Modern.az

Məramı sülh olmayanlar haqq mübarizəmizə nə qədər duruş gətirəcək?!

Məramı sülh olmayanlar haqq mübarizəmizə nə qədər duruş gətirəcək?!

13 Dekabr 2022, 11:24

Artıq 1 sutkadır ki, Azərbaycanın Şuşa rayonu ərazisində - Laçından Xankəndiyə gedən yolda ekoaktivistlər və ekologiya üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələri aksiya keçirirlər. Aksiyaçıların əsas tələbi Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovun gəlməsi və qondarma qurum tərəfindən qanunsuz olaraq istismar olunan qızıl yataqlarında Azərbaycan rəsmilərinin ekoloji monitorinq aparmasına şərait yaradılmasıdır.

 

Lakin erməni diasporunun nümayəndələri, eləcə də Ermənistandakı ictimai fəallar, özünü qondarma rejimin “rəsmiləri” kimi təqdim edən şəxslər bu aksiya barədə beynəlxalq arenada mənfi imic yaratmağa, Azərbaycanın guya Qarabağdakı erməni əhalini blokadaya alması, hətta soyqırımı törədəcəyi barədə rəy formalaşdırmağa çalışırlar. Qarayaxma kampaniyası aksiya ilə paralel olaraq davam etməkdədir.

 

Lakin ermənilərin təbliğatının istədikləri kimi nəticələnəcəyi barədə arzuları çin olmayacaq, çünki həm siyasi, həm də hüquqi baxımdan bütün bu iddialar absurddur.

 

Əvvəla, beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan ərazilərdə Azərbaycan vətəndaşlarının etiraz aksiyası keçirməsi, sərbəst toplaşma azadlığı kimi konstitusion hüquqlarından istifadə etməsi son dərəcə təbiidir. Azərbaycan vətəndaşları öz ölkələrinin ərazisində hər hansı tədbir keçirmək üçün nə Rusiya sülhməramlılarından, nə ermənilərdən, nə də başqa bir qüvvədən icazə almalı deyil.

 

Azərbaycanın guya təxribat törətməsi, “məzlum və əzabkeş erməniləri” blokadaya alması, onlara ekzistensial təhdid yaratması barədə yalanlar da puç və böhtandır. Ermənilərin bu yalanlarla aldatmağa çalışdığı beynəlxalq ictimaiyyət də, necə deyərlər, “çörəyi qulağına yemir” və Azərbaycanın belə addım atmadığını çox gözəl bilir. Əgər rəsmi Bakının belə bir niyyəti olsaydı, bunu II Qarabağ müharibəsinin gedişində edə bilərdi, lakin bu ehtimal hətta nəzəri olaraq da mövcud deyil. Çünki Azərbaycan nəinki torpaqlarını azad etdikdən sonra, hətta işğal dövründə də hər zaman humanist yanaşma sərgiləyib. Qarabağ erməniləri hər zaman Azərbaycan vətəndaşları hesab olunub və onların ölkəyə reinteqrasiyası barədə siyasət yürüdülüb. Müharibədən - Azərbaycanın qələbəsindən sonra da Rusiya sülhməramlılarının nəzarət zonasında yaşayan erməni əhalisinin kommunal xidmətlərə əlçatanlığına, sosial infrastruktura çıxışının təmin olunmasına, qaz, su, elektrik kimi təməl ehtiyacların ödənilməsinə şərait yaradıb.

 

Ermənilərin aksiya iştirakçılarının guya hərbçilər olması, xüsusi təyinatlı qüvvələrin etirazlara qatılması kimi ucuz fəndləri də bir işə yaramayacaq. Çünki aksiya iştirakçıları müxtəlif ictimai birliklərin, təşkilatların rəhbər şəxsləri və nümayəndələridir ki, internet əsrində bu cür publik fiqurlar haqqında məlumat əldə etmək çox asandır. Görünür, erməni təbliğat maşını beynəlxalq ictimaiyyəti gerizəkalı hesab edir və qondarma erməni “soyqırımı”nda “ölənlərin” sayını şişirtdiyi kimi, bu informasiyaların da yoxlanmadan qəbul ediləcəyini zənn edir.

 

 

Digər tərəfdən, ermənilər aksiyanın başa çatmasını və etirazçıların ərazini tərk etməsini istəyirlərsə, himayəsinə sığındıqları və mədət umduqları Rusiya sülhməramlılarına üz tutmalıdırlar. Qoy onlar 1 sutkadır aksiyaçıları soyuqda, şaxtada gözlədən Volkovdan xahiş etsinlər ki, azərbaycanlı etirazçıların tələbini yerinə yetirsin və aksiyanın keçirildiyi əraziyə gələrək ekoloji monitorinqin keçirilməsinə şərait yaradılacağı barədə söz versin.

 

Çünki Volkov gəlməsə, aksiya davam edəcək... Aksiyaçılar sona qədər dözəcək. Maraqlıdır, məramı sülh olmayanlar azərbaycanlıların haqq mübarizəsinə nə qədər duruş gətirəcə biləcəklər?

 

Hazırladı: Modern Təhlil qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!