Modern.az

Britaniyanın yeni baş naziri KİM OLACAQ...

Britaniyanın yeni baş naziri KİM OLACAQ...

Analitika

22 Oktyabr 2022, 10:33

Liz Trassın istefasından sonra dünyanın diqqəti yenidən Böyük Britaniyaya yönəlib. Cəmi 45 gün hakimiyyətdə qalan Trass vəzifəsini layiqincə icra edə bilmədiyinə görə getmək qərarı verib. Onun gözlənilməz istefası ətrafında müxtəlif fikirlər səsləndirilir, Trassın postundan imtina etməsində maraqlı dairələrin rolunun olduğu iddia edilir. 

 

İndi əsas məsələ yeni Baş nazirin kimliyidir. Hazırda Britaniyanın siyasi elitası Baş nazir axtarışındadır. Siyasi kluarlarda Boris Consonun namizədliyi haqqında söhbətlər dolaşır. Keçmiş Baş nazir özü açıqlamasa da, ehtimal olunur ki, Trassın gedişindən sonra hakimiyyətə məhz Conson qayıdacaq. Onun əsas rəqibinin keçmiş maliyyə naziri Rişi Sunak olduğu bildirilir.

 

Deyilənə görə, Rişi Sunak ölkənin Baş naziri olmaq niyyətindədir. Yerli media bildirir ki, hakim Mühafizəkarlar Partiyasının 100-dən çox deputatı onun namizədliyini dəstəkləyir. Consona gəlincə, o, hələlik 67 deputatın dəstəyini alıb.

 

Consondan başqa, keçən ay liderlik yarışında Trassa məğlub olan Rişi Sunak, Penni Mordauntdan başqa Ben Uolles, Maykl Qove, Tom Tugendhat, Ceyms Kleverli, Kemi Badenok və keçmiş daxili işlər naziri Suella Bravermanın liderlik yarışında iştirak edə biləcəyi düşünülür.

 

Liz Trassın antirekordu...

 

 

Britaniyada cərəyan edən siyasi prosesləri Modern.az-a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, Liz Trass istefa verməyə məcbur qalıb. Bunun səbəbinə gəlincə, politoloq deyib:

 

“Onun tətbiq etdiyi anti-böhran proqramı vəziyyəti daha da gərginləşdirərək, funt-sterlinqin devalivasiyasını artırdı. Liz Trassın maliyyə nazirini dəyişdirməsi də vəziyyətə müsbət təsir göstərmədi. Bununla yanaşı, Mühafizəkarlar Partiyası daxilində Liz Trassı istməyənlərin olması hazırkı stiuasiyanı qaçılmaz etdi”.

 

İ.Vəlizadə sabiq Baş nazir Boris Consonun hakimiyyətə qayıdacağını istisna etmir:

 

“Mühafizəkarlar Partiyası daxilində Boris Consona müxalif olanlar az deyil. Buna səbəb onun əvvəllər partiya daxilində müəyyən problemlər yaşamasıdır. Bununla yanaşı, Boris Consonun Mühafizəkarlar Partiyası daxilində kifayət qədər nüfuzu olduğu da danılmaz faktdır. Yəni, onun geri qayıtmasını istəyənlər çoxdur. Belə demək mümkündürsə, Liz Trass və digər aparıcı siyasətçilər Consonun adamıdır. Ancaq Liz Trassın fiaskosundan sonra Consonun dayaqları zəifləyə bilər”

 

Politoloq vurğulayıb ki, Britaniyada Baş nazir postuna sabiq maliyyə naziri Rişi Sunak da iddialıdır:

 

“İndi Baş nazir postuna seçiləcək şəxslər arasında Sunakın da adı çəkilir. Çünki o, Trassla finala qaldığı seçkilərdə ikinci yeri tutmağı bacarıb. Onun seçilmək şansı yüksəkdir. Ancaq Rişi Sunak daha çox keçid fiqur kimi qiymətləndirilir. Yəni növbəti seçkilərə kimi hakimiyyətə gətirilməsi düşünülə bilər. Onun keçid fiqur kimi özünü necə doğruldacağını indidən demək mümkün deyil. Hələ ki Baş nazir postuna seçilməyə Rişi Sunak və Boris Consondan başqa elə də iddialı sima yoxdur. Ancaq seçki kampaniyasında yeni bir simanın üzə çıxmasının şahidi də ola bilərik”.

 

Qeyd edək ki, Parlamentin Aşağı Palatasının Mühafizəkarlar Partiyasından olan deputatları oktyabrın 24-ü saat 14:00-dək baş nazir postuna öz namizədlərini irəli sürəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır