Modern.az

Putin Ərdoğana söz verdi, ölkəni etirazlar bürüdü – Nə baş verir?

Putin Ərdoğana söz verdi, ölkəni etirazlar bürüdü – Nə baş verir?

22 Sentyabr 2022, 09:57

Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PBS telekanalına maraqlı müsahibə verib. O, müsahibə zamanı Ukraynada davam edən müharibədən söz açaraq, Rusiya lideri Vladimir Putinin hərbi əməliyyatları tezliklə dayandırmaq istədiyini söyləyib.

 

"Bu məsələdə Rusiyanın mövqeyi çox önəmlidir. Özbəkistanda Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm və onunla ətraflı danışıqlar apardıq. Rusiya lideri münaqişəni tez bir zamanda başa çatdırmağa çalışdığını bildirdi. Hesab edirəm ki, irəliyə doğru mühüm addım atılacaq”, - deyə Ərdoğan münaqişənin nə vaxt bitəcəyi ilə bağlı suala cavab verərkən bildirib.

 

Bu açıqlamadan bir neçə gün sonra Rusiyada qismən səfərbərlik elan edilməsi müharibənin yaxın vaxtlarda başa çatmayacağını göstərir.

 

Putin mühairibəni dayandırmaq istəyirdisə, səfərbərlik niyə elan edildi?

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, Putin Səmərqənddə Ərdoğanla görüşdə nəyə hazır olub-olmadığını açıq şəkildə izah edib. Məhz bu zaman Ərdoğanda Putinin həqiqətən müharibəni tez bir zamanda bitirmək istəyinə inam yaranıb. Putin, həmçinin Səmərqənddə Zelenskini masaya qaytarmaq üçün Ərdoğandan xahiş edib.

 

Politoloqun fikrincə, Rusiya Ukraynada istəyinə nail ola bilmədiyi üçün müharibəni ən qısa zamanda bitirmək istəyir:

 

“Ukraynadakı əməliyyatlarda Rusiyanın hərb sisteminin iç üzü açıldı. Xarkovdakı son əməliyyatlarda Ukrayna ordusunun qazandığı uğur Rusiyanı döyüşləri dayandırmağa sövq edir. Rusiya hazırda ələ keçirdiyi ərazilərlə kifayətlənə bilər. Ancaq Zelenski bildirib ki, Kırım da işğaldan azad edilənə qədər hərbi əməliyyatlar davam edəcək. Heç bir kompromis olmayacaq.

 

Türkiyə lideri dünyada yeganə dövlət başçısıdır ki, Rusiya-Ukrayna dialoqunda birbaşa iştirak edir və balansı qoruyur. Yaxşı olardı ki, Qərb də bu görüşlərdə maraqlı tərəf olsun. Türkiyə liderinin fəaliyyətinə baxmayaraq, Amerikadan Ukrayna prezidentinə ciddi təzyiq olmayınca müharibənin dayanacağına inanmıram. Çünki gedişat heç də Ukraynanın əleyhinə deyil”.

 

Zaur Məmmədov qeyd edib ki, Rusiyanın hazırda əsas məqsədi ələ keçiridiyi ərazilərdə möhkəmlənməkdir:

 

“Rusiya ayın axırından başlayaraq, Luqansk, Donestk və Zaporejyeni referendum keçirərək, öz tərkibinə qatmağa çalışır. Rusiya həmin əraziləri özünə birləşdirməklə güvən altına almaq istəyir. Yəni bundan sonra Ukrayna tərəfindən adıçəkilən ərazilərə hücum olduqda Rusiya mobilizasiya olunmuş hərbçilərlə Ukraynaya hücum etmək imkanından istifadə edəcək”.

 

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bu qərar qonşu Rusiyada böyük etiraz doğurub. Ölkənin 38 şəhərində keçirilən aksiyalar zamanı mindən çox nümayişçi saxlanılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub. Rusiyalı gənclər müharibəyə etiraz edərək, döyüşə getmək istəmədiklərini bəyan ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?