Modern.az

Vardanyanın Paşinyanı devirmək planı - Kreslo davasının pərdəarxası

Vardanyanın Paşinyanı devirmək planı - Kreslo davasının pərdəarxası

Analitika

23 Dekabr 2022, 10:08

Bu ilin sentyabr ayında erməni biznesmen Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə köçmək niyyətində olduğunu açıqlayanda, onun Qarabağa gəlişinin xoşməramlı olmadığı hər kəsə məlum idi. Vardanyanın Rusiyada qeyri-şəffaf yollarla əldə etdiyi milyonları ataraq, Azərbaycan ərazilərinə müəmmalı köçü, ardınca separatçı qurumda "vəzifəyə" gətirilməsi onun Rusiyanın layihəsi olması barədə deyilənlərin real olduğunu göstərdi.

 

Doğrudur, Moskva Vardanyanla əlaqələrini danmağa çalışır, lakin Qarabağda cərəyan edən proseslər bu işdə rus barmağı olduğunu bütün çılpaqlığı ilə ifşa edir. Bununla bağlı xeyli fakt ortaya qoymaq olar. Ancaq bizi maraqlandıran əsas məsələ onun Xankəndi şəhərinə yerləşdirilməsinin pərdəarxası məqamlarıdır. 

 

Ermənistan mətbuatına və sosial şəbəkələrin erməni seqmentinə nəzər yetirərkən, həmvətənlərinin də Vardanyanla bağlı birmənalı mövqedə olmadığını görmək olar. Hətta ermənilər də ehtimal edirlər ki, özünü "xilaskar" kimi qələmə verən Vardanyan əvvəlcə Qarabağdakı separatçı qurumun “rəhbərliyinə” gətiriləcək, daha sonra Xankəndidən İrəvana, Ermənistan hakimiyyətinin başına transfer ediləcək. Daha dəqiq desək, Rusiya aşiqi olan milyarderin qarşısına qoyulan hədəf baş nazir Nikol Paşinyanı devirib, onun səltənətinə yiyələnməkdir. 

 

Rusiyanın siyasi dairələrinə yaxın mənbələr bildirirlər ki, yaxın gələcəkdə Ermənistanda siyasi yenidənqurma prosesi qaçılmaz olacaq. Belə ki, 44 günlük müharibədəki məğlubiyyətdən sonra özünə gələ bilməyən Ermənistanda sadə vətəndaşların Paşinyana ümidləri üzülüb, onlar düşdükləri durumdan xilas olmaq üçün yeni "qəhrəman" axtarışındadır. Bütün bunların fonunda Qərbyönümlü Baş nazirin Rusiya ilə münasibətlərdə ikili oyun sərgiləməsi onun Moskvanın əli ilə hakimiyyətdən uzaqlaşdırılması barədə müzakirələri yenidən aktuallaşdırıb. Erməni siyasi şərhçilərin fikrincə, Rusiyanın təlimatı əsasında hərəkətə keçən Vardanyanın hazırda əsas məqsədi Ermənistan cəmiyyətində nüfuz qazanmaqla Paşinyanın yerinə keçməkdir ki, proseslər buna doğru gedir. 

 

Paşinyanla Vardanyan arasında kreslo davası

 

Əvvəlcə onu bildirək ki, Moskvanın İrəvanda hakimiyyət dəyişikliyi planının əsas səbəbi Nikol Paşinyanın Rusiyaya dönüklüyüdür. Kremldəkilər Ermənistanda anti-rusiya əhval-ruhiyyəsinin artdığının fərqindədir. Orta hesabla Ermənistan vətəndaşlarının 18%-i Rusiyaya qarşıdır. Bu, çox böyük rəqəmdir, xüsusən də elita arasında daha təhlükəli hesab edilir.

 

Rusiyanın adamı olan Ruben Vardanyanın Xankəndiyə gəlişi bu səbəbdən təsadüfi deyil.  İş adamının Xankəndiyə köçməsi bəzi suriyalı və qərbyönlü dairələrdə çaxnaşma yaradıb. Onlar Vardanyana qarşı əks-təbliğat aparmağa və Kremlin onu Xankəndiyə göndərdiyi tezisini yaymağa çalışırlar. Bu fakt həmçinin Ermənistanda Rusiya-Qərb çaxnaşmalarını da qızışdırır.

 

Paşinyan Vardanyanın Xankəndi də olmasından məmnun deyil. Separatçı "dövlət naziri" Ermənistan Baş naziri ilə görüşdüyünü, Qarabağ ermənilərinin problemlərini onunla müzakirə etdiyini açıqlasa da, Paşinyan bunu təkzib edərək, belə bir görüşün olmadığını açıqlayıb.

 

Rusiya niyə Paşinyanın yerinə Vardanyanı seçib? 

 

Xatırladaq ki, Ruben Vardanyan Rusiyanın ən böyük şirkətlərindən olan “Troyka”nın sahibidir.  “Troyka” əsas bizneslə yanaşı, offşor şirkətlər sistemi yaradıb və onun vasitəsilə külli miqdarda pullar gizli şəkildə Rusiyanın ən güclü adamlarına ötürülüb. Bir neçə il ərzində bu şirkətlərin hesablarından 4,5 milyard dollardan çox vəsait keçib. Pullar əsasən Rusiyadan milyardlarla rublun yuyulması, nağdlaşdırılması və ya qeyri-qanuni çıxarılması ilə bağlı cinayət işlərində iştirak edən şirkətlərdən daxil olub. 2012-ci ildə “Troyka” Rusiyanın ən böyük banklarından biri olan “Sberbank”a satılıb. Şirkətin Nyu-York və Londonda ofisləri var. Bir sözlə, “Troyka”nın offşor dəyirmanında milyonlarla dollar “üyüdülüb”. 

 

Ermənistana gəlincə, ilk vaxtlar özünü “xilaskar” obrazı ilə göstərən Vardayana artıq erməni xalqı əvvəlki kimi güvənmir.  Ermənilər Vardanyanın nə məqsədlə Xankəndiyə gəldiyini anlayır, onun getməsi üçün çağırışlar edirlər. Narazı ermənilər etiraf edirlər ki, Vardanyan öz maraqlarının arxasınca qaçır. Bəziləri isə düşünür ki, Ruben Rusiya vətəndaşlığından imtina etməklə Qərbin sanksiyalarından xilas olmağı hədəfləyir. Qarabağda yaşayan ermənilər də artıq onun səmimiyyətinə etibar etmir, Azərbaycan tərəfi ilə özləri danışıq aparmağı məqsədəuyğun hesab edirlər. Separatçılar isə erməni əhalisinin Azərbaycana yaxınlaşmasını əngəlləmək üçün təhdidlərə əl atır, sadə vətəndaşları ölümlə hədələyirlər.

 

Vardanyan isə bütün bunları görməzdən gəlir, “məzlum” ideologiyasından çıxış edərək guya Xankəndidə 120 min erməni əhalisinin ac-susuz, qazsız qaldığını bildirir. Hətta 30 min uşağın çətin vəziyyətdə olduğunu iddia edir. Əlbəttə, bu iddialar tamamilə gülünc və sərsəmdir. Əvvəla ona görə ki, Xankəndidə 120 min erməni nə vaxt peyda olub? Bu rəqəm hansı mənbələrə əsaslanır?

 

Bunu yalnız belə izah etmək olar ki, indiyədək başı maliyyə maxinasiyalarından ayılmayan Vardanyan əhalinin sayını şişirtməklə köhnə vərdişlərinə sadiq qaldığını göstərməyə çalışır. 

 

Vardanyan saxtakarlıqla kifayətlənməyərək, özünü həm də əsl separatçı kimi aparır. Bu yaxınlarda Qarabağda yaşayan erməni qadın, hüquq müdafiəçisi bəyan edib ki, Xankəndi-Laçın yolunda aksiya keçirən azərbaycanlı fəallarla danışmağa, humanitar məsələlərdə razılaşmağa hazırdırlar. Ancaq Vardanyan onu təhdid edərək, ermənilərə “biz bu hərəkətləri etməməliyik” kimi xəbərdarlıq ünvanlayıb. Bəzi sakinlər isə sosial şəbəkə paylaşımlarında onsuz da səfalət və aclıq içində olduqlarını bildirərək, Vardanyanın Qarabağ sakinlərindən əl çəkməsini tələb ediblər. Bildirilib ki, siyasət onluq deyil və istefa verməlidir.  

 

Görünən odur ki, bir çox ermənilər artıq Rusiyanın adamı olan Vardanyanın əsl xislətini anlayır və ondan qurtulmaq üçün çıxış yolu axtarır.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır