Modern.az

Sərhəd missiyası nə iş görəcək - DETALLAR

Sərhəd missiyası nə iş görəcək - DETALLAR

18 Oktyabr 2022, 10:48

Avropa İttifaqının (Aİ) oktyabrın 17-də Lüksemburqda keçirilən Xarici Əlaqələr Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsinə razılıq verilib. Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, təşkilat çox qısa zamanda monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərəcək.

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Ermənistanda monitorinq missiyasının yerləşdirilməsini alqışlayıb.

 

Missiya barədə razılıq oktyabrın 6-da Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyinin iclası çərçivəsində baş tutan dördtərəfli görüş zamanı əldə edilib. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilən görüşdə tərəflər ilkin razılığa gəlib.

 

Missiyanın fəaliyyəti nədən ibarət olacaq?

 

Qrupun üzvləri regiondakı vəziyyətin monitorinqini aparacaq, təhlil edəcək və hesabat hazırlayıb Avropa İttifaqına göndərəcək. Rəsmi açıqlamalara əsasən, məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasına, etimadın yaradılmasına və beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir. Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və müddəti iki aydan çox olmayacaq.

 

Prezident İlham Əliyev bu yaxınlarda çıxışı zamanı bildirib ki, missiyanın məqsədi tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir:

 

"Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik".

 

Artıq missiyanın texniki qiymətləndirmə qrupu Ermənistanda görüşlər keçirərək fəaliyyət istiqamətlərini müzakirə edirlər. Danışıqların detalları və fəaliyyət istiqamətləri barədə hələ ki detallar elan olunmayıb, bununla bağlı yaxın günlərdə yeni informasiyaların verilməsi gözlənilir.

 

Qrup neçə üzvdən ibarət olacaq?

 

Prezident İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı qrupun ilk öncə 40 nəfərdən ibarət olacağını, lakin sonradan bu rəqəmin 50-ə yə qaldırıldığını bildirib:

 

"Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq".

 

Qeyd edək ki, Aİ-nin monitorinq potensialının sürətlə tətbiqini təmin etmək üçün ekspertlərin müvəqqəti olaraq Gürcüstandakı Avropa İttifaqının Monitorinq Missiyasından (EUMM Georgia) göndərilməsi qərara alınıb. Bildirilir ki, EUMM Gürcüstandakı monitorinq imkanlarına təsir etməmək üçün operativ addımlar atır.

 

Azərbaycanın reaksiyası

 

Missiya Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca yerləşdiriləcək. Konkret sərhədin hansı hissəsində monitorinq aparılacağı hələ məlum deyil. Güman edilir ki, missiya mobil olacaq və bütün sərhəd boyunca hərəkət edərək vəziyyəti qiymətləndirəcək.

 

Doğrudur, Azərbaycan Praqada missiya ilə əməkdaşlığa razılıq verib. Lakin Prezident İlham Əliyev qeyd edib ki, bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər olub: “Ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək”.

 

Rusiya sərhəd missiyasına necə baxır?

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova missiyanın göndərilməsinə mənfi reaksiya verib. “Biz buna təəssüflər olsun ki, Avropa İttifaqının Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına növbəti dəfə bütün vasitələrlə mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxırıq. Əlbəttə ki, bu, suveren dövlətlərin məsələsidir. Onlar öz münasibətlərini qururlar”, - deyə XİN rəsmisi qeyd edib.

 

Bundan öncəki təcrübələr

 

Avropa İttifaqının artıq Şərqi Avropa və Afrika da daxil olmaqla dünyanın münaqişə bölgələrində bir neçə missiyası mövcuddur. Gürcüstanda Avropa İttifaqının Monitorinq Missiyası 2008-ci ildən bəri separatçı Abxaziya, Cənubi Osetiya və Gürcüstanın de-fakto sərhədlərində patrul xidməti aparır.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu