"Azərbaycan Xarici İşlər Nazirliyinin “Minsk qrupunun həmsədri” titulunu daşıyan heç bir diplomatın Bakıda qəbul edilməyəcəyi ilə bağlı əhatəli bəyanat yayması faydalı olardı".
Modern.az-ın məlumatına görə, bunu siyasi şərhçi Elxan Şahinoğlu Minsk qrupu haqqında danışarkən deyib.
Ekspert xatırladıb ki, Moskva Minsk qrupundan imtina edib, Brüssel də vasitəçilik fəaliyyətində bu qrupun fəaliyyətini davam etdirməsi mövzusuna toxunmağı lazım bilmir, hətta Paris bu məsələdə isralı deyil.
“Yeganə Vaşinqtondur ki, həmsədrlərin fəaliyyətini davam etdirməsini istəyir. Bu istək Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağ məsələsinə qarışmasına, eyni zamanda erməni separatizmini cəsarətləndirir. Deməli, diplomatiyamızın hədəfi Vaşinqtonla izahat işinin genişləndirilməsi olmalıdır. Onlara izah edilməlidir ki, Vaşinqtonun həmsədrlik məsələsində israrı 1-cisi Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir edəcək; 2-cisi Rusiyanın bölgədə mövqelərini gücləndirəcək; 3-cüsü bölgədə sabitliyə və sülhə əngəl olacaq. Seçim Vaşinqtonundur”.
Xatırladaq ki, iyunun 28-də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri həmkarları ilə Dağlıq Qarabağ məsələsini müzakirə etməyə çalışıb. Ancaq ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev müzakirələrdə iştirakdan imtina edib.
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosu bu təşəbbüslə bağlı bildirib: “ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Dağlıq Qarabağın gələcəyi ilə bağlı məsələni müzakirə edib. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk Qrupunun işini davam etdirməyi səbirsizliklə gözləyirik”.