Modern.az

Paşinyan topu Putinin qapısına vurub - ŞƏRH

Paşinyan topu Putinin qapısına vurub - ŞƏRH

28 Oktyabr 2022, 23:12

Rusiya prezidenti Vladimir Putin son çıxışında futbol termini ilə desək, Ermənistan müxalifətinə və Qarabağ separatçılarına pas atıb ki, onlar topu alıb Baş nazir Nikol Paşinyanın qapısına qol vursunlar.

 

Modern.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Putinin Ermənistan və Azərbaycan arasında sülh sazişinə dair fikirlərini şərh edərkən deyib.

 

Onun fikrincə, Rusiya liderinin çıxışı bir çox mətləblərdən irəli gəlir.

 

"Ancaq hər ikisinin - Ermənistan müxalifətinin və Qarabağ separatçılarının Paşinyana müqavimət göstərmək üçün taqəti qalmayıb. Ermənistan müxalifəti Putinin müraciətinin erməni xalqına ünvanladığını anlayıb, bu gün verdikləri açıqlamalar da bundan xəbər verir, ancaq Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaq gücləri yoxdur, çünki erməni cəmiyyətinin susqun çoxluğu da Paşinyan kimi Qarabağ yükündən qurtulmaq istəyir.

 

Paşinyanın Kremlə dirsək göstərməsinin nəticəsidir ki, Putinin ideologiyasını bölüşən Simonyanı, Miqranyanı və Zatulini Ermənistana girişinə qadağa qoyub, başqa sözlə Paşinyan topu Putinin qapısına vurub", - deyə Elxan Şahinoğlu vurğulayıb.

 

Xatırladaq ki, ötən gün “Valday” klubunun iclasına qatılan Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında danışıqlarda Qərbin vasitəçilik fəaliyyətinə münsibət bildirib. Rusiya lideri deyib ki, sülh müqaviləsinin Vaşinqton variantı Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur. Putin, həmçinin Ermənistana müraciət edərək, onları seçim etməyə çağırıb. 

 

"Biz sülh yolu ilə nizamlanmanın, o cümlədən sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq. İstənilən halda, hansı variant seçilsə, bu, sülhə gətirib çıxararsa, biz yalnız bunun tərəfdarı olacağıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını ehtiva edir. O zaman buyursunlar”, - Rusiya lideri Ermənistanda geniş müzakirələrə səbəb olan çıxışında deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi