Modern.az

“Patriot” nədir və Ukraynanı xilas edə biləcəkmi... - ANALİZ 

“Patriot” nədir və Ukraynanı xilas edə biləcəkmi... - ANALİZ 

Analitika

23 Dekabr 2022, 22:00

Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri ərəfəsində Bayden administrasiyası Kiyevə daha 1,85 milyard dollarlıq hərbi yardımın ayrılacağını bəyan edib. Yeni hərbi yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri də daxildir.

 

Bir çox ekspert və müşahidəçilər Zelenskinin səfərini və “Patriot” sistemlərinin tədarükünü Ukraynadakı müharibədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.

 

Məlumat üçün bildirək ki, dünyanın ən müasir hava hücumundan müdafiə sistemlərindən biri hesan edilən “Patriot” ABŞ-ın “Raytheon” şirkəti tərəfindən istehsal edilir. Sistem ilk dəfə 1991-ci ildə Körfəz Müharibəsi zamanı Səudiyyə Ərəbistanı, Küveyt və İsraili İraqın keçmiş lideri Səddam Hüseynin raket zərbələrindən qorumaq üçün istifadə olunub. 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı sistemlərdən aktiv istifadə olunması müşahidə edilib.

 

“Patriot” sistemi komanda-idarəetmə məntəqəsi, daxil olan təhdidləri aşkar etmək üçün radar stansiyası və raket buraxılış qurğularından ibarətdir. İstifadə olunan raketin növündən asılı olaraq, sistem 40-160 kilometr məsafədəki hədəfləri aşkar edə bilər. Lakin ABŞ Ukraynaya hansı növ raketlərin göndəriləcəyi barədə məlumat verməyib. 

 

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin məlumatına görə, yeni istehsal edilən bir “Patriot” batareyasının qiyməti 1 milyard dollardan çoxdur, sistemin özünün qiyməti 400 milyon dollar, batareyadakı raketlərin qiyməti isə 690 milyon dollardır. “Raytheon” şirkəti indiyədək 240-dan çox “Patriot” sistemi istehsal edib və hazırda ABŞ da daxil olmaqla 18 ölkə tərəfindən istifadə olunur. Sistem Yaxın Şərqdə İranın bölgə üçün yaratdığı təhlükə səbəbindən yüksək tələbat qazanıb. Şirkətin məlumatına əsasən, sistem 2015-ci ildən bəri döyüşdə 150-dən çox ballistik raketi ələ keçirib.

 

Ağ Evin açıqlamasında Ukraynaya bir batereya “Patriot” hava hücumundan müdafiə sistemi veriləcəyi bildirilib. Açıq mənbələrdə olan məlumata görə, bir batereya sistemə birində dörd raket buraxa bilən 8 buraxılış qurğusu daxildir. Bu, o deməkdir ki, bir batereya sistem 32 eyni vaxtda 32 raket buraxa bilər. Ekspertlər isə hesab edirlər ki, bu, Ukrayna üçün kifayət deyil. 

 

“Patriot”u Ukraynanın döyüş meydanında yerləşdirməsi üçün bir neçə ay tələb olunur. ABŞ rəsmiləri “Reuters”ə bildiriblər ki, “Patriot” sistemi əvvəlcə Almaniyaya göndəriləcək və burada Ukrayna əsgərləri onlardan istifadə etməyi öyrənəcəklər. Çünki bir “Patriot” sisteminin texniki baxışı, xidməti, istifadəsi üçün 90-a yaxın hərbçi lazımdır. Buna görə də, təlim aylarla çəkə bilər.

 

Ukrayna tərəfi bildirib ki, Rusiya qüvvələrinin raket və pilotsuz uçuş aparatlarının zərbələrindən qorunmaq üçün daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. İndiyədək ABŞ Ukraynaya NASAMS adlı sistemlər göndərib. “Patriot” sistemi təyyarələr və ballistik raketlər kimi təhdidlərin qarşısını almaq üçün nəzərdə tutulsa da, Rusiyanın Ukraynanın kritik infrastrukturunu vurmaq məqsədilə istifadə etdiyi İran istehsalı kamikadze tipli PUA-ları da zərərsizləşdirmək iqtidarındadır. Ancaq bu sistemlərlə kamikadze PUA-ları vurmaq sərfəli deyil. Belə ki, İranın istehal etdiyi PUA-lar çox ucuzdur, bir neçə min dollara başa gəlir. Ancaq “Patiot” sisteminin istifadə etdiyi raketlərdən birinin qiyməti 4 milyon dollardan başlayır. Ona görə də, bu sistemlər İran PUA-larına qarşı yalnız çox önəmli obyektlərin qorunması zamanı istifadə edilməsi ağlabatandır.

 

Qeyd edək ki, sistemlərin hansı əraziyə yerləşdiriləcəyi açıqlanmayıb. Sayının azlığı, bahalı və önəmli sistem olduğu üçün “Patriot”ların kritik əhəmiyyət kəsb edən obyektlərin ətrafına yerləşdiriləcəyi güman edilir. Artıq Rusiya “Patriot” sistemlərinin qanuni hədəf olduğunu, görüldüyü yerdə məhv ediləcəyini bəyan edib.

 

Onu da bildirək ki, ABŞ rəsmiləri müharibənin əvvəlində “Patriot”ları Ukraynaya verməkdən çəkinirdi, çünki onlar bu addımın Moskvanın sərt reaksiyasına səbəb olacağını düşünürdülər. Eyni zamanda sistemdən istifadə olunması üzrə ciddi təlim keçilməsi tələb olunurdu. Rəsmilərin sözlərinə görə, Ukrayna rəhbərliyinin təcili müraciətləri və ölkənin mülki infrastrukturunun dağıdılması, o cümlədən qış ərəfəsində elektrik və istilik mənbələrinə raket zərbələrinin endirilməsi “Patriot”ların göndərilməsinə zəmin yaradıb.

 

Ekspertlərin fikrincə, “Patriot” sistemləri Rusiyadan gələn raketlərdən və digər təhdidlərdən insanların həyatını xilas edə bilsə də, indiki mərhələdə davam edən münaqişənin əsas trayektoriyasını dəyişməyəcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir