Modern.az

Britaniya kəşfiyyatının şefi İrəvana niyə gəlmişdi... - Politoloq üç ehtimal irəli sürdü

Britaniya kəşfiyyatının şefi İrəvana niyə gəlmişdi... - Politoloq üç ehtimal irəli sürdü

18 Dekabr 2022, 16:12

“Ermənistanın əsas təhlükəsizlik problemlərinin həlli heç bir halda Böyük Britaniyanın xarici siyasət maraqları çərçivəsinə daxil deyil. Bu baxımdan Böyük Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Murun İrəvana etdiyi səfər müəyyən suallar və şübhələr doğurub”.

Modern.az xəbər verir ki, bu fikirləri Ermənistan mediasına erməni politoloq Hrant Mikaelyan bildirib.


Xatırladaq ki, Britaniya kəşfiyyatının rəhbəri dekabrın 16-da İrəvana səfər edib və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Bu səfərdən bir neçə gün əvvəl isə Riçard Mur Londonda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qəbul etmişdi.


Politoloq Hrant Mikaelyanın sözlərinə görə, son 30 ildə Böyük Britaniya heç vaxt Ermənistana qarşı ciddi dostluq münasibəti nümayiş etdirməyib.


Ekspert onu da diqqətə çatdırıb ki, Riçard Mur keçmişdə Türkiyədə səfir olub, ondan əvvəl uzun müddət Türkiyədə Britaniya kəşfiyyatının işinə nəzarət edib və Türkiyə prezidentinin lobbiçisi kimi şöhrət qazanıb.


“Üstəlik, Murun 2020-ci ilin oktyabrında Mİ6-nın direktoru təyin edilməsi bir çoxları tərəfindən o vaxt Dağlıq Qarabağda qızışan 44 günlük müharibə ilə əlaqələndirilmişdi. İndi bir növ “üçbucaq”dan danışmaq olar. Əgər Ermənistan hakimiyyəti Riçard Murla əlaqə saxlayırsa, deməli, üçüncü tərəf də var - Türkiyə. Və bu, əslində, İrəvanla Ankara arasında dolayı təmaslar da demək olar. Amma bu təmaslar kimin gündəliyi ətrafında gedir, bunu demək çətindir”, - Mikaelyan bildirib.


Politoloq Ermənistan hökumətinin mətbuat xidmətinin baş nazir Paşinyanın Murla regional təhlükəsizlik çağırışlarını müzakirə etməsi barədə xəbərinə son dərəcə şübhə ilə yanaşır.

“Qeyd olunan 30 illik “fon”u nəzərə alaraq, Murun Ermənistana bu çətinliklərin öhdəsindən gəlməsində necə kömək edə biləcəyi aydın deyil. Hər halda, kəşfiyyat rəhbərinin səfərinin məhz indi baş tutması diqqəti cəlb edir”.

Hrant Mikaelyan ingilislərin əsl marağının Ermənistanın özü ilə deyil, qonşu İranla bağlı olduğuna inanmağa meyllidir.
 

Mikaelyan deyir ki, hazırkı səfərdən ay yarım əvvəl Ankarada Böyük Britaniya, Türkiyə, İsrail və hətta böyük ehtimalla Azərbaycanın müdafiə nazirlərinin qapalı iclası keçirilib. Bu görüşün əsas mövzusu məhz İranla bağlı olub, çünki o zaman İranda etirazlarla bağlı çətin daxili vəziyyət yaranmışdı.


"Bildiyimiz kimi, İsrail nüvə proqramına görə İrana qarşı hərbi əməliyyat keçirmək imkanını ciddi şəkildə nəzərdən keçirir. Bu kontekstdə Ankaradakı görüşdə zərbə ssenarisinun müzakirə  olduğunu istisna etmirəm", - ekspert bildirib.

Politoloq deyib ki, türkləri və ingilisləri maraqlandıran başqa bir məsələ Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması prosesini nəzərdən keçirməkdir.

“Rusiyanın Ermənistan Respublikası və Qarabağ ərazisində hərbi mövcudluğunu nəzərə alsaq, bu kontekstdə İrəvan xüsusi əhəmiyyət kəsb edir”.


Erməni politoloq deyib ki, Riçard Murun İrəvandakı danışıqlarının üçüncü mümkün mövzusu Qarabağ probleminin həlli ola bilər, yəni səfər onun azərbaycanpərəst olmasında irəli gələ bilər.
 

"Əgər söhbət Qərbin danışıqlar platformalarından gedirsə, o zaman əvvəlcə Brüssel formatı, sonra Vaşinqton formatı var idi. İndi britaniyalılar yəqin ki, İrəvanı bu danışıqlara sıxışdırmaq istəyirlər. Deməliyəm ki, hipotetik variant daha çox azərbaycanpərəstlik ola bilər. Biz London və Paris arasında ənənəvi rəqabəti də başa düşməliyik. Bildiyiniz kimi, Paris daha çox ermənipərəst mövqe tutur”, - politoloq qeyd edib.
 

Ermənistanın Britaniyanın fəallığından gözləntilərinə gəlincə, politoloq deyib ki, İrəvanın Londondan hərbi yardım gözləməyi mənasızdır. Belə yardım ingilislərin regiondakı geosiyasi planlarına və maraqlarına ziddir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir