Modern.az

Türkiyəni nələr gözləyir: Ərdoğan, müxalifət və Qərbin “toqquşması” - TƏHLİL

Türkiyəni nələr gözləyir: Ərdoğan, müxalifət və Qərbin “toqquşması” - TƏHLİL

Analitika

28 Noyabr 2022, 12:08

Türkiyədə gələn ilin yayında prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Əgər seçkilərin təkrarlanması və ya növbədənkənar seçki keçirilməsi kimi müzakirə olunan variantlar baş verməzsə, seçki günü 18 iyun 2023-cü ilə təsadüf edəcək.

 

Hələ rəsmi təbliğat-təşviqat dövrünün başlanmasına, seçkilərlə bağlı açıq rəqabət prosesinə, namizədlərin qeydə alınmasına start verilməsinə xeyli müddət var. Lakin artıq indidən seçki ilə bağlı qızğın müzakirələrin, gərgin rəqabətin və müxtəlif seçki strategiyalarının tətbiq edilməsinin şahidi oluruq.

 

Əvvəlcə xatırladaq ki, 1920-ci ilin 23 aprel tarixində Qurtuluş savaşının gedişində, cümhuriyyətin elanından 3 il əvvəl yaradılmış Türkiyə Böyük Millət Məclisi (TBMM) – parlament tərəfindən idarə olunan ölkədə 2017-ci ildə keçirilmiş referendum nəticəsində parlament respublikası üsul-idarəsi prezidentli respublika sistemi ilə əvəzlənib. Prezidentin qanunverici orqan tərəfindən yox, xalq tərəfindən seçilməsi isə 2014-cü ildən gerçəkləşdirilir. Qardaş ölkədə sonuncu dəfə prezident seçkiləri 2018-ci ildə keçirilmişdi. Beləliklə, qarşıdakı seçkilər çağdaş Türkiyə tarixində 3-cü prezident seçkiləri olacaq.

 

Həm 2014, həm də 2018 seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğanın növbəti seçkilərdə namizəd olması üçün konstitusion məhdudiyyətlər mövcuddur. Belə ki, hazırda qüvvədə olan Türkiyə konstitusiyası bir şəxsin 2 dəfədən çox ölkə başçısı olmasına imkan vermir. Lakin bu məhdudiyyətin aradan qaldırılması üçün referendum, seçkilərin təkrarlanması kimi vasitələr mövcuddur ki, Türkiyə müxalifətinin müxtəlif kəsimləri, bir çox müstəqil təhlilçilər 3 noyabr 2002-ci il seçkilərindən bəri hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi - prezident Ərdoğanın məhz bu vasitələrdən istifadə edərək yenidən seçkilərə qatılacağını əminliklə ifadə edirlər. Hazırkı prezidentin son zamanlar müxtəlif çıxışlarında və müsahibələrində seçki mövzusunda verdiyi mesajlar bu ehtimalı gücləndirir. Türkiyə prezidentinin “Qələbəmizin qarşısı heç bir qüvvə ala bilməz” ifadəsi isə onun növbəti dəfə dövlət başçısı postu uğrunda ciddi mübarizə aparacağından xəbər verir. 

 

Bəs Ərdoğan yenidən seçkilərə qatılacağı təqdirdə yenə qalib gələ biləcəkmi?

 

Bunun üçün Türkiyə daxilindəki siyasi vəziyyəti, həmçinin beynəlxalq müstəvidə xarici aktorların mövqelərini nəzərdən keçirməkdə fayda var.

 

Əvvəlcə, Ərdoğanın ehtimal olunan rəqiblərinə diqqət yetirək. Seçki ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri məhz müxalifətin namizədi məsələsidir. Hazırda 6 müxalifət partiyasının birləşdiyi “Altılı masa”da Kamal Kılıçdaroğlunun sədrlik etdiyi Cümhuriyyət Xalq Partiyası (CHP), Meral Akşenerin sədrlik etdiyi İyi Partiya (İYİ), Temel Karamollaoğlunun sədrlik etdiyi Səadət Partiyası (SP) və Gültekin Uysalın sədrlik etdiyi Demokrat Partiyası (DP), həmçinin AKP-dən istefa verib yeni partiyalar yaradan keçmiş baş nazir Ahmet Davutoğlunun Gələcək Partiyası və sabiq xarici işlər və iqtisadiyyat naziri olmuş Ali Babacanın Demokratiya və Atılım Partiyası (DEVA) təmsil olunur.

 

“Altılı masa”nın seçkilərə vahid namizədlə gedəcəyi gözlənilir. İttifaqa daxil olan partiya sədrlərinin müxtəlif açıqlamaları, müsahibələr zamanı bu mövzudakı suallara verdikləri cavablar gözləntini gücləndirir və demək olar ki, vahid namizədin olacağı artıq şübhə doğurmur. Xüsusən, 2018-ci il prezident seçkilərində “Millət İttifaqı”nın bir neçə namizədlə seçkilərə qatılaraq Ərdoğanın səslərin 50 faizindən çoxunu toplamasının əngəllənməsi və ikinci turda vahid namizədin xalq tərəfindən müəyyən olunması strategiyasının AKP-nin ilk turda qələbə qazanması ilə uğursuz olduğunu nəzərə alsaq, bu amil seçkilərdə fərqli planın tətbiq olunmasını qaçılmaz edir.

 

 

İndi əsas məsələ sol, sağ, millətçi və mühafizəkar qüvvələrin konsolidasiyası nəticəsində formalaşmış ittifaqın vahid namizədinin kimliyi məsələsidir. Ən çox müzakirə olunan adlar arasında CHP lideri Kemal Kılıçdaroğlu, İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyəsinin sədri Mansur Yavaş ön sıradadır. İYİ Partiyanın lideri Meral Akşenerin namizədliyi də ilk dövrlərdə geniş müzakirə olunsa da, o, namizəd olmayacağını açıqlayıb.

 

Təbii ki, ekspertlər bu variantı tam istisna etmirlər. Namizədin açıqlanmasını rəsmi seçki prosesinin elan edilməsi dövrünə saxlayan “Altılı masa”nın ehtimal olunan namizədləri ilə bağlı rəy sorğularında müxtəlif ssenarilər və səs faizləri ortalığa çıxır. Bəzi təhlilçilər isə namizədlərin zəif tərəflərinə də diqqəti cəlb etməyə çalışırlar.

 

Məsələn, Kemal Kılıçdaroğlunun sol təmayüllü siyasi cərəyandan gəlməsini və onun sağ mənşəli mühafizəkar Anadolu seçicilərindən, həmçinin məzhəb faktoruna görə geniş dəstək ala bilməyəcəyini vurğulayırlar. Mansur Yavaşın isə millətçi-ülkücü keçmişinə görə, Cənub-şərqi Anadoludan və hər seçkidə ortalama 10 faiz ətrafında səs toplayan Xalqların Demokratik Partiyasının (HDP) elektoratından səs ala bilməyəcəyi qabardılır.

 

“Altılı masa”ya daxil olmayan müxalifət partiyaları arasında isə CHP-dən qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce və İYİ Partiyadan ayrılıb yeni siyasi partiya yaradan, suriyalı qaçqınlara qarşı mövqeyi birmənalı qarşılanmayan Zəfər Partiyasının sədri Ümit Özdağ diqqət çəkir. İnce növbəti seçkilərdə namizəd olacağına eyham vursa da, ötən seçkidəki uğursuzluq və söykəndiyi əsas elektoratı CHP-dən yeni partiyasına cəlb edə bilməməsi onun yüksək reytinqli siyasətçi olmasını əngəlləyir. Populist çıxışları ilə yadda qalan Ümit Özdağ isə iqtidardan daha çox müxalifətə qarşı ritorikasına görə tənqid edilir və bir çoxları tərəfindən “həqiqi müxalifət” hesab edilmir. O, namizəd olacağını açıqlamasa da, birtərəfli qaydada Mansur Yavaşın namizədliyini təklif edib və Anakara bələdiyyəsinin sədrinin namizəd olmayacağı təqdirdə başqa namizədlə seçkilərə qatılacaqlarını açıqlayıb.

 

Həmçinin solçu siyasi qüvvələrin 2 ittifaqı (onlardan biri HDP ətrafında toplanıb), Necmettin Erbakanın oğlu Fatih Erbakanın Səadət Partiyasından ayrılaraq yaratdığı Yenidən Rifah Partiyası və bir sıra marjinal, kiçik siyasi partiyalar da var ki, onların prezident seçkiləri ilə bağlı tam olaraq necə addımlar atacaqları hələlik bəlli deyil.

 

Bu məqamda xatırladaq ki, Ərdoğanın namizədliyi “Cümhur İttifaqı”na daxil olan Milliyyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Türkiyə siyasətində rusiyapərəst mövqeyi ilə tanınan Doğu Perinçekin sol təmayüllü Vətən Partiyası tərəfindən dəstəklənir.

 

Müxtəlif rəy sorğularında, seçki ilə bağlı sosioloji testlərdə müxtəlif nəticələr əldə olunsa da, əsasən “Cümhur İttifaqı” və “Altılı masa”nın bir-birinə çox yaxın səslər topladığı, yekun nəticələr barədə kilid rolun qərarsız seçicilərin və HDP elektoratının oynayacağı ssenarilər ciddi qəbul olunmaqdadır. Bəzi təhlilçilər son illərdə Türkiyədəki sosial-iqtisadi problemlərin müxalifətin qələbəsini şərtləndirdiyini qeyd edirlər.

 

Xarici faktorlara gəlincə, bu mövzuda istər akademik səviyyədə siyasi elmlə məşğul olan ekspertlər arasında, istərsə də jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri və siyasi qüvvələr arasında kəskin fikir ayrılıqları mövcuddur.

 

Bir çox təhlilçilər Ərdoğanın seçilməsinin Qərbdəki siyasi güclər tərəfindən istənmədiyini, ölkədəki sosial-iqtisadi problemlərin də məhz imperialist qüvvələr tərəfindən qəsdən yaradıldığını, Türkiyənin “iqtisadi qurtuluş savaşında” olduğunu iddia edirlər. Əks ideoloji qütbdə olanlar isə Ərdoğanın antiqərb ritorikasını tənqid edir, son illərdə Türkiyənin Rusiyaya həddindən çox yaxınlaşdığını, Avropa Birliyinə üzv olmağa namizəd ölkənin Şanxay Əməkdaşlq Təşkilatının toplantılarına qatılmasını, NATO-nun ən böyük ordularından birinə sahib olan Türkiyənin İkinci Dünya müharibəsinin sonundan bəri davam edən ənənəvi qərbyönümlü xarici siyasətinin davam etməli olduğunu müdafiə edirlər. Digər bir yanaşma isə həm Qərb əleyhdarı, həm də müxalif olan siyasi kəsimə aiddir. Belə ki, AKP hökumətinin Türkiyəni zəiflətdiyini, Qərbin Türkiyənin zəif qalmasını istədiyi üçün məhz Ərdoğanın hakimiyyətdə qalmasını arzuladığı iddia edilir.

 

Azərbaycanda da həm Ərdoğanın qələbəsini arzulayan, həm də müxalifətin növbəti seçkilərdə hakimiyyətə gəlməsini istəyənlər var. Xüsusilə, 44 günlük Vətən müharibəsində, eləcə də post-münaqişə dövründə qardaş Türkiyənin məhz Ərdoğanın təşəbbüsləri əsasında Azərbaycana böyük dəstək verməsi ictimaiyyət tərəfindən təqdir olunur və bu faktor Türkiyə prezidentinin Azərbaycan cəmiyyətində kifayət qədər nüfuzlu olmasını şərtləndirir. Bu baxımdan deyə bilərik ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Ərdoğanı yenidən prezident postunda görmək istəyirlər. 

 

Şübhəsiz ki, gələn il Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələrinin necə olacağını indidək proqnozlaşdırmaq çətin məsələdir. Bunu zaman göstərəcək və yekun qərar türk xalqının ali iradəsi ilə demokratik seçkilərdə veriləcək.

 

Hazırladı: Coşqun Əliyev

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar