Modern.az

Paşinyanın son ümidləri puça çıxdı - NÖVBƏTİ FİASKO

Paşinyanın son ümidləri puça çıxdı - NÖVBƏTİ FİASKO

26 Noyabr 2022, 10:30

Noyabrın 23-də Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlət başçılarının zirvə görüşü keçirilib. Liderlərin sammiti Ermənistan üçün vacib olsa da, İrəvan müzakirələrin sonunda istədiyini ala bilməyib.

Ermənistanın baş naziri Nikol Paşinyan təşkilatı Azərbaycan əleyhinə istiqamətləndirməyə çalışsa da, KTMT ölkələrinin müqaviməti ilə qarşılaşıb və nəticədə təxribat planları alınmayıb. Sammit iştirakçılarının Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirməsindən qəzəblənən Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib. O, hazırkı durumda belə bir sənədi imzalamağa hazır olmadığını söyləyib.

Ermənistanın KTMT-dəki fiaskosundan sonra bu ölkənin təşkilatdan çıxması məsələsi yenidən gündəmə gəlib. 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, İrəvan toplantısında Paşinyanın ümidləri puça çıxıb:

 

"Ermənistan hakimiyyəti, şəxsən Nikol Paşinyan özü KTMT-nin budəfəki görüşünə və görüş zamanı imzalanacaq bəyannaməyə çox böyük ümid bəsləyirdi. Paşinyan hesab edirdi ki, təşkilatdan Azərbaycana təsir mexanizmi kimi istifadə etməyə nail olacaq. O, Putinlə görüşdən dərhal sonra dedi ki, Azərbaycanın Ermənistana "aqressiv hərəkətlərinə" hüquqi və siyasi qiymət gözləyir. Paşinyan bununla guya Ermənistan dövlətinin maraqlarını qorumağa çalışırdı. Məhz bu bəyannamə həm də şəxsən onun ehtiyat kəməridir. KTMT ölkələrinin rəhbərləri gəlməmiş İrəvan qaynayırdı. Rusiyanı sevməyən, Qərbyönümlü qüvvələr meydanlara axışmışdı. Onlar düşünürlər ki, Rusiya Ermənistanın düşmənidir. Guya Rusiya Azərbaycanın Ermənistana hücumunun qarşısının alınmasına maneə olub. Bütün bunları və özünün birilliyə sədrlik müddətinin sona yetdiyini nəzərə alan Paşinyan final mərhələsini yüksək səviyədə bitirmək istəyirdi. Ancaq KTMT-yə üzv dövlətlərin rəhbərləri ayrı-ayrılıqda Ermənistana bu məsələdə mənfi reaksiya verib. Belarus Prezidenti Aleksandr Lukaşenko şəxsən ona deyib ki, bizi Azərbaycanla üz-üzə qoymayın. Burada, həqiqətən də, böyük paradoks var. Paradoks ondan ibarətdir ki, Ermənistandan başqa digər bütün KTMT ölkələri Azərbaycanın dostlarıdır".

Politoloq hesab edir ki, KTMT ölkələri də Ermənistanı günahkar sayır və İrəvanın təxribatçı mövqeyini dəstəkləmir:

"Prezident İlham Əliyev vaxtilə bütün manevrləri yerli-yerində edib. Bu manevrlər sayəsində KTMT ölkələrinin rəhbərlərinə, elə Putinin özünə bölgədə nə baş verdiyi çatdırılıb. Onlara yaranmış vəziyyətin səbəbkarı göstərilib. Ermənistan özü təcavüzkar ola-ola Azərbaycanı təcavüzkar kimi qələmə vermək istəyirdi. KTMT-nin bəyannaməsində öz istəklərinə nail olmaqla, sonrakı mərhələdə məsələyə hüquqi qiymət alacaqdı. Ancaq Paşinyan öz gedişlərində yanıldı. İstəyinə nail ola bilmədi. Beləliklə, bir daha Ermənistan və Paşinyan hakimiyyətinin siyasətinin iflasa uğramasının şahidi olduq. Bundan sonra Paşinyan hökumətinin dayaqları daha da zəifləyəcək. Ona görə ki, Paşinyan öz təcavüzkar siyasətinə dəstək tapa bilmədi. KTMT təşkilat olaraq Ermənistanın özünü günahkar sayır. Təşkilata üzv olan bütün ölkələr Azərbaycanın yanındadır".

 

T.Abbasov Ermənistanın KTMT-dən çıxmaq məsələsində də münasibət bildirib:

"Ermənistandakı qərbyönümlü siyasətçilər, qruplar, ictimai birliklər KTMT-ni istəmir. Guya KTMT onlara ayrı-ayrı ölkələrdən silah almağa maneə olur. Ermənistan tərəfi yenə yalan danışır. Bu gün Hindistan və Fransa Ermənistana silah vermək üçün canfəşanlıq edir. Əslində, bu fikirdə olanlar düşünür ki, ölkənin siyasi vektoru dəyişməlidir. Yəni ölkə Şərqdən Qərbə istiqamətlənməlidir. Bununla da, Fransa onlara yardım edəcək. Beləliklə, Ermənistan ayrı-ayrı ölkələrdən silahlar ala biləcək. Eyni zamanda guya Ermənistan bununla Azərbaycana qarşı siyasi üstünlüyü ələ keçirəcək. Məhz bu düşüncələr xülyadan ibarətdir. Qərbyönümlü siyasətçilər bununla cəmiyyəti sakitləşdirmək istəyirlər. Onlar elə bir mənzərə yaradırlar ki, guya hansısa sahədə Azərbaycanı məğlub edə bilərlər".

Ermənistanın müharibədən sonra silahlanmasından söz açan T.Abbasov Azərbaycanın da yerində saymadığını vurğulayıb. Bildirib ki, Azərbaycan istənilən təxribatın qarşısını almağa qadirdir:

"Düzdür, Ermənistan silahlanır. Ancaq biz də yerimizdə saymırıq. Bizim silahlarımız Ermənistandan qat-qat müasir və güclüdür. Çünki bizdə söhbət silahlanmadan getmir. Bizdə söhbət müdafiə sənayesinin gücləndirilməsindən, ordu quruculuğundan gedir. Xaricdən, xüsusilə də, Ermənistandan təhdidin olması səbəbiylə biz bu prosesi dayandırmayacağıq. Ermənistanın xaricə ümid bağlaması onu xilas etməyəcək. Onlar sadəcə vaxt itirirlər. Lukaşenko nahaq yerə demirdi ki, "Nikol Paşinyan, get İlham Əliyevlə danış, biz sənə bu məsələdə kömək edəcəyik". Onlar bu çağırışa müsbət cavab verməkdənsə, silahlanmağa yönəlir. Bununla, guya revanşist hərəkət edəcəklər. Ancaq revanş baş tutmayacaq. İndiki dövrdə mövcud olan vəziyyəti heç vaxt öz xeyirlərinə dəyişə bilməyəcəklər. Ona görə ki, Azərbaycanın mövqeyi daha da güclənir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır