Modern.az

Ərdoğanın Yaxın Şərq diplomatiyası - Qırılma nöqtəsindən hədəfə doğru...

Ərdoğanın Yaxın Şərq diplomatiyası - Qırılma nöqtəsindən hədəfə doğru...

Analitika

6 Dekabr 2022, 09:00

Son illər ərzində Türkiyənin xarici siyasətində kardinal dəyişikliklər baş verməkdədir. Xüsusilə uzun müddət münasibətlərin dalana dirəndiyi, diplomatik əlaqələrin kəsildiyi və hətta təmasların mövcud olmadığı ölkələrlə normallaşma prosesinin başlandığını müşahidə edirik. 

 

İdeoloji və mühafizəkar xarici siyasət kursu ilə seçilən Ərdoğan hakimiyyətinin praqmatik yanaşmanı daha üstün tutması müxalifət tərəfindən “U dönüşü”, “ziqzaqlı siyasət” epitetləri ilə tənqid olunsa da, ümumilikdə siyasi müstəvidə ayrı-ayrı dövlətlərlə münasibətlərin bərpasına yönəlik addımlar təqdir olunur.

 

Türkiyədə gedən siyasi proseslər göstərir ki, hazırda müxtəlif səbəblərdən münasibətlərdə problemlərin ortaya çıxdığı və əlaqələrin pozulduğu Yaxın Şərq ölkələrindən Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Suriya və İsraillə diplomatik təmasların normallaşdırılması prosesi gedir.

 

Ərdoğanın geridönüş siyasəti

 

 

Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ilin yayında baş verən hərbi çevrilişlə hakimiyyətin dəyişməsindən sonra kəsilmişdi. “Ərəb baharı” dalğasında inqilabla Hüsnü Mübarəkin devrilməsindən sonra hakimiyyətə gəlmiş “İhvan-ül Müslimin” (“Müsəlman qardaşları”) lideri Məhəmməd Mursinin iqtidarı itirməsi, ardınca ölkənin müdafiə naziri olmuş Abdel Fəttah əs-Sisinin ali kürsüyə yiyələnməsi Ankara tərəfindən etirazla qarşılanmış və onun hakimiyyəti tanınmamışdı.

 

Uzun müddət davam edən dondurulmuş əlaqələr dövründə Liviyadakı hadisələrdə zidd mövqelər, Aralıq dənizinin şərqində maraqların toqquşması və Türkiyə-Liviya, Misir-Yunanıstan anlaşmaları münasibətlərin gərgin qalmasını labüd edirdi. 2020-ci ilin yayında başlanan normallaşma prosesi ilkin mərhələdə müxtəlif dövlət qurumlarının nümayəndələri səviyyəsində görüşlərin keçirilməsi ilə start götürdü. Proses daha sonra diplomatik kanallarla davam etdirildi. 2021-ci ilin mayında XİN başçılarının müavinləri iki dəfə görüş keçirərək normallaşma prosesində tərəflər üçün qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

 

Türkiyənin Misirlə münasibətləri normallaşdırma mərhələsinin digər ölkələrlə aparılan oxşar proseslərə nisbətən daha çətin keçdiyini söyləyə bilərik. İki ilə yaxın davam edən proses bu ilin oktyabrında qırılma həddinə çatdı. Belə ki, Misirin XİN başçısı Sami Şükrü “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında normallaşma prosesinin dayandırıldığını elan etdi. Buna səbəb ölkələr arasında müzakirə edilən mövzularda ortaq məxrəcə gəlməyin çətin olması göstərildi. Lakin Türkiyə tərəfinin təmkinli yanaşması prosesin yarımçıq qalmasını əngəllədi və Qətər əmiri Temim Bin Həmid əs-Saninin vasitəçiliyi ilə iki ölkə başçısının Qətərdə keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində ayaqüstü görüşü baş tutdu. Bu görüş ölkələr arasında münasibətlərin bərpasında mühüm addım kimi xarakterizə olunur. Ancaq uzun illər yığılıb qalmış buzların tezliklə əriməsi, qısa zamanda barışığın əldə olunması hələlik sual altındadır.

 

 

Bu məqamda xatırlatmaq yerinə düşər ki, “Müsəlman qardaşları”nın Türkiyədə fəaliyyətinə son verilməsi, hətta Liviya məsələsində Türkiyənin mövqeyini dəyişməsi kimi maksimalist tələblərlə çıxış edən rəsmi Qahirənin irəli sürdüyü tələblərin tam reallaşmasını gözləməsi əbəsdir. Türkiyə kimi regionda güclü dövlətə çevrilmiş tərəf müqabili ilə “üst pərdədən” danışmaq heç də münasibətlərin tam qaydasına düşməsinə gətirib çıxarmayacaq. Buna baxmayaraq, müəyyən təmaslarla davam edən normallaşma prosesində nisbətən uğurların əldə olunduğunu demək mümkündür. Eyni zamanda yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin Avropada görüşü gözlənilir. Görüşdən gözləntilər müsbət olsa da, prosesin yekunda necə nəticələnəcəyini zaman göstərəcək.

 

Türkiyənin normallaşma prosesi apardığı daha bir ölkə Birləşmiş Ərəb Əmirlikləridir. BƏƏ ilə normallaşmanın uğurla yekunlaşdığını söyləyə bilərik. İki ölkə arasında münasibətlər “Ərəb baharı” zamanı müəyyən qədər soyuqlaşmışdı. Türkiyədə 2016-cı ilin iyulunda FETO-nun hərbi çevriliş cəhdindən sonra münasibətlər daha da gərginləşmişdi. Belə ki, Türkiyə rəsmiləri media vasitəsilə açıqlamalarında BƏƏ-nin qiyamçılara dəstək verdiyini bəyan edirdilər. Bundan əlavə, 2017-ci ildə BƏƏ-nin Səudiyyə Ərəbistanı ilə birgə Türkiyənin Körfəz regionunda ən yaxın müttəfiqi olan Qətərə embarqo tətbiq etməsindən sonra təmaslar tamamilə pisləşmişdi.

 

2021-ci ildə Qətərlə münasibətlərini bərpa edən BƏƏ embarqoları ləğv etdi. Bundan sonra Türkiyə ilə BƏƏ arasında normallaşma prosesinə start verildi. 2021-ci ilin noyabrında BƏƏ vəliəhdi Məhəmməd Bin Zayed əl Nəhyan Ankaraya səfər etdi. Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən 10 müqavilə imzalandı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu ilin fevralında BƏƏ-yə səfərə getdi, tərəflər arasında iqtisadi və ticarət sahələrində 13 anlaşma imzalandı. Doğrudur, iki ölkə rəsmiləri arasında bütün mövzularda həmfikirlik olmasa da, münasibətlər kifayət qədər yüksək səviyyəyə qalxdı. 

 

Səudiyyə Ərəbistanı da Türkiyənin normallaşma prosesinə qayıtmağa çalışdığı ərəb ölkələrindən biridir. Bu ölkə ilə münasibətlərdə “Ərəb baharı”ndan sonra müəyyən problemlər yaranmışdı. Həmçinin BƏƏ ilə birgə Səudiyyə Krallığının Türkiyənin müttəfiqi olan Qətərə embarqo qoyması münasibətlərdəki gərginliyi pikk həddə çatdırmışdı. Əlaqələrin qırılma nöqtəsi isə 2018-ci ilin oktyabrında Türkiyədə yaşayan səudiyyəli jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı baş konsulluğunda doğranaraq vəhşicəsinə qətlə yetirilməsi olmuşdu.

 

Diplomatik skandala səbəb olan və beynəlxalq miqyasda reaksiyalar doğuran hadisədən sonra məhkəmə prosesi Səudiyyə tərəfini narahat etmişdi. Səudiyyə Ərəbistanı Türkiyəyə qarşı kənd təsərrüfatı və qida məhsulları embarqosu qoymuşdu. Normallaşma prosesinə gəlincə, ilk addım Ərdoğan və Səudiyyənin ovaxtkı kralı Bin Salmanın 2020-ci ilin noyabrında gerçəkləşən telefon danışığı ilə başlanmışdı. O zaman tərəflər diplomatik kanalların açıq saxlanması barədə razılığa gəlmişdilər. Daha sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2021-ci ilin mayında Ər-Riyada rəsmi səfər etmişdi. Qaşıqçının qətli ilə bağlı məhkəmə prosesinin Səudiyyə Ərəbistanında davam etməsi razılaşdırılandan sonra münasibətlərdəki normallaşma daha da dərinləşdi. Səudiyyə şahzadəsinin Ankaraya, Türkiyə Prezidentinin isə Səudiyyə Ərəbistanına son səfərindən sonra tərəflər arasında normallaşmanın iqtisadi baxımdan maraqlara uyğun olduğu ortalığa çıxdı. Hazırda Səudiyyə ilə davam etdirilən normallaşma prosesini uğurlu qiymətləndirmək olar.

 

 

Səudiyyə ilə yanaşı, İsraillə uzun müddət davam edən “əlaqəsizliyin” də aradan qalxdığı məlumdur. 2010-cu ildə diplomatiya tarixinə “Mavi Mərmərə” olayı kimi düşən hadisədən sonra tərəflər qarşılıqlı olaraq səfirləri geri çağırmışdılar. Həmçinin “alçaq kreslo” böhranı adlandırılan hadisə - İsrail XİN-ə çağırılmış Türkiyə səfirinə qarşı diplomatik nəzakətsizlik göstərilməsi skandala səbəb olmuşdu. Davosda yaşanan “one minute” hadisəsi də münasibətlərin kəsilməsinə təsirsiz ötüşməmişdi.

 

Bundan sonra 2016-cı ilə qədər tərəflər arasında gərgin münasibət davam etmişdi. 2016-cı ildə isə münasibətlərin bərpa olunmasına cəhdlər edildi. Hətta bu dövrdə səfirlərin təyinatı da gerçəkləşdirilmişdi. Lakin 2018-ci ildə ABŞ-ın Qüdsdə (Yerusəlim) səfirlik açmasına etiraz edən fələstinlilərə qarşı İsrail təhlükəsizlik qüvvələri tərəfindən atəş açılması və 60 etirazçının ölümündən sonra Türkiyə məsələhətləşmələr üçün Təl-Əvivdəki səfirini yenidən geri çağırmış və İsraildən də analoji addım atmağı tələb etmişdi. Beləliklə, belə qeyri-müəyyən vəziyyət düz 4 il davam etdi və nəhayət, 2022-ci ildə münasibətlərin normallaşdırılması üçün yenidən səylər göstərilməyə başlandı. Bu ilin avqustunda Ərdoğan və İsrailin Baş naziri Yair Lapid arasındakı telefon danışığı zamanı səfirlərin yenidən təyinatı barədə razılıq əldə olundu.

 

İsrail prezidentinin ofisindən verilən açıqlamada qarşılıqlı səfir təyinatlarının əlaqələrin inkişafına müsbət təsiri vurğulanmışdı: “Türkiyə ilə münasibətlərin yenidən bərpası regional sabitlik üçün olduqca önəmlidir”.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə açıqlamasında İsraillə münasibətlərin bərpasını müsbət qiymətləndirməklə yanaşı, bunun Fələstin məsələsində Türkiyənin mövqeyinin dəyişməsi ilə nəticələnməyəcəyini vurğulamışdı. Əlbəttə, Fələstin Türkiyənin xarici siyasətində prioritet mövzu olaraq qalır, bununla belə İsraillə diplomatik təmasların bərpası da Ankaranın əsas hədəfləri sırasında yer alırdı. Bu istiqamətdə aparılan düşünülmüş siyasətin öz bəhrəsini verdiyini desək, yəqin ki, yanılmarıq. İndi müşahidə etdiyimiz mənzərə ondan xəbər verir ki, səfir təyinatları fonunda Türkiyə-İsrail münasibətlərində normallaşma prosesi müsbət nəticələnməkdir.

 

 

Son olaraq bildirək ki, Ankarada Suriya ilə də münasibətlərin bərpasına dair müsbət anonslar səsləndirilir. Türkiyə rəsmiləri müxtəlif çıxış və müsahibələrində bunun mümkünlüyünü önə çəkərək, Suriya rejimi ilə danışıqlarda maraqlı olduqlarını bəyan edirlər. Hətta Prezident Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşünü istisna etməyib.

 

Siyasətdə əbədi küsülü qalmağın mənasız olduğunu söyləyən qardaş ölkə liderinin siyasi mesajları uzun illər düşmən mövqedə olduqları Əsədlə barışıq ehtimallarını gücləndirib. Lakin iki ölkənin xüsusi xidmət orqanları arasında vaxtaşırı olaraq detalları ictimaiyyətə açıqlanmayan görüşlərin keçirilməsi barədə mətbuatda müxtəlif məlumatlar yayılsa da, hələlik normallaşma prosesinin başlamasından danışmaq üçün tezdir. Bunu Dəməşqdən Türkiyənin müsbət mesajlarına adekvat cavabın gəlməməsi ilə əsaslandırmaq mümkündür.

 

Ancaq bir məqamı qəbul etmək lazımdır ki, Türkiyə-Suriya münasibətlərində başlana biləcək normallaşma prosesinin digər ölkələrlə müqayisədə köklü şəkildə fərqlənəcəyi şübhə doğurmur. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır