Modern.az

Paşinyan topu təkrar Putinin meydançasına qaytardı - ŞƏRH

Paşinyan topu təkrar Putinin meydançasına qaytardı - ŞƏRH

Analitika

29 Oktyabr 2022, 22:28

“Putinin Valday açıqlamalarından sonra Paşinyanın bugünkü çıxışından da yeni məlumatlar öyrəndik. Məlum olur ki, Rusiya tərəfindən irəli sürülmüş 15 maddəlik plan var və Ermənistan sentyabr ayında buna razılıq verib. Araik Arutunyanın dediklərindən anlayırıq ki, Rusiyanın təklifləri problemin qəti həllini ehtiva etmir, lakin “Arsaxın təhlükəsizliyinin təmin olunması və onun gələcəyinin şübhə altına alınmaması ilə bağlı minimal kriteriyalara uyğundur””.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 29-dakı açıqlamalarını şərh edən siyasi təhlilçi Şahin Cəfərli deyib.
 

“Paşinyan və Arutunyanın sözlərindən anaşılır ki, Rusiyanın təklifləri arasında sülhməramlı kontingentin Qarabağda qalma müddətinin uzadılması da yer alır. Paşinyan 10-20 illik dövrdən, Arutunyan isə müddətsiz uzadılmadan bəhs edir”.

Siyasi təhlilçinin sözlərinə görə, Paşinyan “mən bu sənədi imzalamağa hazıram, təklif edirəm ki, Rusiya prezidenti bunu gündəmə gətirsin, lazımdırsa, mən gündəmə gətirim və Rusiya prezidenti dəstəkləsin” deməklə topu təkrar Putinin meydançasına qaytarmış oldu.

“Çünki Putin üzünü birbaşa erməni xalqına tutaraq Ermənistan hökumətinin Azərbaycanın Qarabağ üzərində suverenliyini nəzərdə tutan “Vaşinqton variantı”na razılaşdığını işarə etmişdi. Putinin niyyəti xalqı Paşinyanın üstünə qaldırmaq və müxalifətin əlini gücləndirmək idi. Gücləndirdi də. Onun bəyanatından sonra erməni müxalifəti arasında ruh yüksəkliyi müşahidə olunur.

 

Paşinyan belə bir atmosferdə əks gediş edərək nəzərə çatdırdı ki, Rusiya öz təkliflərinin arxasında dayanırsa, masaya gətirsin və o, bunu imzalamağa hazırdır. Bununla Paşinyan 1 güllə ilə 2 dovşan vurmuş olur: bir tərəfdən Putinin açıqlamalarından sonra Ermənistan və ermənilər içərisində ona yönəlmiş oxları özündən yayındırır; digər tərəfdən isə Putinə öz təkliflərini masaya qoymasını təklif etməklə, Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmağa hesablanmış gediş edir, çünki Moskva planı, belə görünür ki, Azərbaycan üçün qabuolunmazdır”.
 

Ş.Cəfərli deyib ki, ümumilikdə Nikol Paşinyanın bu gün sərgilədiyi mövqe Azərbaycanla olan problemlərin uzunmüddətli həlli baxımından strateji bir yanaşma deyil, daha çox özünü qorumağa, məsuliyyəti üzərindən atmağa yönəlmiş dar bir baxış bucağıdır.

“Azərbaycanın ötən aylarda Rusiyanın qeyri-rəsmi razılığı (göz yumması) ilə sərhəddə Ermənistan üzərindəki hərbi təzyiqləri də vizyoner siyasət deyildi və Moskvanın maraqlarına uyğun idi.

 

Nə qədər ki, tərəflər müəyyən taktiki üstünlüklər naminə imperialist mərkəzə daha yaxın olmaq, onun dəstəyini almaq uğrunda bir-biri ilə yarışacaq, problemin qəti çözümü mümkün olmayacaq və Moskva bəzən bir tərəfə, bəzən digər tərəfə kömək etməklə bu düşmənçiliyi uzadıb, bölgədə qalacaq. Daimi sülhə aparan yol iki tərəfin də soyuq strateji yanaşma nümayiş etdirib, qarşılıqlı anlaşmasından və Moskvanı bu bölgədən uzaqlaşdırmasından keçir. İndi belə bir fürsət yaranıb. Bu fürsət qaçırılsa, hər iki tərəf də itirəcək və düşmənçilik yenə sonrakı nəsillərə ötürülmüş olacaq...”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi