Modern.az

KTMT-dən TƏRS ŞİLLƏ – İrəvanın xain planı puç oldu

KTMT-dən TƏRS ŞİLLƏ – İrəvanın xain planı puç oldu

17 Sentyabr 2022, 13:33

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə münasibəti rəsmi İrəvanı ciddi məyus edib. Ermənistan rəsmiləri KTMT-dən gözlədikləri köməyi ala bilmədiklərinə görə, bu təşkilatdan narazı qalıblar.

 

Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli mətbuata açıqlamasında deyib ki, erməni tərəfinin gözləntiləri özünü doğrultmayıb və onlar KTMT-nin reaksiyasından nəticə çıxarmalı olacaqlar. Simonyan açıq şəkildə bəyan edib ki, İrəvan KTMT-nin Azərbaycana verdiyi cavabdan narazıdır.

 

Bundan əvvəl isə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosuna müsahibəsində bildirmişdi ki, İrəvanın KTMT-dən gözləntisi Azərbaycana qarşı hərbi-siyasi yardım əldə etmək olub, lakin bu, alınmayıb və Ermənistanın planı puça çıxıb.

 

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı gözləntilərimizi doğrultmayıb", - Qriqoryan söyləyib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistan təkcə KTMT-dən yox, Rusiyadan da ümidini üzüb:

 

“Alen Simonyan KTMT ilə bağlı açıqlamaların ardından dərhal ABŞ konqresinin spikeri Nensi Pelosini Ermənistana dəvət edib. Məlumdur ki, Pelosi anti-Rusiya mövqeyində dayanır. Pelosinin İrəvana dəvət olunması o deməkdir ki, Ermənistan siyasi hakimiyyəti nəinki KTMT-dən, eyni zamanda Rusiyadan da narazıdır. Ermənistan rəsmiləri artıq Rusiya əleyhinə addım atmaqdan belə çəkinmirlər. Yaxşı, bundan sonra onlar KTMT-yə hansı üzlə müraciət edə bilərlər?”

 

Politoloqun fikrincə, İrəvanın sərgilədiyi mövqe bu ölkənin müttəfiq anlayışının olmadığını aydın şəkildə göstərir:

 

“Ermənistan üçün taktiki maraqlar anlayışı var. Strateji maraqlar anlayışı isə onların cari siyasəti üçün bir o qədər əhəmiyyət kəsb etmir. Onlar sözdə Rusiya ilə bağlılıqdan, Moskvanın yeganə strateji tərəfdaş olmağından danışa bilərlər. Ancaq atdıqları real addımlarda Rusiyadan yalnız istifadə etmək niyyəti daşıdıqlarını göstərirlər. Ümumilikdə baxdıqda Ermənistan siysasi rəhbərliyində Qərbə meyil daha çoxdur. Bu da Ermənistanın destruktiv siyasi xəttini göstərir. Bu siyasi xəttin əsas xüsusiyyəti müxtəlif güclərin maraqlarını regionda toqquşdurmaqdan, nəticədə özünə mənfəət qazanmaqdan ibarətdir. Bu, Ermənistanın ənənəvi siyasətidir.  Bu siyasi xətt səbəbilə hər zaman müharibə və münaqişələr meydana çıxır”.

 

İlqar Vəlizadə hesab edir ki, hazırda Rusiyaya regional münaqişə lazım deyil. Onsuz da Rusiya Ukraynada müharibə şəraitindədir:

 

“İndi Rusiya üçün müharibə və münaqişə lazım deyil. Təəssüflər olsun ki, bəzi regional güclər, məsələn, İran bunu hələ də başa düşmür. Nensi Pelosi yeri gəlmişkən İranın da düşmənidir. İran siyasi rəhbərləri onun İrəvan səfərindən narahat deyil. Təbii ki, bu, onların öz problemidir. Hər halda hadisələr Ermənistanın yeritdiyi cılız siyasətin daha bir nümunəsi oldu. Əsas regional güclər hansı ki, regionda siyasi ab-havanı müəyyən edirlər, onlar Ermənistanın bu siyasətindən nəticə çıxaracaqlar, Simonyan yox. Ermənistanın bundan sonrakı planları da puça çıxacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi