Modern.az

“Sıfır COVID”dən “Ağ kağız”a – Çin niyə qaynayır…

“Sıfır COVID”dən “Ağ kağız”a – Çin niyə qaynayır…

Analitika

29 Noyabr 2022, 13:20

Çində hakim Çin Kommunist Partiyasının (ÇKP) “Sıfır COVID” devizi altında koronovirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində yenidən sərt məhdudiyyətlər tətbiq edilməsi böyük etirazlara səbəb olub.

 

24 noyabr axşamı uyğur türklərinin kompakt yaşadığı Sintsyzan-Uyğur muxtar rayonunun paytaxtı Urumçidə çıxışları qaynaqla qapadılan hündürmərtəbəli binada başlayan yanğında 2-si uşaq olmaqla onlarla insanın həyatını itirməsi 100 gündən çoxdur davam edən sərt karantin rejiminə qarşı iğtişaşları alovlandırıb. Küçələrə axışan insanlar karantinin ləğvi ilə bağlı tələblər irəli sürməyə və ÇKP əleyhinə şüarlar səsləndirməyə başlayıblar. Aksiyaçılar yerli hakimiyyətin binasına zorla daxil olublar. Çin hakimiyyəti təhlükəsizlik qüvvələrini əhalinin üstünə yeritməklə etirazların qarşısını almağa çalışsa da, nümayişlər ölkə miqyasına yayılıb.

 

Yanğının baş verdiyi Urumçinin Bulaqbaşı bölgəsi COVID-19-la bağlı “az riskli sahə” elan edilsə də, sərt karantin məhdudiyyətləri burada da tətbiq olunub və məhz yaşayış binaların giriş-çıxışlarının qaynaqlanması, digər vasitələrlə bağlanması nəticəsində yanğına müdaxilə etmək mümkün olmayıb. Çoxmərtəbəli binanın 15-ci mərtəbəsində başlayan yanğın 17-ci mərtəbəyə qədər yayılıb, digər mərtəbələrdəki sakinlər isə tüstüdən və dumandan zəhərləniblər. Bəziləri boğularaq həyatını itirib. Ümumilikdə yanğın nəticəsində 44 insan həlak olub.

 

Bundan sonra etirazların miqyası genişlənib, aksiyalar Urumçidən Çinin digər regionlarını, xüsusən paytaxt Pekin və Şanxay kimi böyük şəhərləri bürüyüb. 4 aya yaxındır davam edən “Sıfır COVID” siyasətindən bezən insanların toplaşdığı aksiyalar tədricən siyasi xarakter almağa başlayıb. “Çin Kommunist Partiyasına yox!”, “Si Tsinpinə istefa!”, “Azadlıq istəyirik!” və s. etirazların əsas şüarlarına çevrilib.

 

 

Bu aksiyalarda etirazçıların hər cür azadlıqların boğulduğu avtoritar şəraitdə özlərini kreativ formada ifadə etmə üsulları diqqəti cəlb edib. Belə ki, etirazçılar üzərində şüarlar və tələblər yazılmış plakatlar əvəzinə meydana ağ kağızla çıxıblar. Buna görə də ötən həftədən bəri davam edən etirazlar “Ağ Kağız Hərəkatı” adlandırılıb.

 

Təbii ki, müəyyən mənada təhlükəsizlik xarakteri daşıyan etirazçıların bu addımı repressiyalardan yayınmaq üçün nəzərdə tutulsa da, bu məqsədə nail olunmadığı kimi, mahiyyət etibarilə daha çox simvolik xarakter daşıyır. Ağ kağızdan başqa etirazçıların həmçinin üzərində riyazi formul olan plakatlarla aksiyalara qatılması beynəlxalq mətbuatda xüsusi maraq doğurub. Belə ki, üzərində “Fridman” tənliyi əks olunmuş plakatların qaldırılmasının səbəbi tənliyin adının ingiliscədə “azad insan” ifadəsinin tələffüzünü xatırlatmasıdır.

 

 

Təhlükəsizlik qüvvələrinin sərt müdaxilə etdiyi və xeyli həbslərlə müşayiət olunan aksiyaların necə nəticələnəcəyi hələlik mübhəmdir. Bununla belə nəticəyə beynəlxalq reaksiyaların müəyyən qədər təsir edəcəyi də gözlənilir. Bu baxımdan hər zaman Türk Dünyası ilə bağlı məsələlərdə həssaslığı ilə seçilən Türkiyənin proseslərə necə reaksiya verməsi önəmlidir. Urumçidəki yanğından və onlarla uyğur türkünün faciəli şəkildə həlak olmasından sonra Türkiyə Xarici İşlər Nazirliyi olaya rəsmi şəkildə münasibət bildirib. Yayılan açıqlamada başsağlığı mesajı və hadisədən dərin üzüntü duyulmasının ifadə edilməsi ilə yanaşı, səbəblərlə bağlı ictimaiyyətin məlumatlandırılmasının vacibliyi vurğulanıb ki, bu da diplomatik baxımdan xüsusi olaraq diqqəti cəlb edir.

 

Qərb ölkələrinin Çindəki etirazlara reaksiyası, xüsusən beynəlxalq səviyyədə hüquq müdafiə təşkilatlarının, aktivistlərin və sivil toplumun mövqeyi, mövzunun diqqətdə saxlanılması və kampaniyaların başladılması da olduqca böyük önəm kəsb edir və hadisələrin axarına təsirsiz ötüşməyəcək.

 

İqtisadi baxımdan müəyyən qədər liberal xarakterli addımlarla beynəlxalq sərmayəni iqtisadiyyatına cəlb edən və “kommunist bazar iqtisadiyyatı” qurmağa çalışan Çində insan haqları və siyasi azadlıqlar baxımından vəziyyət hər zaman pis qiymətləndirilsə də, budəfəki hadisələr digərlərindən köklü surətdə fərqlənir və ənənəvi avtoritar tədbirlərin yenə işə yarayacağı dəqiq deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!