Modern.az

Dünya mediası erməni təxribatları haqda NƏ YAZIR...

Dünya mediası erməni təxribatları haqda NƏ YAZIR...

15 Sentyabr 2022, 09:12

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun 50 hərbi qulluqçusu şəhid olub. Cavab tədbirləri nəticəsində düşmən ağır itkilər verib. 

 

Ermənistan mediasında yer alan xəbərlərə görə, sərhəddə baş vermiş toqquşmlarda 200-dən çox erməni hərbçi ölüb, xeyli sayda yaralı var. 

 

Son günlər Ermənistan-Azərbaycan sərhədində yaşanan olaylar region ölkələri ilə yanaşı, dünyanın da diqqət mərkəzindədir. Əksər ölkələr və beynəlxalq təşkilatlar Bakı və İrəvana döyüşlərin dayandırılması, problemin sülh yolu ilə həll edilməsi barədə çağırışlar ediblər.

 

Bəs, dünya mətbuatı sərhəd toqquşmaları barədə nə yazır?

 

Rusiyanın “Kommersant” qəzetində “Ermənistan və Azərbaycan sərhəd tanımır” sərlövhəli məqalə dərc olunub. Məqalədə deyilir ki, toqquşmalar Avropa İttifaqı və Rusiya başda olmaqla əsas vasitəçi roluna iddia edən oyunçular üçün sınağa çevrilib. Müəllif yazır ki, Brüssel təşəbbüsü əldən vermək fikrində deyil. Bu məqsədlə Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar təcili olaraq Bakı və İrəvana göndərilib.

 

Qəzetin Ermənistanın KTMT-yə müraciəti ilə bağlı digər məqaləsində deyilir ki, Cənubi Qafqazda baş verənlər Rusiya Federasiyasının beynəlxalq nüfuzuna zərbədir: “Çünki belə çıxır ki, kritik məqamlarda müttəfiqlərini qoruya bilmir. Amma ümid var ki, siyasi baxımdan Rusiya diplomatiyası yenə də hərbi əməliyyatları dondura, ən azı özü və Ermənistan üçün danışıqlar apara biləcək”,

 

“Reuters” agentliyində dərc olunan məqalədə bildirilir ki, Ermənistanla Azərbaycan sərhədində hərbi eskalasiya zaman baxımından önəmlidir:

 

“Rusiya əvvəllər Ermənistan və Azərbaycan arasında ən nüfuzlu vasitəçi olub. Kreml prezident Vladimir Putinin Cənubi Qafqazda axan qanı dayandırması üçün əlindən gələni etdiyini desə də, Ukraynadakı müharibə Moskvanın regionda sülhün təminatçısı statusunu sarsıdıb”.

 

Müəllif yazır ki, Ermənistan və Azərbaycan arasında genişmiqyaslı müharibə neft və qaz kəmərləri üçün mühüm dəhliz olan Cənubi Qafqazda sabitliyi pozmaq təhlükəsi yaradır, Ukraynadakı müharibə artıq enerji təchizatında problemlər yaradıb.

 

Ukraynanın “Gordonua” nəşri isə yazır ki, Azərbaycan Ukraynaya qarşı müharibədə rus qoşunlarının zəifləməsini fürsət hesab edir: “Azərbaycan belə bir məqamda başa düşür ki, Rusiyanın müdaxiləyə gücü çatmaz. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olub-olmamasının artıq əhəmiyyəti yoxdur.. Ərdoğan təkcə Putin və rus generallarını deyil, həm də Mərkəzi Asiyada nüfuz uğrunda yarışdığı KTMT-ni ələ salır”.

 

Məşhur rus politoloq Sergey Medvedev “Facebook” hesabında yazdığı statusda Rusiyanın təsir zonasında daha çox “zəlzələlər” olacağını proqnozlaşdırdığını qeyd edib:

 

“Rusiya ordusunun bütün döyüşə hazır hissələrinin mərhələli şəkildə məhv edilməsi ilə bizi Abxaziya və Cənubi Osetiyada maraqlı hadisələr gözləyir: Gürcüstanın yerində olsaydım, vaxt itirməzdim. Rusiyanın son 30 ildə əziyyətlə zəbt etdiyi və əzizlədiyi Terekdən Memelə qədər uzanan torpaqlar qurşağı yavaş-yavaş parçalanır: Osetiya, Abxaziya, Krım, Dnestryanı, Belarus. Çeçenistanı da unutmaq olmaz. Uğursuz Kreml strateqləri fevralın 24-də hansı Pandora qutusunu açdıqlarını bilmirlər”.

 

Almaniyanın “Süddeutsche Zeitung” qəzeti hesab edir ki, Rusiya artıq vasitəçi rolunu yerinə yetirə bilmir: “Rusiya hər iki tərəf üçün əsl məyusluq yaradıb”.

 

İsrailin “Jerusalem Post” nəşri qeyd edib ki, Ermənistan son vaxtlar dünya məsələlərində Rusiyaya daha çox meyl edir, Azərbaycan isə İsrailə dostdur.

 

“Azərbaycan və Türkiyə əsas müttəfiqlərdir. Bu o deməkdir ki, Qafqazdakı münaqişə kiçik münaqişə deyil, Türkiyənin Suriyadakı rolu və Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlıdır”, - deyə müəllif bildirib.

 

Müəllif onu da qeyd edib ki, Moskvadan təcrid olunmuş və asılı vəziyyətə düşən Ermənistan çətin vəziyyətdədir, bəlkə də dünyanın diqqətini Ukraynaya yönəltməsinin bədəlini ödəyir. Bildirilir ki, ABŞ-ın rəhbərlik etdiyi dünya düzəninin çökdüyünə dair fikirlərin artdığı bir vaxtda ölkələr 50 və ya 100 il əvvəl müəyyən edilmiş sərhədləri yenidən cızmağa çalışdıqca, belə müharibələr və münaqişələr daha çox olacaq.

 

Britaniyanın “Guardian” qəzeti isə bildirir ki, Cənubi Qafqaz Azərbaycandan Türkiyəyə, oradan da Avropaya və digər dünya bazarlarına qaz və neftin daşınması üçün mühüm arteriyadır. Rusiya, Türkiyə və İran da daxil olmaqla regional güclər Cənubi Qafqaza müxtəlif dərəcədə sərmayə qoyurlar.

 

“The New York Times”da dərc olunan məqalədə deyilir ki, Rusiyanın cənubunda və iki keçmiş sovet respublikası arasında müharibənin yenidən alovlanması Ukraynanın şimal-şərqində son günlər məğlubiyyətlərdən ağlını itirmiş Rusiya prezidenti Vladimir Putinin narahatlığını artırıb. Həmçinin bildirilir ki, diqqətdən kənarda qalan Qafqazda toqquşmalar həm Moskva, həm də Qərb üçün problemlər yaradır.

 

Londonda yerləşən “Chatham House”un Rusiya və Avrasiya proqramının əməkdaşı Lorens Broers isə yazıb ki, Bakı Rusiyaya təsir imkanlarını artırıb. Broers Azərbaycanla Ermənistan arasında toqquşmaların davam edəcəyini proqnozlaşdırıb.

 

Almaniyanın nüfuzlu "Deutsche Well" (DW) nəşri yazır ki, Rusiya Ukraynada acınacaqlı məğlubiyyətə uğrayıb. Nəşr iddia edir ki, Rusiyanın zəifləməsindən istifadə edən Azərbaycan Ermənistanla haqq-hesab çəkir.

 

Hazırladı: Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər