Ötən gün Pakistanın Baş naziri İmran Xan vəzifəsindən istefa verib. Öncəki gün - aprelin 3-də ölkənin parlamenti buraxılıb, ardınca Nazirlər Kabineti istefaya göndərilib. Son vaxtlar haqqında etimadsızlıq tədbirlərinin görülməsi gündəmə gətirilən İmran Xan yeni hökumət formalaşana qədər vəzifəsini icra edəcək.
İmran Xan Pakistanda baş verən son hadisələrdə ABŞ-ı günahlandıraraq, rəsmi Vaşinqtonun onu devirmək planı qurduğunu bəyan edib və bununla bağlı diplomatik kanallar vasitəsilə məlumat əldə etdiyini diqqətə çatdırıb.
"Müxalifətin məni vəzifədən uzaqlaşdırmaq cəhdi ABŞ-ın daxili siyasətimizə açıq müdaxiləsidir", - deyən Xan bildirib ki, martın 8-də Pakistanın Vaşinqtondakı səfiri ABŞ rəsmiləri ilə görüşüb və rəsmi görüşdə ona “təhdid məktubu” verilib. O, etimadsızlıq səsverməsinin Pakistanda açıq-aşkar rejim dəyişikliyi cəhdi olduğunu və “ABŞ ilə əməkdaşlıq çərçivəsində planlaşdırıldığını” vurğulayıb.
Bundan əlavə İmran Xan "Planlarımız var. Mənim qərarım yeni seçkiyə getməkdir", - deyə suallara aydınlıq gətirib.
Pakistanda nələr baş verir? İmran Xanı hakimiyyətdən devirmək istəyənlər kimlərdir?
Bununla bağlı Modern.az-a danışan Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, Pakistan istər Mərkəzi Asiya, istər də Cənubi Şərqi Asiya bölgələri üzrə kifayət qədər ciddi strateji əhəmiyyətə malik ölkədir. Onun fikrincə, Pakistanın nüfuzunun yüksəlməsi bəzi qüvvələri narahat edir:
“Pakistanın əsas qiyməti, üstünlüyü ondan ibarətdir ki, bu ölkə Yaxın Şərq dövlətlərinə müəyyən mənada təsir imkanlarına sahibdir. Əslində Pakistanı Asiyanın müxtəlif bölgələrinin kəsişdiyi strateji nöqtə kimi də səciyyələndirmək olar”.
İmran Xana gəlincə, ekspert hesab edir ki, hazırkı Baş nazir Pakistanın kifayət qədər ciddi şəkildə geosiyasi nöqteyi-nəzərdən mövqeyinin güclənməsinə gətirib-çıxaran addımlar atırdı:
“Hazırda Pakistanın artan nüfuzu diqqət çəkir. Eyni zamanda bölgədə baş verən proseslər də diqqət çəkir, məsələn, ABŞ ordusunun çıxması nəticəsində Əfqanıstanda "Taliban" rejimi hakimiyyətə gəldi, bundan əlavə, Pakistanla bağlı olmayaraq Hindistanda müəyyən məqamların baş verməsinin şahidi oluruq. Pakistan-Çin arasında olduqca ciddi strateji münasibətlər var. Eyni sözləri Pakistan-Türkiyə münasibətləri üçün də demək olar. Bütün bunların fonunda bu gün Pakistanda hansısa siyasi qeyri-sabitliyin baş verməsi heç şübhəsiz ki, bölgədə marağı olan super güclərin maraqlarına xidmət edir”.
V.Zifəroğlu Pakistanda yeni seçkilərin keçiriləcəyini xatırladaraq, qarşıdakı 90 günlük müddətin proseslərdə önəmli olacağını vurğulayıb:
“Mənə elə gəlir ki, Pakistanı daxildən qarışdırmaq istəyən qüvvələrin fəallaşmasının müəyyən mənada şahidi ola bilərik. Burada təbii ki, ABŞ faktoru var. Ümumiyyətlə, bölgədə marağı olan bir çox ölkələrin də rolu istisna deyil. Yalnız ABŞ deyil, ümumiyyətlə, bölgədə maraqları olan dövlətlər bu və ya digər şəkildə Pakistana təsir etməyə çalışırlar. Bundan sonra da təsir etməyə çalışacaqlar”.
Xatırladaq ki, İmran Xan 2018-ci ildən Pakistanın Baş naziri vəzifəsini tutur.