Modern.az

Vardanyan ömürlük həbs ediləcək...

Vardanyan ömürlük həbs ediləcək...

27 Dekabr 2022, 16:30

Qarabağın dağlıq hissəsindəki separatçılara faktiki rəhbərlik edən erməni milyarder Ruben Vardanyan Azərbaycan əleyhinə fəaliyyət göstərməyi sürdürür. Onun gəlişindən sonra bölgədə vəziyyət dəyişib, təxribatların sayı artıb.

 

Azərbaycana qarşı müharibə ritorikası səsləndirən, ölkəmizə məxsus sərvətlərin talan olunmasında iştirak edən Vardanyana cinayət işi açıla bilərmi? Onun həbsi üçün hüquqi prosedur necə aparılmalıdır?

"Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, Ruben Vardanyana təbii olaraq cinayət işi açıla bilər:
 

"Birincisi, Ruben Vardanyan qeyri-qanuni şəkildə Xankəndiyə daxil olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-ci maddəsini (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) pozub. Digər tərəfdən, Vardanyanın əməllərində milli, irqi ayrı-seçkiliyə çağırışlar var. Buna uyğun olaraq da Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsində (cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi) məsuliyyət müəyyənləşib. O,Azərbaycan Respublikasının təbii sərvətlərinin qanunsuz istismarı ilə məşğuldur. Eyni zamanda, ətraf mühitə ziyan vurmaqla Cinayət Məcəlləsinin 247-ci maddəsini pozur. Onun cinayət tərkibli əməllərinə Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış, separatçı qüvvələrə rəhbərlik, müharibəyə açıq çağırış kimi hərəkətlər daxildir. Vardanyan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə mühakimə oluna bilər. Yəqin ki, hüquq-mühafizə orqanları və Baş Prokurorluq bununla bağlı müvafiq qərar qəbul edəcək”.
 

Ə.Nuriyevin fikrincə, R.Vardanyanı beynəlxalq axtarışa da vermək olar:


"Vardanyan beynəlxalq axtarışa da verilə bilər. Çünki onun əməlində insanlıq əleyhinə olan cinayətlərə də çağırış var. İrqi, dini, etnik mənsubiyyətə görə cinayətlərə çağırış edir. Eyni zamanda, Azərbaycanı parçalamaq məqsədilə onun ərazisində fəaliyyət göstərən separatçılara rəhbərlik edir. Bütün bunlara əsaslanaraq, onun haqqında axtarış da elan etmək olar. Bir daha qeyd edirəm ki, aidiyyatı qurumların onun həbsi ilə bağlı müvafiq tədbirlər görəcəyinə inanıram. Bu şəxs tezliklə həbs edilməli və hüquq qarşısında cavab verməlidir".


Hüquqşünas qeyd edib ki, sadalanan cinayət əməlləri Vardanyanın ömürlük həbs edilməsinə imkan verir:
 

"Onun minaların döşənməsində, silahların alınmasında rolu araşdırılmalıdır. Ruben Vardanyan 44 günlük müharibədə erməni hərbçilərin, eləcə də separatçıların silahlandırılmasında iştirak edib. O, bizim onlarla, yüzlərlə hərbçimizin qanının tökülməsində iştirak etmiş şəxsdir. Bütün bunlara görə, Vardanyan həbs ediləcəyi təqdirdə ona uzunmüddətli cəzalar müəyyən ediləcək. Hətta ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Hər halda nə müddətdə cəza veriləcək, buna məhkəmə qərar verməlidir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir