Modern.az

Rusiya Brüssel görüşünü həzm edə BİLMİR...

Rusiya Brüssel görüşünü həzm edə BİLMİR...

Analitika

23 May 2022, 09:00

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Brüsseldə keçirilən görüş 5 saat davam edib. Danışıqlarda bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüssel görüşündən sonra mətbuata açıqlama verərək, tərəflər arasında danışıqların səmimi və məhsular keçdiyini bildirib.

“Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.

Sülh sazişinə gəlincə, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər” – Şarl Mişel üçtərəfli görüşü müsbət qiymətləndirib.

Brüssel görüşünə Rusiyada necə reaksiya veriləcəyi maraq doğururdu. Şübhəsiz ki, rəsmi Moskvanın Azərbaycan və Ermənistanla bağlı problemin Avropada həll yolunun axtarışına o qədər isti münasibət bəsləyəcəyi real görünmürdü. Xüsusilə, Ukraynada davam edən müharibə səbəbindən böyük itkilərlə üzləşən Kreml “Qarabağ kartı”nı əldə buraxmaq niyyətində deyildi. Bu mənada əminliklə deyə bilərik ki, Brüsseldə baş tutan üçtərəfli görüş qonşu Rusiyada təbəssüm doğurmayacaqdı və belə də oldu…

Brüssel görüşü barədə Modern.az-a danışan rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin düşünür ki, Azərbaycan və Ermənistan arasında danışıqlar Brüsseldə yox, məsələn, Soçidə və ya Düşənbədə təşkil oluna bilərdi.

Rəsmi Moskvanın siyasi dəsti-xəttindən çıxış edən politoloq Avropanın problemləri həll etmək iqtidarında olmadığını iddia edib:

“Avropa Birliyi bu görüşü diplomatik qələbə kimi göstərəcək. Əslində, Avropa danışıqlar prosesində heç bir həlledici rol oynamır. Avropanın münaqişəni həll etmək üçün 30 il vaxtı var idi. Onlar nə etdilər? Heç nə etmədilər. Rusiya vasitəçi funksiyasını öz üzərinə götürdü və məsələ həll olunmağa başladı”.

Politoloq Elxan Şahinoğlu düşünür ki, Şarl Mişelin fəallığı Moskvanın narazlığını artıracaq. Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanla Ermənistanı barışdırmaq üçün səylərini artırıb.

 

“O Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edib, vasitəçilik səylərini davam etdirəcəyini bildirib və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxunub. Şarl Mişelin bu fəallığı Moskvanın narazlığını artıracaq. Kreml Brüsseldən sonra Nikol Paşinyanı yenə Moskvaya çağırıb ona qulaqburması verəcək. O da İrəvana geri dönüb qorxusundan yenə prosesi ləngidəcək. Beləcə, Nikol Paşinyan Brüsseldə sülhdən danışacaq, Moskvaya gedib-qayıtdıqdan sonra gözləmə mövqeyinə keçəcək”, - politoloq prosesləri belə şərh edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır