Modern.az

Makrona qarşı Ərdoğan variantı… - Dördtərəfli görüş təklifi

Makrona qarşı Ərdoğan variantı… - Dördtərəfli görüş təklifi

1 Dekabr 2022, 15:54

Dekabrın 7-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan-Ermənistan liderlərinin növbəti görüşü olmalıydı. Ancaq sonradan Ermənistanın təkidi ilə görüşdə Fransa Prezidenti Emmanuel Makronun da iştirak edəcəyi bildirildi. Azərbaycan Prezidenti İlham Əliyev buna etiraz edərək, ermənipərəst mövqe sərgiləyən Makronun vasitəçi ola bilməyəcəyini dedi və belə bir görüşün baş tutmayacağını diqqətə çatdırdı. 

 

Dövlət başçısı deyib: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın Baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.

 

Ermənistanın danışıqlar prosesinə Makronu cəlb etmək istəyi ortaya ciddi suallar doğurur. Proseslərin sülh sazişinin imzalanmasına doğru getdiyi bir məqamda Ermənistan hökuməti Fransa Prezidentinin görüşdə iştirakını təkid etməklə Brüssel formatını pozmaq istəyir, yoxsa bizim bilmədiyimiz digər səbəblər var?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Ermənistan Brüssel görüşlərinin davam etməsini istəyirsə, Makronun iştirakında israrlı olmamalıdır. Əks halda görüşlər dalana dirənə bilər.

 

 

"Fransa Prezidenti Emmanuel Makronun Brüssel görüşündə iştirakı qeyri-mümkündür. Əgər ermənilər israr edərlərsə, Brüssel görüşü baş tutmayacaq. Bunu cənab Prezident açıq şəkildə bildirib. Ümumiyyətlə, indiyə kimi keçirilən Brüssel görüşlərində Fransa Prezidenti Emmanuel Makron iştirak etməyib. Sadəcə Praqa görüşündə onun iştirakı olub. Belə bir görüş həmin vaxt Makron orada olduğu üçün keçirilib".

 

Parlamentari bildirib ki, Brüssel görüşünün baş tutmaması Moskvanın son ümid yeri olması demək deyil:

 

"Əgər Brüssel görüşü baş tutmasa, hər iki ölkə rəhbəri Vaşinqtonda sülh müqaviləsi üçün bir araya gələ bilər. Vaşinqtona getmək də vacib deyil. Görüş Tiflisdə baş tuta bilər. Yəni Amerika Dövlət Departmentinin rəhbəri bura gələ bilər. Onsuz da sülh danışıqları Vaşinqtonun xətti ilə gedir. Moskvanın xətti ilə daha çox kommunikasiyaların açılması məsələlərinə toxunulur".

 

Politoloq Turab Rzayev isə hesab edir ki, Emmanuel Makronun Brüssel görüşündə iştirakı məsələsi danışıqlar üçün çıxılmaz vəziyyət yaradıb. Onun sözlərinə görə, indiki durumda mütləq orta yol tapılmalıdır:

 

"Məsələn, görüşlər ancaq liderlər səviyyəsində həyata keçirilə bilər. Yaxud Azərbaycan görüşə əlavə iştirakçı cəlb edə bilər. Cəlb olunacaq dövlət Böyük Britaniya, ya da Türkiyə ola bilər. Beləliklə, əgər Ermənistan tərəfdən Makron iştirak edəcəksə, Azərbaycan tərəfindən cənab Ərdoğan danışıqlarda iştirak edə bilər. Başqa dost ölkənin rəhbərini də bura cəlb etmək olar."

 

 

Politoloq düşünür ki, Brüssel formatı aradan qalxsa, Moskva formatı sülhün əldə olunmasına zəmin yaratmayacaq:

 

"Azərbaycan və Ermənistan liderləri arasında görüş aradakı çıxılmaz vəziyyət həll olunana qədər təxirə salına bilər. Ümumilikdə isə görüşün baş tutacağına ehtimal azdır. Ancaq Brüssel formatı aradan qalxsa, Moskva formatı da sülh gətirməyəcək. Çünki Rusiyanın bölgədə sülhyaratma missiyasının uğurlu alınmadığı göz qabağındadır. Nümunə üçün sonuncu Soçi görüşünü göstərə bilərik. Orada yeni nəyəsə nail olunmadı. Yalnız sülhməramlıların fəaliyyətini tərifləyən bəyannamə qəbul olundu. Ancaq tərəflər nə sülhməramlıların müddətinin uzadılmasına razı oldu, nə də Ermənistan Azərbaycanın şərtlərini qəbul etdi. Beləliklə, Brüssel formatı aradan qalxsa, Azərbaycan məsələni hərbi yolla həll etməli olacaq".

 

T. Rzayevin fikrincə, Fransa görüşdə iştirak etsə də, onun tələbləri qəbul olunmayacaq:

 

"Fransanın xüsusi maraqlarının olduğu aydındır. Azərbaycan əleyhinə sanksiya Senatdan keçmişdi, indi isə Baş Assambleyadan keçdi. Bununla Azərbaycanı təhrik etmək istəyirlər. Sanksiyalarla hədələyərək nəyəsə nail olmağı hədəfləyirlər. Ancaq bu yolun uğurlu olacağı sual altındadır. Senatın qəbul etdiyi sənəd Azərbaycan üçün qəbul edilməzdir. Senat istəyir ki, Xankəndidə öz bürosunu açsın, beləliklə, Xankəndinin statusunun tanınmasına nail olsun. Digər yandan buraya öz hərbi kontingentini cəlb etmək istəyir. Məqsəd Ermənistan-Azərbaycan arasında gələcəkdə baş verə biləcək mümkün hərbi toqquşmada tərəf ola bilməkdən ibarətdir. Buna görə də, Brüssel formatında görüşdə Fransa iştirak etsə belə, Azərbaycan onun irəli sürdüyü müddəları qəbul etməyəcək. Azərbaycan hazırda Rusiya sülhməramlılarının ölkədən çıxarılmasını istəyir. Bu səbəbdən əlavə başqa hansısa ölkənin hərbi kontingentinin Qarabağa gəlməsinə razı olmayacaq. Azərbaycan da, Ermənistan da hazırkı dönəmdə öz istəklərində israrlıdır". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir