Modern.az

Dünyanı heyrətə gətirən “Dəmir yumruq” əməliyyatının SİRRİ

Dünyanı heyrətə gətirən “Dəmir yumruq” əməliyyatının SİRRİ

Analitika

8 Noyabr 2022, 13:46

"Xankəndidə olan ermənilər təkzib etsə də, noyabrın 6-sı Şuşa uğrunda gedən döyüş Azərbaycanın xeyrinə bitib. Artıq döyüşlər yüngül silah məsafəsində aparılır. Şuşadan yaralı gətirilən erməni əsgər deyir: “Azərbaycanlılar Şuşaya çatıblar. Şəhər döyüşləri gedir, “Kalaşnikov”larla vuruşuruq”.... Xankəndidə Azərbaycan xüsusi təyinatlılarının divarlara, qayalara dırmaşması, meşələrdən sızması barədə xəbərlər yayılıb".

 

Fransanın nüfuzlu “Le monde” qəzeti iki il öncə Azərbaycan Ordusunun Şuşa şəhərində göstərdiyi şücaəti belə təsvir edirdi.

 

...Ermənistan silahlı qüvvələrinin keçmiş “cəbhə xəttində” təxribat törətməsi Azərbaycanı 27 sentyabr 2020-ci il tarixində “Dəmir yumruq” kod adı ilə əks-hücum əməliyyatına başlamağa sövq etdi. Azərbaycan hərbçilərinin Vətən müharibəsində istifadə etdiyi taktika və strategiya dünya hərb tarixində yeni mərhələnin əsasını qoydu. İkinci Qarabağ müharibəsi XXI əsrin texnologiya və taktikalarından istifadə edən müasir ordunun Sovet dövründən qalma silahlarla təchiz olunan işğalçı ordu üzərində qələbə qazanması ilə nəticələndi.

 

Xarici ekspertlər müharibədə Azərbaycanın təcrübəsini təhlil edərək gələcək savaşların mahiyyəti barədə fikirlər irəli sürürlər. Artıq bir çox tədqiqatçılar Qarabağ müharibəsindən sonra tankların döyüş meydanında öz dövrlərini başa vurduqlarını deyirlər. Xüsusilə də diqqətə çatdırılır ki, müharibə zamanı Azərbaycan Ordusu Türkiyə və İsrail istehsalı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək Ermənistana məxsus yüzlərlə tankı və digər zirehli texnikaları məhv edib.  

 

Müharibənin ilk günlərində əsas məqsəd Ermənistan ordusunun hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq olub. Çünki bu sistemlər Azərbaycanın qırıcı və PUA-larının aşkarlanması və vurulmasında mühüm rol oynaya bilərdi. İlk həmlə ilə düşmənin hava hücumları zərərsizləşdirildi.  Ardınca Azərbaycan Ordusu düşmənin hava hücumundan müdafiə sistemlərinin aşkar edilməsi üçün unikal üsuldan istifadə etdi ki, bu da dünyanın aparıcı ölkələrini təmsil edən hərbi mütəxəssisləri heyrətə gətirdi.

 

İlk dəfə 1947-ci ildə keçmiş SSRİ-də istehsal olunan və əsasən kənd təsərrüfatında istifadə edilən AN-2 təyyarələri pilotsuz uçuşlar həyata keçirərək düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini aşkarladılar. Düşmən həqiqi təyyarə hesab edərək onlara atəş açdı və bununla da onların yerləri asanlıqla müəyyən edildi. Aşkara çıxarılan düşmən sistemləri PUA-lar vasitəsilə sıradan çıxarıldı. Daha sonra Azərbaycanın qırıcıları və PUA-lar sərbəst hərəkət edərək erməni hərbçilərinin gizləndikləri mövqelərə ölümcül zərbələr endirməklə, ordumuza böyük üstünlük qazandırdılar. 

 

Ümumilikdə deyə bilərik ki, Azərbaycan Ordusunun 44 günlük müharibədə tətbiq etdiyi döyüş strategiyası hərb tarixində inqilab hesab edilir və ilk dəfə Qarabağda sınaqdan keçirilən taktika dünyanın nüfuzlu hərbi mərkəzləri tərəfindən nadir nümunə kimi dəyərləndirilir.

 

Müharibədən sonra Türkiyənin “Bayraktar TB2” PUA-larının satışında rekord qeydə alındı. Bir çox ölkə Azərbaycanın təcrübəsindən həvəslənərək, bu silahlardan sifariş etməyə maraq göstərdi. Eyni zamanda, əksər ölkələr öz PUA-larını istehsal etməyə başladı. Beləliklə, qlobal silah bazarında PUA satışı üzrə yeni bir dönəmə qədəm qoyuldu.

 

Müşahidələr göstərir ki, PUA-larla müharibə daha sərfəli və həm də təhlükəsizdir. Döyüş təyyarələri ilə müqayisədə daha ucuz olan PUA-lar müharibənin xərclərini aşağı salır. İkincisi, hər bir ordunun daxilində pilotlar ən vacib hərbçilər hesab edilir. Pilotların yetişməsi uzun müddət və çoxlu vəsait tələb edir. Ona görə də PUA-lar pilotların həyatını xilas etmək üçün alternativ silahlar hesab edilir.

 

Bundan əlavə, qeydə edə bilərik ki, Azərbaycan informasiya müharibəsində də böyük üstünlük qazandı. PUA-lar informasiya müharibəsində çox böyük rol oynadılar. Bu silahların yüksək keyfiyyətli kameraları ilə çəkilən videolar ermənilərin yanalarını ifşa edərək, savaşın gerçək üzünü ortaya qoydu. Lentə alınan görüntülər informasiya müharibəsində əsas silah kimi istifadə olunurdu ki, bu da qarşı tərəfdə ruh düşkünlüyü yaratmışdı. Ordularının bir zərbə ilə necə darmadağın olduğunu görən ermənilər hakimiyyətin onlara verdiyi "qələbə" vədlərini rədd edərək, döyüşdən yayınırdılar. PUA qorxusu düşmənin canına elə hopmuşdu ki, 10 mindən çox erməni ölümdən xilas yolunu fərarilikdə gördü.

 

Ümumilikdə isə dünya hərb tarixinə həkk olunmuş 44 günlük Vətən Müharibəsi Azərbaycan siyasi rəhbərliyinin iradəsini, Silahlı Qüvvələrin hərbi gücünü beynəlxalq aləmdə sübut etdi. Etiraf edək ki, Ermənistan ordusu zəif deyildi, kifayət qədər silah-sursatla təmin olunmuşdular, sadəcə olaraq, siyasi və hərbi rəhbərliyin iddialarını təmin edə bilmirdi. Əsas psixoloji məqam isə ondan ibarət idi ki, Azərbaycan Ordusu tarixi torpaqlarını azad etməyə, erməni hərbçilər isə Qarabağ uğrunda ölməməyə çalışırdı. Bu fərq müharibənin taleyini həll edən əsas amil idi. 

 

Azərbaycan Silahlı Qüvvələri bəzi ekspertlərin dediyi kimi zəif ordunu yox, illərlə müharibəyə hazırlaşan və xarici himayədarlardan dəstək alan ordunu məğlub edib. Bu gün qeyd etdiyimiz Zəfər heç də asan əldə olunmayıb. Qarabağ torpağının hər qarışında şəhidlər verməklə, sıldırım qayaları, keçilməz yolları aşmaqla Zəfər qazana bilmişik. Təbii ki, müharibədə silah-sursat, hərbi texnikalar böyük üstünlük qazandırır, lakin ordunun döyüş ruhu olmadan uğur qazanmaq mümkün deyil.

 

Ermənilərdən fərqli olaraq, Azərbaycan Ordusu həm müasir silahlarla təmin olunmuş, həm də qələbə ruhuna bürünərək Ali Baş Komandanın "dəmir yumruğu" ətrafında birləşmişdi. Dünya tarixinə həkk olunmuş möhtəşəm Zəfərimizin sirri də məhz budur. 

 

Şübhə yox ki, bir çox spesifik xüsusiyyətləri ilə seçilən “Dəmir yumruq” əməliyyatı yaxın gələcəkdə və hətta uzunmüddətli perspektivdə bir çox araşdırmaların əsas mövzusu olacaq, tədqiqatçı və mütəxəssislərin diqqətini cəlb edəcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər