Modern.az

Xamenei azərbaycanlı ola bilməz - TƏHLİL

Xamenei azərbaycanlı ola bilməz - TƏHLİL

8 Dekabr 2022, 12:20

Son vaxtlar genişmiqyaslı etirazlar və yüzlərlə insanın öldüyü iğtişaşlarla dünyanın gündəmində olan İran daxilindəki dərin böhrana baxmayaraq, hələ də başqa ölkələrə qarşı fəaliyyətlərini davam etdirir.

 

Yaxın Şərqdəki uzunmüddətli kataklizmlərdən istifadə edən İran illər boyu müstəmləkəçilik yaşayan, daha sonra avtokratik rejimlər tərəfindən idarə olunan, “kövrək” dövlət aparatına və ənənələrinə malik region ölkələrinin başına gələn sonrakı müsibətlərdən – vətəndaş müharibəsi, xarici müdaxilələr, terror təhdidlərindən istifadə edərək haldan düşmüş, səfalət və bədbəxtlik içində yaşayan məmləkətlərdə dominantlıq qurmağa çalışıb.

 

Yoxsul insanlara humanitar yardım adı altında keyfiyyəsiz ərzaq və qida məhsulları, qatil tiranların başında durduğu çökməkdə olan hakimiyyətlərə və maliyyələşdirdiyi, himayə etdiyi “proksi” dəstələrinə metallom silahlar “ianə” edərək regionda yaranmış güc boşluğunu doldurmağa cəhd edən rəsmi Tehran Yaxın Şərqdəki bu siyasətini Cənubi Qafqaza – Azərbaycana da proyeksiya edə biləcəyini zənn edir. Müstəqilliyin ilk illərindən oxşar üsullarla ölkəmizə nüfuz etməyə çalışan İran rəhbəri, həmçinin din pərdəsindən də istifadə etməklə öz çirkin niyyətini reallaşdırmağı hədəfləyib.

 

30 ilə yaxın müddətdə məqsədinə çatmaqda çətinlik çəkən molla rejimi Azərbaycanda sosial baza formalaşdıra bilməyəcəyini dərk etmək istəmir və “islam inqilabı ixracı” hədəfinin röya olduğunu qəbullana bilmir.

 

 

Doğrudur, bu illər ərzində marjinal kəsimi ələ almağı bacaran, müəyyən mənada agentura şəbəkəsi formalaşdırmağa müvəffəq olan İranın Azərbaycan üçün yarada biləcəyi təhlükəni gözardı etmək, önəmsizləşdirmək də yolverilməzdir və cənubdan gələn təhdidləri düzgün qiymətləndirmək lazımdır. Amma bu o demək deyil ki, “içi özünü yandıran” İranın “çölünü özgələrini yandırması” görüntüsü yaratmasına imkan verilməlidir.

 

Azərbaycanın içində güclənə bilməyən İran rejimi daha çox Ermənistana dəstək üzərindən “din qardaşları” adlanırdığı əhalinin yaşadığı ölkəni zəiflətməyə çalışıb. Şuşanın işğalı zamanı İranın vasitəçiliyindən tutmuş, işğal dövründə Ermənistanın iqtisadi baxımdan ayaqda saxlanılmasından, II Qarabağ müharibəsində Rusiya silahlarının və hərbi texnikasının Ermənistana daşınması üçün öz ərazisində “dəhliz” yaratmasına qədər çox faktlar sadalamaq olar.

 

 

Daha çox diqqət çəkən isə İrandan qidalanan şəbəkənin bütün bunlarda “əməyi” olan ölkənin guya “azərbaycanlı” tərəfindən idarə olunduğu barədə daim saxta məlumatlar tirajlamasıdır.

 

Görünür, din aləti ilə Azərbaycanda istədiyi nüfuzu qazana bilməyən İran tərəfi milli və etnik amilin “imkanlarından” da yararlanmaq arzusundadır.

 

Əvvəla, onu qeyd etmək lazımdır ki, hər hansı insanın etnik mənsubiyyəti onun dünyagörüşünü, siyasi baxışlarını şərtləndirmir. Yəni, hətta sözügedən iddia doğru olsaydı belə, bu, heç nəyi dəyişməzdi. Məsələn, SSRİ-ni idarə etmiş İosif Vissarionoviç Cuqaşvili – Stalin də etnik mənşəcə gürcü idi, lakin bu, onun “kommunist beynəlmiləlçiliyi” adı altında Rusiya imperializminə xidmət etməsinə mane olmurdu.

 

Ümumiyyətlə, insanların etnik mənsubiyyətinin qabardılması etik hərəkət deyil və politkorrekt hesab olunmur. Bu cür kvalifikasiya özündə irqçi elementlər ehtiva edir və faşist təfəkkürdən xəbər verir. Siyasi xadimlərin də fəaliyyətini qiymətləndirmək üçün hansı etnik qrupun nümayəndəsi olması kriteriyası yox, əməlləri əsas götürülməlidir.

 

Hərçənd ki, yuxarıda qeyd etdiyimiz kimi, İran liderinin – ölkənin ali dini rəhbəri Seyid Əli Xameneinin azərbaycanlı olması barədə tirajlanan məlumatlar saxtadır və həqiqəti əks etdirmir. Bəli, Məşhəddə anadan olan Xameneinin ailəsi əvvəllər Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində yaşayıb.

 

Onlar etnik baxımdan olmasa da, coğrafi baxımdan azərbaycanlı ola bilərlər. Amma bunun da Xameneinin rəhbərlik etdiyi ölkənin yürütdüyü siyasətə aidiyyatı yoxdur. Digər tərəfdən, Ermənistanın da iki eks-prezidenti Azərbaycanda, biri isə Suriyada doğulub. Bu mənada eyni məntiqlə şərti olaraq Sarkisyan və Koçaryan azərbaycanlı, Ter-Petrosyan isə suriyalı hesab olunmalıdır. Təkrar edək, bu nəyi dəyişir ki?

 

“Qarabağın Azərbaycana qaytarılmasından razıyıq. Əlbəttə, İranla Ermənistan arasında sərhədin bağlanması siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir əlaqə yoludur”.

 

Bunu ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra “azərbaycanlı” Xamenei tviter səhifəsində yazıb.

 

“Azərbaycanlı” İran lideri nəinki Azərbaycan və Türkiyənin, hətta Ermənistanın da işinə qarışır. Bəlkə Ermənistan İranla sərhəd ərazisini (əlbəttə, hipotetik olaraq) könüllü şəkildə Azərbaycana verəcək? Bundan İrana nə?

 

 

Yaxud başqa nümunəyə nəzər salaq: “İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə yaşanan hadisələrin həll yolu xarici güclərin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır. Başqalarına güvənərək, öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər yaxında sillə yeyərək, cəzalarını görəcəklər. Hər kəs bilməlidir ki, qardaşlarına quyu qazanlar öncə özləri o quyuya düşəcək”.

 

Bunu da İranın ali dini rəhbəri Seyid Əli Xamenei yazıb. Burada şimali-qərbdəki qonşu deyəndə Azərbaycan, xarici güclər deyəndə isə Türkiyənin, İsrailin nəzərdə tutulduğu şübhə doğurmur. “Qardaşlar” guya yenə Azərbaycan və İrandır.

 

Bəs azərbaycanlı Azərbaycanı belə təhdid edərmi? Azərbaycanlının idarə etdiyi ölkə Azərbaycana “siyasi mesaj” vermək üçün Qafanda - yarımtikili binada tələsik konsulluq açarmı? Yaxud Ermənistana dəstək verərmi?

 

Təbii ki, bu sualların bir cavabı var. Özünü azərbaycanlı adlandıran, damarında azərbaycanlı qanı axan şəxs öz soydaşlarının qanına əli bulaşmış canilərə, məscidlərdə donuz saxlayan barbarlara, günahsız uşaqları qətlə yetirən terrorçulara dəstək ola bilməz. Bunu edənlər ermənidən daha qatı düşməndir və onlara azərbaycanlı demək bizə həqarətdir.

 

İran liderinin “azərbaycanlı” olması barədə kampaniya Azərbaycanda İran hakimiyyətinə qarşı simpatiya yaratmaq üçün ucuz təbliğatın bir parçasıdır. Son vaxtlar isə daha çox Güney Azərbaycandakı soydaşlarımızın hüquqları məsələsi gündəmə gələndə intellektdən məhrum arqumentasiya üçün material rolunu oynayır və qalxan kimi istifadə edilməyə çalışılır.

 

İnandırmağa çalışırlar ki, öz dilində təhsil almaq, qəzet buraxmaq, tamaşa göstərmək hüququ olmayan azərbaycanlılar guya İranı idarə edir. İstəyirlər elə bilək ki, İrandakı soydaşlarımızın vəziyyəti güllük-gülüstanlıqdır.

 

Elədirsə, Səttarxanın məşrutəsindən, Xiyabaninin Azadistanından Pişəvəri hərəkatına, Xordad hadisələrinə, bu günə - Abbas Lisaniyə, Əlirza Fərşiyə qədər olan milli hərəkat nəyin uğrunda mübarizə aparır? Milli haqlarını tələb edən insanlar niyə tutulur, işgəncə görür, edam edilir?

 

Dırnaqarası azərbaycanlının idarə etdiyi İranda gerçək vəziyyət belədir. 

 

Hazırladı: Modern.az təhlil qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir