Modern.az

Avropada ən çox arzuolunan lider - İlham Əliyevin builki səfərləri...

Avropada ən çox arzuolunan lider - İlham Əliyevin builki səfərləri...

Analitika

27 Dekabr 2022, 10:32

Geridə qoymağa hazırlaşdığımız 2022-ci il Azərbaycan üçün kifayət qədər uğurlu hesab olunur. Ölkəmizin regional və dünya miqyasında nüfuzunun yüksəlməsi fonunda Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı da artmaqdadır.

 

Burada ölkənin beynəlxalq arenada reytinqinin artmasında müstəsna rol oynayan Prezident İlham Əliyevin xarici səfərlərini xüsusi qeyd etmək lazımdır. Cari il ərzində Prezident İlham Əliyevin müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, çoxşaxəli və qətiyyətli olduğunu təsdiq edir. Eyni zamanda məhsuldar səfərlər Azərbaycanın dünya miqyasında əsas oyunçulardan birinə çevrilməsində böyük rol oynayır.

 

Serbiya Prezidenti Aleksandar Vuçiçin dediyi kimi, indi İlham Əliyev Avropada ən çox arzuolunan və məşhur lideridir.  

  

Modern.az Prezident İlham Əliyevin bu il xarici ölkələrə səfərlərinin xronologiyasını təqdim edir:

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il Ukraynaya 1, Türkiyə, Özbəkistan, Belçikaya 3, Türkmənistana 2, Rusiyaya 4 səfər edib. Ümumilikdə İlham Əliyev il ərzində 26 xarici səfər edib.  

 

Bu il Prezidentin ilk xarici səfəri Ukraynaya olub. Belə ki, yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gedib.    

 

Kiyevdə geniş tərkibdə və təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədləri imzalanıb. Bundan əlavə, Azərbaycan və Ukrayna nazirlikləri arasında da əməkdaşlıq sazişi imzalanıb.   

  

Prezident İlham Əliyevin növbəti səfəri Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Moskvaya olub. Qeyd edək ki, bu il Prezident Rusiyaya dörd rəsmi səfər edib. 

 

İlk səfər zamanı, yəni fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzalayıblar.   

 

Rusiyaya növbəti səfər oktyabr ayında baş tutub. Azərbaycan lideri İlham Əliyev Rusiya Prezidentinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Rusiyaya gedib. MDB dövlət başçıları Sankt-Peterburq şəhərində bir araya gəlib, gündəm məsələləri müzakirə ediblər.  

 

Rusiyaya üçüncü səfər ilin ikinci yarısında gerçəkləşib. Oktyabrın 31-də İlham Əliyev Putinin dəvəti ilə Soçiyə səfər edib. Soçidə son dəfə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

 

Şimal qonşumuza son səfər isə ötən gün baş tutub. Prezident MDB dövlət başçılarının qeyri-rəsmi iclasında iştirak etmək üçün Sankt-Peterburq şəhərinə gedib. Gecə saatlarında səfər başa çatıb.

 

İlin üçüncü səfəri qardaş ölkə Türkiyəyə olub. Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə martın 10-da Türkiyəyə işgüzar səfərə gedib.    

 

Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi müzakirə olunub. Bundan başqa postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub.  

 

Qardaş ölkəyə ikinci səfər 14 mayda baş tutub. Türkiyə liderinin dəvəti ilə baş tutan səfərdə Rize-Artvin Hava Limanının açılış mərasimi olub.  

 

Prezidentin bu il üçüncü dəfə qardaş ölkəyə səfəri avqustun 9-da baş tutub. Səfərin əsas məqsədi V İslam Həmrəyliyi Oyunlarının keçirilməsi olub. Burada həmçinin Prezident Konya şəhərində Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı da qəbul edib. Görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb. 

   

Prezidentin bu il qonşu ölkələrlə yanaşı, digər ölkələrə də səfərləri məhsuldar olub. Belə səfərlərin bir çoxu Avropa İttifaqının təşkilatçılığı ilə sülh müqaviləsinin bağlanması istiqamətində reallaşıb.

 

İlk səfər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə olub. Aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə işçi nahar formasında görüşü olub. Görüşdə sülh müqaviləsinə hazırlıq müzakirə edilib.  

 

Belçikaya növbəti səfər bir ay sonra gerçəkləşib. Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə yenidən mayın 22-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib. Burada həmçinin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüş baş tutub. Bu dəfə də tərəflər arasında postmünaqişə dövründə vəziyyət, sülh müqaviləsinə hazırlıq məsələləri müzakirə olunub.

 

Belçikaya üçüncü səfər isə avqustun 31-də baş tutub. Prezidentin növbəti səfərində də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş olub. 

 

İl ərzində Türk dövlətləri ilə əlaqələr daha da güclənib, qarşılıqlı səfərlər, iqtisadi, siyasi, mədəni sahədə birlik yüksək səviyyədə olub. Bu məqsədlə Prezident İlham Əliyevin iyunun 21-də Türk dünyasının mərkəzlərindən olan Özbəkistana səfəri xüsusi qeyd olunmalıdır.  

 

Səfər zamanı iki ölkənin prezidentləri arasında təkbətək görüş, eyni zamanda geniş tərkibdə görüş başa tutub. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədləri imzalanıb. Bu səfər iki Türk dövlətinin yaxınlaşması üçün böyük addım hesab edilib.  

 

Özbəkistana növbəti səfər sentyabr ayına təsadüf edib. Prezident sentyabrın 15-də Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak edib.  

 

Özbəkistana son səfər isə noyabrın 10-da baş tutub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşünə qatılıb.

 

Digər Türk dövləti olan Türkmənistanla da əlaqələr yüksək səviyyədədir. Növbəti səfər məhz bu ölkəyə olub. Prezident İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfərə gedib. Səfər zamanı bəzi dövlət başçıları ilə görüşlər də keçirilib.

 

Belə ki, Prezident İlham Əliyev Aşqabadda İran Prezidenti Seyid İbrahim Rəisi və Rusiya dövlət başçısı Vladimir Putinlə aktual mövzular ətrafında danışıqlar aparıb. 

 

Türkmənistana növbəti səfər dekabrın 14-də baş tutub. Burada Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib. Liderlərin geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. 

 

Türk ölkələri ilə əlaqələrdə Qırğızıstanı da xüsusi qeyd etmək yerinə düşər. 

 

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev 2022-ci ilin oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib. Oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. 

 

Bir gün sonra - oktyabrın 12-də Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün Qazaxıstana işgüzar səfər edib.  

 

Prezident İlham Əliyevin növbəti səfəri İtaliyaya olub. Bu ölkənin Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də İtaliyaya səfər baş tutub. Eyni zamanda sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliyada səfirliyinin yeni binasının açılışı olub. 

 

Dövlət başçısı sentyabrda son səfərini Bolqarıstana edib. Son zamanlar Avropada yüksək nüfuz qazanmış Azərbaycan lideri Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak edib.  

 

2022-ci ilin maraqla gözlənilən səfərlərindən biri isə Çexiyaya olub. Bu səfər Azərbaycan-Ermənistan arasında Avropa İttifaqı vasitəçiliyi ilə keçirilən son görüş kimi də yadda qalıb. Görüş üçün Praqaya gedən Prezident burada tərəflərlə bir neçə görüş keçirib. Eyni zamanda oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə yenidən görüşü olub. 

 

Oktyabrın son səfərlərindən biri qonşu Gürcüstana baş tutub. Oktyabrın 24-də Gürcüstana işgüzar səfər edən Prezident Tbilisi də Baş nazirlə vacib görüşlər keçirib.  

 

Noyabrda isə Prezident İlham Əliyevin Albaniya və Serbiyaya rəsmi səfərləri təşkil olunub.

 

İlin sonuna doğru növbəti səfər Rumıniyaya olub. Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gəlib. Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. 

 

Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. 

 

İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır