Modern.az

Fransa Azərbaycandan NƏ İSTƏYİR...

Fransa Azərbaycandan NƏ İSTƏYİR...

1 Dekabr 2022, 12:10

Dünən Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) qəbul edilən qətnamədə Azərbaycanın “işğalçı” hesab edilməsi, hətta bunun üçün sanksiyaların tətbiq olunmasının vacibliyinin önə çəkilməsi Fransanın ədalətsiz mövqeyi ilə bağlı yenidən müzakirələrin aparılmasına səbəb olub.

 

Yada salaq ki, son dönəmlərdə bu, Fransanın ilk belə addımı deyil və bir müddət öncə ölkənin qanunverici orqanının yuxarı palatası olan Senat da oxşar qətnamə qəbul etmişdi. Bundan başqa Fransa prezidenti Emmanuel Makron müsahibəsində Azərbaycan əleyhinə tezislər səsləndirmişdi.

 

Tarixən Rusiya və İranın bütövlükdə Qafqaza və xüsusi olaraq Azərbaycana yönəlik siyasəti insanlara aydın olsa da, ictimaiyyət Avropanın və ümumilikdə dünyanın ən inkişaf etmiş ölkələrindən biri, fransız inqilabının vətəni, BMT Təhlükəsizlik Şurasının üzvü, nüvə silahına malik azsaylı ölkələrdən olan Fransanın Azərbaycana qarşı nə üçün bu qədər qərəzli olmasının səbəblərini anlamağa çalışır.

 

 

Fransanın Azərbaycana münasibətinin ədalətsiz olmasını şərtləndirən nədir? Necə deyərlər, Azərbaycanın bu ölkəyə hansı pisliyi dəyib?

 

Əksinə, deyə bilərik ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Fransa ilə əlaqələrini həmişə yüksək səviyyədə tutmağa çalışıb.

 

Məsələn, Fransanın “Total” şirkəti “Əsrin müqaviləsi” vasitəsilə Azərbaycan neftindən qazanc götürməyə şərik edilib, Azərbaycan Fransanın Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həlli prosesinə cəlb edilməsinə razılıq verib, uzun illər ATƏT-in Minsk qrupunun faydasız və qeyri-məhsuldar fəaliyyətinə məhz fransalı həmsədr də vasitəçilik edib. II Qarabağ müharibəsindən sonra rəsmi Bakı Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak etməsinə qarşı çıxmayıb. Bundan əvvəl Azərbaycan pulları vasitəsilə Fransada dini məbədlər, tarixi və mədəniyyət abidələri restavrasiya edilib, bu ölkədə incəsənət, xeyriyyəçilik fəaliyyəti maliyyələşdirilib. Azərbaycan və Fransa arasında iqtisadi və ticarət əlaqələrində də statistik göstəricilər hər zaman yüksək səviyyəsi ilə seçilib.

 

Bu mövzuda daha çox faktlar sadalamaqla siyahını uzatmaq olar. Xülasə, əminliklə ifadə edə bilərik ki, Azərbaycan tərəfindən Fransanın bu cür isterik davranışlarına səbəb olacaq heç bir addım atılmayıb və münasibətlərdəki hazırkı gərginlik birmənalı olaraq Fransanın özündən qaynaqlanır və birtərəfli xarakter daşıyır.

 

Bəs bunun səbəbi nədir? Fransa nə üçün belə edir?

 

Məsələyə tarixi aspektdən diqqət yetirsək, bir sıra mətləblər aydın olar. Fransanın tarixən imperialist keçmişi onun xarici siyasətdə ambisiyalı kurs yeritməsini səciyyələndirir. Orta əsrlərlə yeni tarixin qovşağı hesab olunan, feodalizm və kapitalizmin “sintezi” ilə keçən XIX əsr periferiya imperiyalarının mübarizə dövrü kimi xarakterizə olunur. Bu dövrün böyük imperiyalarından biri olan Fransa Yaxın Şərqə və Afrikaya nüfuz etmək üçün, eləcə də Aralıq dənizində hökmranlıq mövqeyini gücləndirmək üçün qürub çağını yaşayan və zəifləməkdə olan Osmanlı imperatorluğunu özünün ən böyük rəqibi hesab edirdi. Bu dövrdə Balkanlarda yaşayan xalqlar arasında millətləşmə prosesi gedir və müstəqil dövlət qurmaq arzuları vəcdə gəlirdi. Çar Rusiyasının dəstəyi ilə əvvəlcə Yunanıstan, daha sonra isə Serbiya və Bolqarıstan kimi ölkələr Osmanlı dövlətindən ayrılaraq müstəqillik əldə etdilər. Türkiyə türkcəsində “komitacılık” adlandırılan, quldurluq və partizanlıq xarakterli fəaliyyət göstərən silahlı dəstələr vasitəsilə Balkan yarımadası tədricən türk əhalisindən boşaldıldı.

 

Bu nümunələr Osmanlının digər bölgələrində yaşayan xalqlar arasında da oxşar ideyaların yayılmasına səbəb oldu. “93 hərbi” adlandırılan 1877-78 Rusiya-Osmanlı müharibəsi, Balkan müharibələri, eləcə də I Dünya müharibəsinin ağrılı nəticələri Osmanlını daha da zəiflətdi və bölgəyə marağı olan xarici aktorların müdaxiləsi və müstəqilliyə can atan xalqlarla sərbəst şəkildə işləməsi üçün münbit şərait yaratdı. Belədə Fransa ilk cahan savaşında rəqibi olan Osmanlını məğlub etmək və bölgəyə sızmaq üçün erməni əhalisi ilə yaxın münasibətlər qurmağa başladı.

 

Tarixi mənbələrdə Osmanlıdakı fransız diplomatlarının erməni icmasının liderləri və əsas nümayəndələri, din xadimləri ilə əlaqələri haqqında, “yumşaq güc” formalaşdırmaq və rəğbət qazanmaq üçün xeyriyyəçilik, missionerlik fəaliyyəti, erməni əhalisi üçün məktəblər, uşaq evləri, mədəniyyət ocaqları açması haqqında xeyli faktlar var. Fransa həmçinin dinc türk əhalisinə qarşı qırğın törədən, qarət və quldurluq edən erməni qruplaşmalarını himayə edir, onların təşkilatlanmasında, zəruri ehtiyaclarının ödənilməsində iştirak edir, bu cür cinayətlər ortalığa çıxanda isə diplomatik kanallar vasitəsilə təzyiq göstərərək Osmanlının zəifliyindən istifadə edib, onların məsuliyyətdən yayınmasına şərait yaradırdılar. Bu dövrdə onlarla erməni qulduru müxtəlif yollarla Fransaya qaçırılmış və orada təşkilatlanaraq yenidən Osmanlıya qaytarılmışdı.

 

 

Beləliklə, Fransa da Çar Rusiyası kimi erməniləri müstəqil dövlət yaratmaq xülyasına inandıraraq onlardan Osmanlı dövlətinə qarşı alət kimi istifadə etmişdi. Mondros razılaşmasından sonra Osmanlının məğlub olması ilə Anadoluya daxil olan fransız ordusu erməni dəstələrini daha da həvəsləndirmiş, türk əhalisinə qarşı qətliamların miqyası genişlənmişdir. Lakin daha sonra Mustafa Kamal paşanın rəhbərliyi ilə başlanan Qurtuluş savaşı vəziyyəti dəyişdirdi, Anadoluda şəhərlər işğalçılardan azad olunduqca, qətliamlarda iştirak edən ermənilər cəzalandırılacaqlarından vahiməyə düşərək Türkiyədən qaçmağa başladılar. Xüsusən dönüş ili hesab olunan 1922-ci ildə ermənilər kütləvi şəkildə Anadolunu tərk etdilər. Bu zaman yenə Fransa ermənilərin köməyinə çatdı. Fransa ermənilərin qaçmasına şərait yaratmaq üçün gəmilər vasitəsilə onların daşınması prosesini həyata keçirdi. Ermənilərin böyük hissəsi liman şəhəri olan Marseldə məskunlaşdı.

 

 

Bundan əvvəl Fransada müəyyən sayda ermənilər yaşasa da, ölkədə bugünkü erməni diasporası əsas etibarilə bundan sonra formalaşmağa başladı. Hazırda Fransada 750 mindən çox ermənin yaşadığı barədə müxtəlif mənbələrdə məlumatlar var. Fransa erməniləri Türkiyəyə qarşı xüsusi nifrəti ilə seçilir. Nəsildən nəsilə ötürülən nifrət bu gün müxtəlif formada aktiv diaspora fəaliyyəti göstərən icmanın antitürk xarakterli kampaniyaları ilə özünü büruzə verir. Bu fəaliyyət Fransadakı siyasi partiyaları, müxtəlif təşkilatları, eləcə də dövlət orqanlarına da təsirsiz ötüşmür.

 

Təsadüfi deyil ki, Fransa parlamenti 1998-ci ildə qondarma “erməni soyqırımı” haqqında layihə qəbul edib, 2001-ci ildə isə qondarma “soyqırım”ını rəsmi şəkildə tanıyıb. Bundan sonra daha da irəli gedən Fransa 2006-cı ildə “erməni soyqırımı”nın inkar edilməsini qadağan edən qanun layihəsi qəbul edib.

 

Son illərdə, xüsusən Makronun hakimiyyətə gəlməsindən sonra Fransanın yenidən ambisiyalı xarici siyasət xəttinə üstünlük verməsi 100 il əvvəlki proseslərin təkərrür etməsinə səbəb olub. Fransa yenə də Afrikada, Yaxın Şərqdə nüfuzu artan, Liviya, Suriya kimi ölkələrdə baş verən proseslərə öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün biganə qala bilməyən və aktiv şəkildə müdaxilə edən Türkiyə ilə üz-üzə gəlib.

 

Müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə qardaş ölkə münasibətlərinə malik olan Azərbaycanın 44 günlük müharibədən sonra Ankara ilə əlaqələrini daha da genişləndirməsi, Şuşa bəyannaməsi ilə müttəfiqliyin dərinləşdirilməsi, Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsində Azərbaycanın rolu, görünür, Fransanı ciddi narahat edir.

 

Vasitəçi kimi tərəfsiz və ədalətli mövqe sərgiləməyə borclu olan Fransa Azərbaycana qarşı Ermənistanı dəstəkləməyə üstünlük verir. Doğrudur, bu dəstək hələlik ritorik səviyyədən o tərəfə keçmir və əməli addımlarda bunu görmürük. Lakin son qətnamənin qəbulu bu kimi addımların davamlı olması ehtimalını artırır və gələcəkdə Ermənistana daha konkret dəstəyin göstərilməsini istisna etmək olmaz.

 

Ümid edək ki, Fransa isterik siyasi kursu davam etdirməyəcək və rasional qərarlar qəbul edərək Azərbaycanla münasibətləri daha da korlamayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir