2022-ci ilin yazından etibarən Türkiyə və Yunanıstan arasında siyasi münasibətlər getdikcə gərginləşməyə başlayıb. İki ölkəni üz-üzə qoyan səbəblərdən biri “12 ada”dır.
Belə ki, Egey dənizinin cənub-şərqində "12 ada" olaraq bilinən, əslində sayı 12-dən çox olan bu adalar 20-ci əsrin əvvəllərinə qədər Osmanlı imperiyasına məxsus olub. Türkiyə-İtaliya müharibəsində imzalanan müqviləyə əsasən, Osmanlı əsgərlərini Liviyadan çıxaracaq, italyanlar isə bunun müqabilində işğal etdikləri 12 adanı geri qaytaracaqdılar. Daha sonra 12 adanın statusu İkinci Dünya Müharibəsinin sonunda qalib tərəf olaraq Yunanıstana verildi. Yarım əsrdən çoxdur ki, Egey adalarında Türkiyə ilə Yunanıstan arasında ada qalmaqalı davam edir. Gərginliyin digər səbəbi Yunanıstanın Şərqi Egey adalarında silah yerləşdirməsidir ki, bu da Türkiyənin sərt reaksiyasına gətirib çıxarıb.
Modern.az xəbər verir ki, illərdir davam edən gərginlik səngimək bilmir. Keçən həftə iki ölkənin döyüş təyyarələri arasında Egey və Şərqi Aralıq dənizində yaşanan hadisələr diplomatik böhranı pikk həddə çatdırıb.
Türkiyə Yunanıstanı Krit adasında yerləşdirilmiş F-16 döyüş təyyarələrini təqib etməkdə ittiham edir. Yunanıstan isə Ankaranı hava məkanını pozmaqda günahlandırır.
Siyasi şərhçilərin fikrincə, qarşıdan gələn seçkilər və daxili siyasi proseslər hər iki ölkədə böhranı dərinləşdirməyə hədəflənib.
Xatırladaq ki, 2020-ci ilin yayında Şərqi Aralıq dənizində böyük gərginlik yaşayan Türkiyə və Yunanıstanın münasibətləri Almaniyanın, eləcə də NATO-nun təşəbbüsləri nəticəsində 2021-ci ilin əvvəlindən yumşalmağa başlamışdı.
Türkiyə və Yunanıstan xarici işlər nazirlərinin qarşılıqlı səfərləri, ardınca Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla 2022-ci il martın 13-də İstanbulda görüşməsi yumşalmanın davam edəcəyi ilə bağlı şərhləri gündəmə gətirmişdi.
Lakin Mitsotakisin may ayında ABŞ-a səfəri zamanı Konqresdə Türkiyə əleyhinə çıxışı iki ölkə arasında münasibətləri yenidən gərginləşdirdi. Türkiyənin almaq istədiyi 40 ədəd F-16 qırıcılarını bu ölkəyə satmamaq çağırışı isə Ankara ilə Afina arasındakı yumşalma prosesinin üstündən xətt çəkdi.
Türiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu çıxışdan sonra qəzəbli şəkildə “artıq mənim üçün Mitsotakis yoxdur” deyib. Daha sonra Türkiyə Yunanıstanla 2022-ci ildə keçirilməsi planlaşdırılan yüksək səviyyəli əməkdaşlıq şurasının iclasını ləğv edib.
Bu prosesdən sonra siyasi gərgin münasibətlər Egey və Şərqi Aralıq dənizində də özünü göstərib. Türkiyə tərəfi bəyan edib ki, Yunanıstan Lozanna və Paris razılaşmaları ilə tərksilah edilməli olan adaları silahlandırıb, bu da onun adalar üzərindəki suverenliyinin müzakirəyə açılacağı anlamına gəlir. Yunanıstan isə Türkiyə döyüş təyyarələrinin adalar üzərində uçuşlar edərək hava məkanını yüzlərlə dəfə pozduğunu iddia edir.
Münasibətlər daha da gərginləşir
Mətbuata son açıqlamalar iki ölkə arasında gərginliyin təhlükəli həddə çatmasından xəbər verir.
Məlumata görə, Türkiyə F-16-ları 22, 23 və 24 avqust tarixlərində NATO missiyaları çərçivəsində Egey və Şərqi Aralıq dənizində uçuşları yerinə yetirərkən radar bloku vasitəsilə təcavüzə məruz qalıb.
Türkiyə döyüş təyyarələrinin radar kilidi vasitəsilə Yunanıstan hava qüvvələri tərəfindən sıxışdırıldığı qeyd edilib. Bundan əlavə, Yunanıstanın S-300 hava hücumundan müdafiə sistemlərinin Türkiyə döyüş təyyarələrinə qarşı işə salınmaması ilə bağlı açıqlamasından sonra Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumat və radar görüntülərini NATO Baş Katibliyinə, üzv ölkələrin müdafiə nazirliklərinə göndərəcəyini bildirib.
Türkiyə bu addımı ilə Yunanıstanla olan ikitərəfli gərginliyi NATO arbitrajına çıxarmaq və Afinanın təxribat kimi qələmə verdiyi hərəkətlərin alyans daxilində qeydə alınmasını təmin etmək istəyir. Bundan əlavə, qeyd edək ki, Türkiyənin NATO-nun İsveç və Finlandiya ilə genişlənmə prosesində oynadığı kritik rol Yunanıstanı narahat edən amillər sırasındadır.
Türkiyənin S-300 məsələsini bu qədər güclü şəkildə gündəmə gətirməsinin səbəblərindən biri də 2019-cu ildə Rusiyadan aldığı və ərazisində yerləşdirdiyi S-400 hava hücumundan müdafiə sistemlərinə görə ABŞ-ın sanksiyalarına məruz qalmasıdır.
Xatırladaq ki, ABŞ Türkiyəyə qarşı Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı (CAATSA) çərçivəsində sanksiyalar tətbiq edib və bu ölkəni 2000-ci illərin əvvəllərindən tərəfdaşı olduğu F-35 döyüş təyyarəsi layihəsindən çıxarıb.
Prezident Rəcəb Tayyib Ərdoğan isə avqustun 30-da Yunanıstanın S-300 hava hücumundan müdafiə sistemini işə saldığını xatırladaraq, Amerikanın Yunanıstana cavab verməsini tələb edib.
Qarşıdan gələn seçkilərin təsiri
Türkiyə ilə Yunanıstan arasında gərginliyin artmasının səbəblərindən biri də hər iki ölkədəki iqtisadi və siyasi problemlər, qarşıdan gələn seçkilər hesab edilir. Hazırkı hökumətlərin mandatı Türkiyədə 2023-cü ilin iyununda, Yunanıstanda isə iyulda başa çatır. Hər iki ölkədə növbədənkənar seçkilərin mümkünlüyü gündəmdədir.
Yunanıstanda Baş nazir Mitsotakis iqtisadi və sosial problemlərdən sonra kəşfiyyat xidmətinin müxalifət liderinin telefonunu dinləməsi nəticəsində yaranan böhran səbəbindən çətin anlar yaşayır. İstefa təzyiqinə baxmayaraq, vəzifəsində qalacağını açıqlayan Mitsotakis Türkiyə ilə mövcud böhrandan istifadə edərək, getdikcə azalan siyasi populyarlığını bərpa edə bilər.
Bundan savayı, Türkiyədə yaşanan iqtisadi çətinliklər, artan yaşayış qiymətləri və bunun kütləvi təsirləri prezident Ərdoğanın diqqətini təhlükəsizlik və xarici siyasət məsələlərinə yönəltməyə imkan verir. Bəzi siyasi şərhçilər hesab edirlər ki, 2023-cü ildə Cümhuriyyətin qurulmasının 100-cü ildönümünü qeyd edəcək Türkiyə üçün Yunanıstanla mövcud gərginlik hökumətə millətçi bazanı yenidən möhkəmləndirməyə kömək edə bilər.