Modern.az

“Ərdoğan bu iki namizədə 1-ci turda qalib gələ bilməyəcək” - ŞƏRH

“Ərdoğan bu iki namizədə 1-ci turda qalib gələ bilməyəcək” - ŞƏRH

Analitika

20 Dekabr 2022, 14:20

“Fikrimcə, İYİ Partiya sədri Meral Akşener Türkiyədə prezident seçkisi üçün “qazanacaq namizədi irəli sürək” yanaşmasında haqlıdır”.

Modern.az-ın məlumatına görə, bunu Türkiyədəki seçki durumunu şərh edən politoloq Elxan Şahinoğlu bildirib.
 

Ekspertin fikrincə, əgər İstanbul bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu və ya Ankara bələdiyəsinin  başçısı Mansur Yavaş hazırkı prezident Rəcəb Təyyub Ərdoğanla mübarizədə CHP lideri Kamal Kılıçdaroğludan daha çox səs toplamaq imkanına malikdirlərsə “altılı masa”nın onlardan birinə üstünlük verməsi normaldır.

“Oktyabr ayında Ankarada müxtəlif çevrələrin nümayəndələri ilə görüşdüm və çoxunun ümumi fikri Meral Akşenerin yanaşmasyıla üst-üstə düşürdü, yəni güclü namizədin irəli sürülməsinə ehtiyac var.

Əlbəttə, ana müxalifət partiyasının lideri olaraq Kamal Kılıçdaroğlunu da anlamaq olar, iki prezident seçkisində iştirak etmədi, bu dəfə də iştirak etməsə partiyadaşları arasında reytinqi aşağı düşəcək. Ancaq onda gərək Kamal Kılıçdaroğlu “altılı masada” iştirak etməzdi. Əgər CHP lideri “müxalifətin vahid namizədi olsun” prinsipini qəbul edibsə, şəxsi siyasi maraqlarını arxa plana atmaq məcburiyyətindədir”, - E.Şahinoğlu deyib.
 

Siyasi şərhçinin müşahidələrinə görə, Ərdoğan-Kılıçdaroğlu yarışmasında birincinin qələbə şansı yüksəkdir.

“Amma Əkrəm İmamoğlu və ya Mansur Yavaş müxalifətin vahid namizədi olarsa, seçki Ərdoğan üçün çətin keçəcək. Bu halda prezident seçkisinin ikinci tura keçməsi ehtimalı yaranacaq”.

Türkiyədə prezident və parlament seçkiləri gələn ilin ortalarında keçiriləcək.

İqtidara qarşı altı müxalifət partiyası "Millət ittifaqı"nda birləşib:  İYİ Partiya (lideri Meral Akşener), Səadət Partiyası (lideri Temel Karamollaoğlu), Demokrat Partiya (lideri Gültekin Uysal, Gələcək Partiyası (lideri Əhməd Davudoğlu), DEVA Partiyası (lideri Əli Babacan) və Cümhuriyyət Xalq Partiyası ( lideri Kamal Kılıçdaroğlu).

Hakim Ədalət və İnkişaf Partiyası (lideri Rəcəb Tayyib Ərdoğan) isə Milliyətçi Hərəkat Partiyası (lideri Devlet Bahçeli) ilə "Cümhur ittifaqı"nda birləşib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!