç bir kompromissə gedə bilmərik”.



Əslində Zelenski qınanmalı da deyil. Çünki, o da yaxşı bilir ki, Çeçen dövlətinin mərhum lideri Cövhər Dudayevin dediyi kimi, işğalçı Rusiya dövlətinin imzaladığı sənədlər su üzərinə yazılan kağıza bənzəyir. Onlar verdikləri vədi də, sözü də , yazdıqlarını da tez unudurlar, heçə sayırlar.


“Suverenliyimiz və ərazi bütövlüyümüz çərçivəsində heç bir kompromisə gedə bilmərik”- bu sözlər bizim Azərbaycan Prezidenti İlham Əliyevin də hər zaman işlətdiyi sözlərdir.


Bu gün Ukrayna xalqı və Ukrayna lideri kürəyini Türkiyəyə və Azərbaycana dayayıb. Bu ölkələrin əməli iş gördüyünün fərqindədir.  Digər türkdilli ölkələrin Qazaxıstanın, Özbəkistanın, Qırğısıztanın  prezidentləri də Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını qeyd ediblər. Və bu ölkəyə imkanları daxlində yardım edirlər.


Volodimir Zelenski çox gözəl anlayır ki, ƏDALƏT axtarırsa, onu türk dövlətində tapacaq!


Etibar axtarırsa, o da türk dövlətindədir.


Çünki Volodimir Zelenskini oyuna gətirib, bir işğalçının  ağzına yem edənlər, indi onu həmin qanlı caynaqlardan xilas etmək əvəzinə, vəhşi bir ayının iti dişləri ilə onun necə çeynəməsini çəpik vura-vura seyr edirlər.


Bu gün Türkiyə dünyanın diqqətindədir. Türkiyə dünyaya Sülh və Barış çağırışı edir!


Türkiyə və türklər dövlət olduğu gündən haraya getdisə o yeri abadlaşdırırlar, tikib qururlar, olduqları yerə səadət, ədalət gətirirlər.


2020-ci ilin fevral ayının 26-da Bosniya və Hersoqovinada qonaq idim. Boşnaklar deyirdilər ki, bu gün bir xalq kimi mədəni yaşadıqlarına, formalaşdıqlarına görə Türk dünyasının Fatehi Soltan Mehmetə borcludurlar. Bosniyanın hər yerində II Mehmet dövründən yadigar qalan tikililər göz-bəbəyi kimi qorunub saxlanılır. Və bir də ki, Sarayevo şəhərində gəzəndə diqqətimi  məhəllələrdə, şəhərin  yollarının üstündəki məzarlıqlar cəlb etmişdi. Bu məzarlıqların niyə  küçələrdə, meydanlarda olduğunu soruşanda dedilər ki, serblər bosnyalıları qətliam edəndə ölənləri basdırmağa macal olmurdu, ona görə də hamısını bir yerdə basdırırdılar.


İndi  2022-ciil fevral və mart ayında eyni hadisələr Ukraynada baş verir. Rus işğalçılarının, Putin Ordusunun, bandit Kadırov dəstələrinin məhv etdiyi günahsız insanları kisələrə doldurub,  yollarda, meşələrdə ümumi qəbristanlıqda dəfn edirlər.


XVI əsrdən bəri rus işğalçıları haranı işğal etdilərsə, orada əvvəlcə zindanlar və türmələr tikdilər. Onlar türklər kimi məktəblər, mədrəsələr, bağ-bağçalar salmağı bacamırlar. İşğalçılar var olanları uçurub, xərabətlər üzərində eşələnməyə öyrəniblər.


Mən bu yazını qələmə aldığım zaman Krımdan  çox əziz rəfiqəm zəng etdi. Bu yazıda ad çəkməyə ehtiyat edirəm. Çünki...


Rəfiqəm dedi ki, bizi yenə satdılar...  Ukrayna danışıqlarını aparanlar deyiblər ki, 15 il müddətində Krım məsələsi müzakirə mövzusu olmayacaq...


Əziz rəfiqəmin bu sözü 24 fevarldan - Ukraynada müharibə başlayan gündən  bəri yanan ürəyimə daha bir dağ basdı. Onun səsi titrəyirdi. Onlar Krıma dönmək üçün bütün həyatları boyu mübarizə aparmışdılar. 2014-cü ildə Krım işğal edilən gündən burada yaşayan krımlıların gününü göy əskiyə büküblər. Milliyyətçi krımlılar burada təqib olunur,  həbs edilirlər. Rəfiqəm onu da dedi ki, Rusiyanın başlatdığı yeni müharibədə krımlıların  2012-ci ildən bəri sosial şəbəklərdə yazdıqları  fikirlər incələnir. Rusiyanın yeni qəbul etdiyi qanunla isə həmin adamlar təqibə və həbsə məruz qalıblar.


Ağlıma gələn ilk fikri belə çatdırdım: “Bacım, heç ümidini üzmə. Sən özün gördün ki, Türkiyə Ukraynaya necə sahib çıxır.  Rəcəb Tayyib Ərdoğan Ukraynaya olan sonuncu  rəsmi səfərəində Mustafa Cəmil bəylə görüşdü. Məgər görmürsənmi ki, bu gün keçirilən görüşdə istər Rusiya, istərsə də Ukrayna tərəfi cənab Ərdoğanı ayaqüstə necə alqışladı... Sən inan ki, XXI əsr türk əsridir. Tanrı elə bir məqam gətirəcək ki, çox tez bir zamanda Krım nə Ukraynanın, nə də Rusiyanın olacaq. Krım 17-ci əsrə qədər olan azadlığını əldə edib, Türkiyənin kiçik qardaşı olacaq. Sayın Rəcəb Tayyib Ərdoğanın dediyini unutma: “Dünya beşdən böyükdür!”. Bax o beşdən sonrakı dünyanı Türrk dövlətləri quracaq.  Dünya ədalət və sülh görmək istəyirsə, Türkün bayarğı altında birləşəcək. Buna əmin ola bilərsən. Hələ bir Ukraynanı bu qara ilanın ağzından qurtaraq, sonra Krımı qaytarmaq çətin olmayacaq. İşğalçı rus bütün dünyada nüfuzunu itirdi, geyindiyi yalançı sülh pərisi   maskasını Ukrayna lideri onun üzündən çəkib çıxardı, yırtıcı və işğalçı sifəti bir daha aydın göründü”.


Ukraynada müharibə başlayan gün təqvimdə 24 fevral 2022-ci il idi.


Azərbaycanda Xocalı qətliamı baş verəndə təqvimdə 26 fevral 1992-ci il idi.


Biz 30 ilə yaxın döyüşdük ki, torpaqlarımızı işğaldan azad edək.


Kaş ki, Ukraynanın ZƏFƏR günü gecikməsin!!!
 

Aida Eyvazlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu