"Ermənistanla Azərbaycan arasında baş vermiş toqquşmanın səbəbi təkcə iki ölkə arasında sülh müqaviləsinin imzalanmaması və Ermənistanın bundan irəli gələn təxribatları ilə deyil, həm də delimitasiya, nəqliyyat xətləri kimi bir sıra istiqamətlər üzrə əhəmiyyətli irəliləyişin olmaması ilə bağlıdır".
Bunu Modern.az-ın suallarını cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
O, hələ bir neçə gün əvvəl Ermənistan tərəfinin Zəngəzur/Meqri dəmiryol layihəsindən imtina etdiyini açıqlayıb.
"İndiyə kimi Ermənistan Azərbaycan torpaqlarında rahatlıqla hər cür hərbi əməliyyatlar həyata keçirə bilirdi. İşğal və daha sonra dağıntılar 30 il ərzində Azərbaycan ərazisində baş verib. Bundan sonra Ermənistan tərəfdən atəşin açılması o qədər də asan olmayacaq. Sülh üçün digər böyük maneə Azərbaycan ərazisində qanunsuz Ermənistan silahlı birləşmələrinin mövcud olmasıdır. Bu məsələ çoxdan həll olunmalı idi, lakin istər 2020-ci ildə baş vermiş müharibədən əvvəl, istərsə də sonra bütün məsələlərdə olduğu kimi bu məsələnin həlli də Ermənistan tərəfindən uzadılır. Digər müvafiq şərtlərlə bərabər qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması yeganə həll yoludur", - deyə Fərid Şəfiyev vurğulayıb.
Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.