Modern.az

Ermənistan separatçıları niyə Rusiyanın qucağına atır... - TƏHLİL

Ermənistan separatçıları niyə Rusiyanın qucağına atır... - TƏHLİL

21 Oktyabr 2022, 12:18

Araik Azərbaycan hakimiyyətini Xankəndiyə dəvət edir, amma necə?
 

Qarabağdakı separatçıların “rəhbəri” Araik Arutyunyan İrəvanda Paşinyanla görüşdən sonra açıqlamalar verib:

 

- “Bakı ilə danışıqlara hazır olduqlarını” deyir;

 

- “Qarabağın gələcəyini Rusiyanın iştirakı olmadan təsəvvür etmədiyini” bildirir;

- Ermənistanın “Qarabağın təhlükəsizliyinin təminatçısı” olmadığına işarə edir;

 

Bakı-İrəvan danışıqlarının gündəliyi fonunda Araikin sözlərindən bəlli olur ki, Paşinyan ona “Ermənistanın əlindən heç nə gəlmədiyini” deyib və İrəvan Qarabağ məsələsindən imtina edir.
 

Mümkündür ki, Paşinyan Araikə onları yalnız rusların “xilas etmək” imkanının olduğunu izah edib, yaxud İrəvandan imtina cavabını alan separatçı-terrorçu rejim Moskvadan başqa gedəcəkləri qapı qalmadığını anlayır. Hər iki halda problem rusların masasına ötürülür.
 

Proseslərin inkişafına baxdıqda da Ermənistanın planının bu olduğu aydın görünürdü: problemin Bakı-Moskva xəttində transformasiyasını başa çatdırmaq, nəticənin necə olmasından – mənfi, yaxud müsbət – məsuliyyəti rusların üzərinə qoymaq.
 

Paşinyanla görüşdən sonra Araikin başının dəstəsi ilə Moskvaya səfər planlaşdırdığına dair məlumatlar da bu kontekstdə diqqət çəkir: separatçılar suallarına cavab tapmaq və rusların təminatını almaq istəyir, praktiki baxımdan nə qədər çətin görünsə də, ruslardan “müstəqilliklərini” tanımağı, yaxud Rusiyaya birləşməyə imkan yaratmalarını da istəyə bilərlər.
 

Bu oyunun İrəvan mətbəxində hazırlandığı da aydın görünür:
 

1. Ermənistan separatçıları Rusiyanın qucağına atmaqla yanaşı, qondarma “Bakı-Xankəndi” formatını da ön plana çıxarır və bununla rəsmi Bakının beynəlxalq birlik qarşısında açıqladığı “Qarabağdakı yaşayan ermənilərlə qeyri-formal danışıqların aparılması” işində separatçı-terrorçuları “tərəfə” çevirməyə çalışırlar;


“Bakı ilə danışıqlara hazır olduqlarını” bildirən Araikin qondarma “müstəqillikləri və öz müqəddəratını təyin etmə hüquqlarını” şübhə altına qoymadan etmək istədiklərini deməsi də buna hesablanıb;
 

2. Azərbaycan “qeyri-formal təmaslara” hazır olduğunu deyir, Ermənistan isə beynəlxalq birliyin bu “təmaslarda” separatçıların iştirakını qəbul etməsinə çalışır;


 Araikin açıqlaması fonunda “Qarabağdakı ermənilər Bakı ilə danışıqlara hazırdır, Azərbaycan onlarla təmas qurmalıdır” fikrini inkişaf etdirməyi planlaşdırırlar;


Bakı bunu qəbul etməsə, “Azərbaycan ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin etmir” iddiası üzərindən hərəkət edəcəklər.

Proseslər onu deməyə əsas verir ki, Xankəndi məsələsində həlledici məqam yetişib. Bakı təbii ki, Araik və dəstəsi ilə təmas qurmayacaq, lakin bu kartı sıradan çıxarmaq istiqamətində də addım atılmalıdır, xüsusilə ruslarla təmasların intensivləşməsinə qədər.

Asif Nərimanlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı