Modern.az

Erməni diasporunun “dəfn” mərasimi - TƏHLİL

Erməni diasporunun “dəfn” mərasimi - TƏHLİL

Analitika

29 Oktyabr 2022, 11:02

Oktyabrın 28-də İrəvanda Ümumdünya Erməni Sammiti adlı tədbir öz işinə başlayıb. Bu ayın 31-dək davam edəcək sammit diaspor nümayəndələri və yerli erməni mütəxəssislərin ən aktual problemləri, eləcə də milli əhəmiyyətli strateji məsələlərin müzakirəsi üçün nəzərdə tutulub.

 

Görüş “Ümumdünya Erməni Sammiti” adlandırılsa da, bəzi tanınmış diaspor nümayəndələri sammitə dəvət edilməyib. Ermənistanın ən qocaman partiyası olan, xaricdə Azərbaycana qarşı təxribatlar törədən Daşnaksütyun nümayəndələri sammitə çağırılmayıb. Rusiya Erməniləri İttifaqı kimi böyük təşkilatlar da sammitə dəvət olunmayıb.

 

Bütün ermənilərin katolikosu II Qaregin isə görüşdə iştirak etməkdən imtina edib. Onun imtina səbəbi “ənənəvi ümumerməni təşkilatların və erməni milləti qarşısında mühüm xidmətləri olan şəxslərin daxil olmadığı iştirakçıların tərkibinə dair şübhələr” olub. Böyük Kilikiya Evinin katolikosu I Aram da sammitdə iştirak etmək istəməyib.

 

Ermənistanın növbəti fiaskosu kimi yadda qalacaq sammit göstərir ki, millətçilərdən ibarət erməni diasporu ilə hazırkı hökumət arasında münasibətlər kəskinləşib. Xüsusilə Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi, Ermənistanın ağır məğlubiyyətə uğramasından sonra erməni diasporu çətin vəziyyətə düşüb. Onlar məğlubiyyətə görə Ermənistan hökumətini və şəxsən baş nazir Nikol Paşinyanı ittiham edirlər.

 

Məlumat üçün bildirək ki, dünyada təxminən 7 milyon nəfərdən ibarət olduğu hesab edilən erməni diasporu ənənəvi olaraq milli məsələlərlə maraqlanıb. Onların 1915-ci il hadisələrinə görə Türkiyəyə qarşı xüsusi nifrəti heç kimə sirr deyil. Erməni diasporu Vətən müharibəsindən sonra Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyinə qarşı çıxıb. Müharibədəki məğlubiyyətdən hələ də sarsıntı keçirən bir çox ermənilər münasibətlərin normallaşmasını “milli maraqlarının satılması” kimi qələmə verir.

 

Diaspor mediası və sosial media normallaşma proseslərinə qarşı qəzəbli ritorika ilə doludur və Ermənistan İnqilabi Federasiyası - Daşnaksütyun kimi diaspor siyasi təşkilatları Ermənistan hökumətinə qarşı etiraz aksiyaları təşkil edib. ABŞ-dakı ən böyük erməni diaspor lobbi təşkilatı, Daşnaksütyun ilə güclü əlaqələri olan, lakin ənənəvi olaraq Ermənistanın daxili siyasətindən kənarda qalmağa çalışan Amerika Erməni Milli Komitəsi (ANCA) açıq şəkildə baş nazir Nikol Paşinyanın əleyhinə siyasət aparır. May ayında verdiyi müsahibədə Ermənistanın diaspor komissarı Zareh Sinanyan Daşnaksütyunun Paşinyana qarşı çıxmasını “vətənə xəyanət” adlandırıb.

 

Əslində erməni diasporu monolit deyil, onların siyasi baxışlarında və proseslərdə iştirak səviyyələrində ciddi fərqlər var. Bu fərqlər daha çox Osmanlıdan və Sovet İttidaqının dağılmasından sonra ölkədən gedən ermənilər arasında daha çox hiss olunur. Məsələn, ABŞ-da yaşayan məşhur erməni rok ulduzu Serj Tankyan Paşinyanı və danışıqlar prosesini müdafiə edib və nəticədə satqın damğası ilə üzləşib.

 

Artıq qeyd etdiyimiz kimi, 2020-ci il müharibəsi diasporla Ermənistan arasında münasibətlərdə dönüş nöqtəsi olub. Diaspor Paşinyan hökumətini xəyanətkar adlandırsa da, Ermənistandakı sadə vətəndaşlar həddindən artıq güclü hesab etdikləri diasporun proseslərə müdaxilə edə bilməməsindən məyus olub və “güclü erməni diasporu” mifi dağılıb.

 

İrəvanda yerləşən Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Benyamin Poğosyanın bu barədə etirafı maraqlıdır: “Həmişə belə bir müqayisə aparılıb ki, “onların nefti var, bizim diasporumuz var”. Amma diaspor müharibənin qarşısını ala bilmədi. Bu, həm də diasporda çaşqınlıq yaratdı. Onlar indi belə deyirlər: “Biz 20-25 ildir təhlükəsizliyin təmin olunacağına ümid edərək Ermənistana pul göndəririk, amma Qarabağı itirdik”.

 

Müharibə diasporu gücləndirsə də (bu təbii proses idi, onlar müharibəyə görə daha çox təşkilatlanmaq məcburiyyətində idilər), məğlubiyyət, sonrakı ümidsizlik və siyasi böhran bir çox diaspor ermənisinin Ermənistan və region siyasətindən uzaqlaşmasına gətirib çıxarıb.

 

Ümumiyyətlə, İrəvanın siyasi qərarlarına, xüsusən də Türkiyəyə münasibətdə diasporun böyük təsirə malik olması ilə bağlı fikirlərin əksəriyyəti şişirtmədir. Diaspor erməniləri xarici ölkələrdə güclü ictimai etirazlar edə bilərlər, lakin onların Ermənistanın indiki hökumətinə real siyasi təsiri minimaldır.

 

Qayıdaq, “Ümumdünya Erməni Sammiti” adlı hələ də məramı bəlli olmayan görüşə…

 

Paşinyan hakimiyyətə gəldikdən sonra radikal millətçi diasporun ona təsir edə biləcəyindən narahat idi. O, Diaspora Nazirliyini ləğv etdi və 2019-cu ildə Diasporla İş üzrə Baş Komissar adlı vəzifəyə yaratdı. Bu vəzifəyə təyin olunan Zareh Sinanyanın diasporla əlaqəsi demək olar ki, sıfır idi. Ona hökumətdə vəzifə verilməsinin yeganə səbəbi 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyini dəstəkləməsi olub.

 

Ancaq COVID pandemiyası və məğlubiyyətin ardından Ermənistanın iqtisadi vəziyyəti acınacaqlı hal alıb. Ukraynadakı müharibəyə görə iqtisadi göstəricilərdə müəyyən artım olsa da, müstəqil iqtisadçı ekspertlər bu artımın müvəqqəti olduğunu bildirirlər. Çünki, müharibəyə, xüsusilə səfərbərliyə görə Ermənistana çoxlu sayda Rusiya vətəndaşı gəlib. Ekspertlər deyir ki, onlar müharibədən sonra, bəlkə müharibə bitmədən öz ölkələrinə geri qayıdacaqlar və Ermənistanı dərin iqtisadi problemlərlə baş-başqa qoyacaqlar.

 

Paşinyanın Sinanyandan “Ümumdünya Erməni Sammiti” adlı görüş təşkil etməsini istəməsinin əsas səbəblərindən biri diaspordakı imkanlı erməniləri Ermənistana investisiya yatırmağa təşviq etməkdir. Eyni zamanda, Paşinyan Azərbaycanla ehtimal olunan sülh sazişi üçün xaricdə legitimlik qazanmağı güdür. Necə deyərlər, “bir daşla iki quş”.

 

Ancaq, görünür, Paşinyan məqsədlərinə çata bilməyəcək. Artıq qeyd etdiyimiz ki, sammitə erməni diasporunun önəmli simaları dəvət edilməyib və görüş başlamadan uğursuzluqla nəticələnib.

 

“The California Courier” nəşrinin baş redaktoru Harut Sasunyanın dediyi kimi, “Ümumdünya erməni sammiti” erməni diasporunu birləşdirə bilməyib, əksinə onsuz da gücsüz olan ermənilər arasında parçalanmanı daha da dərinləşdirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı