Modern.az

Filip Rikerin istefası erməniləri niyə narahat edib? - ŞƏRH

Filip Rikerin istefası erməniləri niyə narahat edib? - ŞƏRH

6 Yanvar 2023, 10:42

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin vəzifəsindən kənarlaşdırılması region dövlətləri üçün gözlənilməz olub. Ötən ilin avqustunda dövlət katibi Entoni Blinken tərəfindən bu vəzifəyə təyinat alan Rikerin cəmi 4 aydan sonra istefaya göndərilməsi bir sıra suallar doğurub.

Modern.az-ın məlumatına görə, Filip Rikerin istefası Ermənistanda təşvişlə qarşılanıb. Belə ki, İrəvanda bəzi təhlilçilər düşünürlər ki, ABŞ bu dəyişikliklə Cənubi Qafqazdakı taktikasına müəyyən dərəcədə yenidən baxa bilər. Başqa sözlə, Vaşinqtonun diqqəti  tədricən Ermənistan-Azərbaycan münaqişəsindən Rusiya və İranla qarşıdurmaya yönəlir.

Mövzunu şərh edən erməni politoloq Suren Surenyan deyib ki, əgər ABŞ üçün Qafqazda əsas vəzifə Rusiya və İrana qarşı mübarizə aparmaqdırsa, bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir.


"Qlobal mənada Rikerin vəzifəsindən kənarlaşdırılmasının Amerikanın Qafqaz istiqamətində siyasətinə təsir edəcəyini düşünmürəm. ABŞ Ermənistan və Azərbaycan arasında moderator olaraq danışıqlarda iştirakını davam etdirəcək. Bunu dövlət katibi Entoni Blinkenin bəyanatı da sübut edir”, - deyə politoloq dövlət katibinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərilə telefon danışıqları aparmaq istəyini xatırladıb.
 

Suren Surenyan hesab edir ki, Filip Rikerin yerinə heç kim gəlməsə, o zaman ABŞ-ın xarici siyasət prioritetləri kontekstində Qarabağ nizamlanmasının əhəmiyyətinin azalmasından danışmaq mümkün olacaq. Əks halda, Vaşinqton Qarabağ məsələsinin nizamlanmasında yeni alətlərdən istifadə etmək niyyətindədir.

Erməni politoloqun fikrincə, Filip Rikerin səmərəsizliyinə görə vəzifəsindən uzaqlaşdırıla biləcəyi də mümkündür.

"Nə olursa olsun, çox şey başqa diplomatın Rikeri əvəz edib-etməyəcəyindən asılı olacaq.  Əgər Qafqaz danışıqları üzrə baş müşavir vəzifəsi vakant qalsa, o zaman həm də güman etmək olar ki, bundan sonra dövlət katibi və onun müavinləri birbaşa Cənubi Qafqazla məşğul olacaq və ya Amerika siyasətində dəyişikliklər olacaq”, - S.Sureyan deyib.

O, amerikalılar üçün ayrıca Qarabağ probleminin olmadığına da diqqət çəkir.

“Onlar Cənubi Qafqaza bütövlükdə baxırlar və burada onların əsas vəzifəsi Rusiya və İrana qarşı mübarizə aparmaqdır. Vaşinqtonun regiondakı bütün hərəkətləri bir növ bu məntiqə tabedir”, - erməni poltoloq vurğulayıb.


S.Sureyanın fikrincə amerikalılar Cənubi Qafqazda passiv müdafiəyə çəkilməyəcəklər, onlar sadəcə siyasi aksentləri dəyişiblər.

“Vaşinqton üçün əsas prioritet Ermənistan-Azərbaycan nizamlanmasından çox, Rusiya-İran əməkdaşlığı ilə mübarizə və onun qarşısının alınmasıdır. Və onlar Qarabağ münaqişəsini ilk növbədə bu aspektdə nəzərdən keçirirlər”, - deyə politoloq bildirib.


S.Surenyan deyib ki, Ermənistan üçün regionun Rusiya, ABŞ və İran arasında qarşıdurma meydanına çevrilməsi yaxşı heç nə vəd etmir. Onun fikrincə Ermənistanın təhlükəsizliyi üçün ən rahat vəziyyət İrəvan üçün sərt və birmənalı seçim deyil. Surenyan qeyd edir ki, məhz Ermənistanın qlobal güc mərkəzləri ilə balanslaşdırılmış münasibətləri onun təhlükəsizliyinin əsas təminatlarından biridir.


“Rusiya strateji müttəfiq, İran isə ən yaxın qonşu və dost ölkədir. Və heç bir halda bu iki ölkə ilə qarşıdurmaya yol verilməməlidir”, - Surenyan deyib.  O bildirib ki, erməni-amerikan münasibətlərinin inkişafını ölkəni Rusiya və İranla qarşıdurmaya çəkirsə, bunun nəticələri Ermənistan üçün son dərəcə acınacaqlı ola bilər.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken 2022-ci il avqustun sonunda səfir Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin etmişdi. Bu vəzifədə Riker həm də Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi fəaliyyət göstərməli idi. Riker bu vəzifədə işlədiyi müddətdə İrəvanla Bakı arasında dialoq qurmaq üçün vasitəçi kimi regiona səfər edib.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir