Modern.az

Zelenskinin Baxmuta səfəri müharibənin gedişatına necə təsir edəcək? - ANALİZ

Zelenskinin Baxmuta səfəri müharibənin gedişatına necə təsir edəcək? - ANALİZ

Analitika

20 Dekabr 2022, 23:50

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski şiddətli döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhərinə səfər edib.

 

Modern.az bildirir ki, prezidentin sözçüsü Sergey Nikiforov Zelenskinin ön cəbhəyə baş çəkdiyini təsdiqləyib.

 

Bildirilib ki, prezident Zelenski döyüşçüləri fərqlənmə nişanları və qiymətli hədiyyələrlə təltif edib.

 

Prezidentin mətbuat xidmətinin yaydığı videoda Zelenskinin gurultulu alqışlar fonunda sənaye kompleksində keçirilən tədbirdə əsgərlərə medallar təqdim etməsi görünür. Zelenski çıxışı zamanı şəhərdəki döyüşçüləri əhval-ruhiyyələrini qorumağa çağırıb.

 

"Şərq dayanır, çünki Baxmut döyüşür. Şiddətli döyüşlərdə və çoxlu həyatlar bahasına burada hamımız üçün azadlıq müdafiə olunur. Ona görə də mən bu gün onlarlayam. Onlar fövqəlbəşərdirlər. Onlar bizim gücümüz və qəhrəmanlarımızdır", - deyə Zelenski "Telegram" kanalında yazıb.

 

Baxmut uğrunda döyüşlərin getdiyi bir vaxtda Zelenskinin bölgəyə səfəri Ukrayna ordusunun əhval-ruhiyyəsi üçün vacib hesab edilir. Qərb mətbuatı səfərin olduqca cəsarətli addım olduğunu bildirir. 

 

Məlumat üçün bildirək ki, Baxmut istiqamətində döyüşlər beşinci ayına qədəm qoyub. Şəhər güclü raket zərbələri nəticəsində xarabalığa çevrilib. Müharibədən əvvəl 80 minə yaxın əhalisi olan şəhərdə cəmi 10 min adam qalıb, əsas ictimai obyektlər və yaşayış binaları dağılıb.

 

Şəhər hər iki tərəf üçün strateji hesab edilir. Baxmut Ukrayna üçün əhəmiyyətli hesab edilən avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir. Ruslar şəhəri ələ keçirə bilsə, Kramatorsk və Slovyanska istiqamətinə yol açılacaq. Eyni zamanda Ukrayna ordusu şəhəri müdafiə edə bilsə, işğal altında olan Lisiçansk və Severodonetsk bölgələrini azad etmək xeyli asanlaşacaq.

 

Ancaq bir sıra ekspertlər şəhər uğrunda gedən döyüşlərin mənasız olduğunu düşünür. Rusiya ordusunun keçmiş zabiti İqor Qirkin (o, həm də Ukraynada 2014-cü ildə separatçı hərbi birləşmələrin yaradılmasında rol oynayan hərbçilərdən biridir-red) Rusiya tərəfinin Baxmutdakı strategiyasının “axmaq” olduğunu düşünür. O deyir ki, ruslar Baxmutu ələ keçirsə, Ukrayna ikinci müdafiə xəttinə çəkilib, arxada yeni müdafiə xətləri quracaqlar.

 

Müşahidəçilər isə bildirirlər ki, müharibənin birinci öldünümü yaxınlaşdıqca döyüşlərin intensivliyi artacaq. Lakin Zelenski və Ukrayna generalları bir müddət əvvəl "The Economist" jurnalına müsahibələrində yanvar ayında Kiyev də daxil olmaqla Rusiyanın bir çox istiqamətdə genişmiqyaslı hücuma hazırlaşdıqlarını bəyan ediblər. Onların sözlərinə görə, bu dəfə Belarus da hücumlarda iştirak edəcək.

 

Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl Belarusa səfər edib. Qərb mətbuatı onun Belarus lideri Aleksandr Lukaşenkonu müharibəyə qoşulmağa məcbur etdiyini yazıb, Kreml isə ənənəsinə sadiq qalaraq, iddiaları təkzib etməklə kifayətlənib.

 

Baxmuta gəlincə, bu şəhərin ələ keçirilməsi Rusiya üçün psixoloji məsələdir. Xarkov və Xerson istiqamətində ağır məğlubiyyətə uğrayan Rusiya ordusuna yeni qələbələr hava və su kimi lazımdır. Ancaq ekspertlər düşünürlər ki, Rusiya Baxmut istiqamətində qələbə qazansa belə, bu, "Pirr qələbəsi" olacaq. Çünki Moskva Baxmut uğrunda döyüşlərdə xeyli resurs sərf edib və ciddi itkilər verib.

 

Bu baxımdan deyə bilərik ki, Zelenskinin səfər etdiyi şəhərdə qələbə qazanmaq Rusiyaya həm daxildə, həm də xaricdə təbliğat üçün lazımdır, həm də tezliklə... 

 

Bəs Rusiya istəyinə nail ola biləcəkmi? Bu sualın cavabı həm Rusiya tərəfini, həm də Ukraynanı ciddi düşündürür. Ancaq görünən odur ki, Baxmut qələbəsini elan etmək Rusiya üçün elə də asan olmayacaq.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir