Modern.az

“Sinir müharibəsi”: Azərbaycan irəliləyir - bəs sülh nə vaxta qaldı?

“Sinir müharibəsi”: Azərbaycan irəliləyir - bəs sülh nə vaxta qaldı?

Analitika

7 Dekabr 2022, 16:56

Ermənistanın təxribatçı addımları sülh müqaviləsinin imzalanması prosesini ləngidir. Bundan öncə Azərbaycan və Ermənistan arasında sülh sazişinin cari ilin sonunadək imzalana biləcəyi deyilirdi və bu istiqamətdə intensiv işlərin aparıldığı bildirilirdi. Lakin Ermənistan tərəfinin destruktiv mövqe sərgiləməsi sülh danışıqlarında durğunluq yaradıb. Gedişat onu deməyə əsas verir ki, ilin sonuna qədər, cəmi 26 gün ərzində sülhün əldə olunması mümkün olmayacaq. 

 

Bəs, sülh nə vaxta qaldı? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Turab Rzayev bildirib ki, sülh müqaviləsinin gecikməsinin əsas səbəbi sənədin forması ilə bağlı tərəflərin fərqli prioritlərinin olmasıdır:

 

“Burada Qərbin prioriteti Azərbaycanın tərkibində qalmaqla Qarabağa muxtariyyət verilməsidir. Rusiyanın mövqeyi isə münaqişənin müddətinin maksimum uzadılmasına yönəlib. Bu, Rusiyanın təsir imkanlarının qorunub saxlanılması ilə bağlıdır. Ermənistan isə müstəqilliyə bənzər status istəyir. Ruben Vardanyanın son çıxışında “biz azərbaycanlılarla sərhəddə yaşaya bilərik, ancaq birgə yaşaya bilmərik” deməsi də buna sübutdur. Azərbaycanın mövqeyi açıqdır. Qarabağ Azərbaycanın suveren ərazisidir. Heç bir halda kənar qüvvələrin müdaxiləsinə, təsiretməsinə imkan verilməyəcək”.

 

Politoloqun sözlərinə görə, belə olan halda tərəflərdən birinin güzəştə getməsi labüddür:

 

“Ola bilsin ki, Qərb Rusiyanın dəstəyi ilə Azərbaycan-Ermənistan arasında hansısa kompromisin əldə edilməsinə nail olsun. Bu da il sonuna qədər aktual görünmür. Münaqişəli vəziyyət gələn ilə qalacaq. Bu zaman Azərbaycan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə hərbi gücdən istifadə edə, prosesi tezləşdirə bilər”.

 

Turab Rzayev onu da vurğulayıb ki, hazırda Azərbaycan tərəfi sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə nəzarəti ələ almağa çalışır:

 

“Azərbaycanın dövlət rəsmilərinin Xankəndi və Xocalı səfərləri bunu deməyə əsas verir. Belə demək mümkündürsə, Azərbaycaycan “sinir müharibəsi” aparır və addım-addım ərazilərə öz nəzarətini bərpa etməyə  çalışır. Bildiyimiz kimi, Laçın yoluna xüsusi avadanlıq quraşdırılacaq və buraya Azərbaycan nəzarət edəcək. Ancaq bizim təşəbbüslərimizə sərt qarşılıq verilsə, hərbi gücdən də istifadə istisna deyil. Yaxud Ukrayna müharibəsinin gedişindən asılı olaraq Azərbaycan birbaşa hərbi əməliyyatlara əl ata bilər. İndiki halda yenə deyirəm ki, bizim üsulumuz hissə-hissə nəzarəti ələ almaqdan ibarət olacaq. Bir sözlə, bu il sülh müqaviləsinin imzalanması aktual deyil. Bu məsələ gələn ilə qalacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı