Modern.az

Diaspor-Paşinyan qarşıdurması: Buna səbəb nədir? - ARAŞDIRMA

Diaspor-Paşinyan qarşıdurması: Buna səbəb nədir? - ARAŞDIRMA

7 Dekabr 2022, 14:24

Ermənistanın siyasi sistemində müstəqillikdən bəri bir neçə aktor daim vacib rol oynayıb. Ermənistan dövlətindən daha əvvəl formalaşmış, strukturlaşmış və ənənələrə malik olan bu təsisatlar kilsə və diaspordur. İşğalçı ölkənin istər daxili, istər xarici siyasətində, Qarabağ məsələsində, eləcə də digər aktual mövzularda kilsə və diaspor təsiredici gücə malik olub və illərlə bu üstünlüyü qoruyub saxlaya bilib. 

 

Hakimiyyətdə və ya müxalifətdə olan siyasi qüvvələr də seçdikləri xətti, ümumi kursu müəyyənləşdirərkən kilsə və diasporun mövqeyini nəzərə almaq məcburiyyətində qalıblar. Xüsusən, siyasi düşərgənin diasporun mövqeyi ilə hesablaşmasının səbəbləri tarixi-siyasi, mədəni və erməni milli kimliyinin formalaşması baxımdan mənəvi çalarları özündə ehtiva etsə də, burada iqtisadi amil və maliyyə məsələləri, o cümlədən böyük güc mərkəzləri ilə münasibətlərin qurulması üçün siyasi və təşkilati dəstəyin əldə olunması ehtiyacı daha çox önə çıxmaqdadır.

 

Ermənistan iqtisadiyyatına yatırımların edilməsində, əhalinin sosial-iqtisadi baxımdan təmin olunmasında, müxtəlif irimiqyaslı infrastruktur layihələrinin, tikinti proyektlərinin icra edilməsində, hərbi sferada dəstəyin cəlb olunmasında diasporun rolu Ermənistanda indiyə qədər hakimiyyətdə olan bütün liderlərin bu təsisatla isti münasibətlər saxlamasını labüd edirdi.

 

Təbii ki, bu isti münasibətlər müəyyən mənada Ermənistanda hakimiyyətlərin müstəqil hərəkət qabiliyyətini məhdudlaşdırırdı. Nəticədə diasporun razılığı olmadan hər hansı böyük addımların atılması, siyasi baxımdan hansısa əsaslı dəyişikliklərə gedilməsi mümkün olmurdu. Bir sözlə, siyasi arenada əsas söz sahibi diaspor idi.

 

Xüsusilə Ermənistanın və bütövlükdə regionun gələcəyi üçün olduqca önəmli nəticələr yarada biləcək, Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifah şəraitinin təmin olunmasına gətirib çıxaracaq məsələlərdə radikal mövqeyi ilə seçilən erməni diasporu Qarabağ mövzusunda və Türkiyə-Ermənistan münasibətlərində rəsmi İrəvanın xəttini yumşaltmasına heç cür imkan vermək niyyətində deyildi.

 

Məsələn, 2009-cu ildə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması ilə bağlı protokolların imzalanması prosesində müxtəlif ölkələrdə olan erməni diaspor təşkilatları Sarkisyan hakimiyyətinin bu addımını sərt şəkildə tənqid atəşinə tutmuş, prosesi sabotaj etmək üçün əlindən gələni etmişdi. O vaxtlar Ermənistanın xarici işlər naziri olan Edvard Nalbandyan müxtəlif paytaxtları gəzərək erməni diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların "könlünü almağa" çalışaraq vəziyyəti qismən toparlamağa nail olmuşdu. Digər obyektiv və subyektiv səbəblərdən yarımçıq qalan bu prosesdən sonra 2018-ci ildəki hakimiyyət dəyişikliyinə və Nikol Paşinyanın iqtidara gəlməsinə qədər diasporla Ermənistan dövləti arasında hər hansı ciddi böhran və ya anlaşılmazlıq müşahidə olunmamışdı.

 

Paşinyanın hakimiyyətə gəlməsindən sonra yaranan soyuqluq 2020-ci ildəki Qarabağ müharibəsindən sonra Ermənistan və diaspor qüvvələri arasındakı münasibətlərin kəskinləşməsi ilə davam etdi. Beləliklə, münasibətlərdə uçurum yarandı.

 

2018-ci ilin aprelindəki etirazlardan sonra həmin ilin mayında baş nazir postuna yiyələnən Nikol Paşinyan 2019-cu il parlament seçkilərindən sonra hakimiyyətini möhkəmləndirdi, qanunverici orqanda hakim “İctimai Müqavilə” partiyasının da daxil olduğu blokun təmsilçiliyi genişləndi. Müəyyən qədər xalq dəstəyini hiss edən Paşinyan hakimiyyəti daha sərbəst hərəkət etməyə, müstəqil siyasət yeritməyə meyl göstərdi. Bu məsələdə Paşinyana mane olan və iqtidara şərik olmağa çalışan diasporun Ermənistana təsir rıçaqlarını minimallaşdırmaq üçün yeni hakimiyyət siyasi gediş etdi.

 

Belə ki, seçkilərdən sonra formalaşacaq hökumət kabinetində Diaspor Nazirliyinin olmayacağı və bu qurumun ləğv ediləcəyi açıqlandı. Bu qərar erməni diasporunda şok effekti yaratdı. Nikol Paşinyan “diaspora qarşı vəfasızlıq” etməkdə ittiham olundu. Yeni hakimiyyət müxtəlif ölkələrdəki diaspor təşkilatları tərəfindən tənqid atəşinə tutuldu. Qəzəbli diaspor iqtidarın qərarını dəyişdirmək üçün geniş kampaniyalara başladı. Nazirliyin ləğv edilməməsi üçün qalaq-qalaq məktublar, ictimai müraciətlər göndərildi. Bu azmış kimi diaspor cəmiyyətin və müxalif siyasi qüvvələrin Paşinyan hakimiyyətinə qarşı təpki göstərməsinə çalışdı.

 

Məsələn, Argentinadakı erməni diaspor təşkilatları qərardan narahat olduqlarını ifadə edərək, Paşinyana öz etirazlarını bildirdilər: “Dövlətin qərarlarına müdaxilə etmək hüququmuz yoxdur. Amma Diaspor Nazirliyinin ləğv olunması qərarına biganə qala bilmərik. Argentinadakı erməni icması bu mövzuya laqeyd qala bilməz”.

 

Bundan əlavə, Daşnaksütyun partiyasının Livandakı qoluna yaxın olan “Aztaq” qəzetinin baş redaktoru Şahan Qandaharyan, ABŞ-dakı “Asparez” qəzetinin baş redaktoru Vaçe Brudyan sözügedən qərarı tənqid etdilər, bu qərarın tələsik qəbul edildiyini və düzgün olmadığını deyərək, diasporun etiraz kampaniyasına qoşuldular.

 

O dövrdə diaspor nümayəndələri nazirliyin ləğvi məsələsinin onların iştirakı ilə müzakirə edilməli olduğunu deyərək, mütəxəssislərin fikirlərinin nəzərə alınmasını tələb edir, bu cür "vacib" qurumun şirkət kimi açılıb-bağlanmasının məsuliyyətsizlik olduğunu vurğulayırdılar.

 

Bundan başqa Kilikiya erməni kilsəsinin katalikosu I Aram da Nikol Paşinyana məktub göndərmiş, dünya ermənilərinin Diaspor Nazirliyinə ehtiyac duyduğunu bəyan etmişdi.

 

 

Nikol Paşinyan isə etirazlardan sonra diaspor təmsilçilərinin hökumətin qərarını yanlış anladığını, Diaspor Nazirliyinin ləğv edilməsinin diasporla əlaqələrin kəsilməsi mənasına gəlmədiyini vurğulamışdı. O, qərarı daha mobil hökumət qurmaq, nazirliklərin və dövlət qurumlarının sayının azaldılması üçün aparılan islahatlar və effektiv kabinet qurmaq planları ilə izah edirdi.

 

Şübhəsiz ki, Paşinyan qərarla hansı siyasi məqsədləri gerçəkləşdirmək niyyətində olduğunu açıqlayası deyildi. Ermənistanın vətəndaşı olmayan, bu ölkədə yaşamayan insanların nəticələri talelərinə təsir etməyən qərarların qəbul edilməsi üçün rəsmi İrəvana təzyiq göstərməsini əngəlləməyə çalışan, diasporun Ermənistan siyasətinə təsirini minimallaşdırmaq istəyən Paşinyan gözlənildiyi kimi qərarını dəyişmədi və Diaspor Nazirliyi ləğv olundu.

 

Bu qurumun əvəzinə Diaspor ilə Əlaqələr üzrə Komissarlıq yaradıldı. Yeni qurumun yaradılmasında da Paşinyanın həvəssiz olduğu onun bəzi açıqlamalarında hiss edilirdi. Belə ki, Ermənistan baş naziri ləğv edilmiş Diaspor Nazirliyinin səlahiyyətlərinin Nazirlər Kabinetində yaradılacaq kiçik şöbəyə və ya Xarici İşlər Nazirliyinə verilməsini istədiyini müxtəlif çıxışlarında dilə gətirmişdi. Lakin görünür, diaspor qurumlarının, müxalifətin və ictimaiyyətin etirazlarını nəzərə almalı olan hakimiyyət ləğv edilmiş nazirliyin əvəzinə daha aşağı statusa malik olsa da, oxşar qurum yaratmağa məcbur qalmışdı.

 

Lakin bundan sonra da Paşinyanın niyyətinə tam çatdığını söyləmək çətindir. Diaspor nümayəndələri yeni qurum – Diaspor ilə Əlaqələr üzrə Komissarlıq vasitəsilə Ermənistanın siyasi həyatında iştirak etməyə, siyasətə yön verməyə çalışırdılar. Müharibəyə qədər davam edən gərginlik və qarşılıqlı rəqabət şəraitində keçən dövr qeyri-müəyyənliklə yadda qaldı.

 

Müharibədəki məğlubiyyətdən sonra Paşinyanın hakimiyyətinin mövqeləri zəiflədi. Sözsüz ki, diaspor bundan istifadə edərək öz mövqeyini gücləndirməyə çalışdı. Xüsusən, diaspor təşkilatları tərəfindən külli miqdarda pulların, böyük məbləğdə ianələrin toplandığı “Hayastan” ümumerməni xeyriyyə fondunun vəsaitlərinin mənimsənilməsi ilə bağlı skandaldan sonra, fondun qeyri-şəffaf idarə edilməsi əsas gətirilərək edilən yardımlardan imtina olunması münasibətlərdəki gərginliyi pik həddə çatdırdı.

 

Erməni diasporunun nümayəndələri müharibədəki məğlubiyyətin əsas səbəbkarının məhz Nikol Paşinyan olduğunu iddia edərək, onu satqınlıqda və xainlikdə günahlandırdılar. Müxtəlif ölkələrdəki diaspor təşkilatları ortaq bəyanat imzalayaraq Paşinyanın istefasını tələb etdilər.

 

Lakin 2021-ci ildəki erkən seçkilərdən sonra hakimiyyətini qorumağı bacaran Nikol Paşinyan diaspora qarşı yenidən revanş götürdü. Bundan sonra Paşinyan məqsədini kadr dəyişiklikləri vasitəsilə reallaşdırmağa cəhd etdi. Belə ki, komissarlığın baş ofisinin rəhbəri Sara Ancarqolyan istefaya göndərildi. Onun əvəzinə daha loyal kadr hesab olunan və baş nazirə yaxınlığı ilə seçilən Zare Sinanyan gətirildi.

 

 

Ancaq Zare Sinanyan diasporla normal münasibətlər qurmaqda çətinlik çəkdi. Təsadüfi deyil ki, bu ilin iyununda Sinanyanın ABŞ-a səfəri zamanı diaspor fəalları onunla görüşməkdən imtina etmişdilər. Sinanyan Qlendeyl şəhərinə gələrək erməni icması ilə görüşmək istəsə də, onu əlində Qarabağa dair plakatlar tutan etirazçı kütlə qarşılamış, diaspor nümayəndələri “Xain Zare”, “Xain Nikol” deyə şüarlar səsləndirmişdilər. ABŞ-da etirazla qarşılanan Sinanyan Ermənistana qayıtmaq məcburiyyətində qalmışdı.

 

Bu ilin oktyabr ayında Paşinyanın həyat yoldaşı Anna Akopyan da oxşar olayla üzləşməli olub. Parisə səfəri zamanı Fransadakı erməni diasporunun qadın üzvləri ilə nəzərdə tutulmuş toplantıda A.Akopyan təhqir edilib. Ermənistanın ağır duruma düşdüyü və bunun baiskarlarının Nikol Paşinyan və Anna Akopyan cütlüyü olduğu barədə tənələr eşidən baş nazirin xanımı vəziyyətdən çıxmaqda çətinlik çəkib və bu hadisə ölkə mediasında, ictimaiyyət arasında geniş müzakirələrə yol açıb. 

 

 

Onu da bildirək ki, son vaxtlar Ermənistan və Türkiyə arasında başlanan normallaşma prosesi erməni diasporu arasında böyük narazılıq yaradıb. Hələ SSRİ dönəmindən bəri Moskvanın təsir dairəsində olan – bu, hətta Qərbdəki diaspora nümayəndələrinə də aiddir - diaspor fəalları müxtəlif media orqanları vasitəsilə yenidən Paşinyanı hədəfə alaraq, onu erməni xalqını satmaqda ittiham ediblər. Qarşılıqlı ittihamlar fonunda diaspor-Paşinyan gərginliyi daha da alovlanıb və bu günümüzə qədər davam etməkdədir. 

 

Diaspor-Paşinyan qarşıdurmasında kim qalb gələcək, bunu zaman göstərəcək...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır