Modern.az

İranı bağışlamaq olarmı... - Bakının şərti var

İranı bağışlamaq olarmı... - Bakının şərti var

12 Yanvar 2023, 15:56

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf spikerlərin Türkiyənin Antalya şəhərində keçirilən görüşündən sonra Azərbaycanla bağı diqqətçəkən açıqlamalar verib. Azərbaycan və İran arasında münasibətlərdən söz açan spiker anlaşılmazlığın aradan qaldırıldığını deyib. O, həmçinin gələcəkdə Bakıya səfərinin planlaşdırıldığını söyləyib.

 

Qalibafinin fikirləri Azərbaycan və İranın barışığı kimi yozulur. Bəs, reallıq necədir? Münasibətlər hansı halda düzələ bilər?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvü Fazil Mustafa bildirib ki, İrandan qaynaqlanan anlaşılmazlıq aradan qaldırılmayıb. Onun sözlərinə görə, problemlərin həlli üçün İran siyasətini dəyişdirməlidir:

 

“İlk növbədə İran Azərbaycan və Ermənistanla əlaqələrinə bərabər məsafə qoymalıdır. İran bunu bacarmır. Əksinə İran Azərbaycanın maraqlarını birbaşa tapdalayaraq, Zəngəzur dəhlizinin açılmasına icazə verməyəcəyini deyir. Ondan asılı olmayan məsələ ilə bağlı İranın belə addım atması anlaşılan deyil. Digər yandan İran iki dəfə Azərbaycanla sərhəddə hərbi təlim keçirdi. Nəticədə, İran Azərbaycanla əlaqələri pozmuş oldu. Əgər İran normal addımlar atsa, vəziyyət müsbət şəkildə dəyişə bilər”.

 

Politoloq Zaur Məmmədov da Modern.az-a açıqlamasında bildirib ki, ölkələr arasında mövcud problem hazırkı İran hakimiyyətindən qaynaqlanır:

 

“Azərbaycanın İranla heç vaxt ciddi problemi olmayıb. Bundan öncə də, İranla müəyyən anlaşılmazlıqlar yaşanırdı. Ancaq məsələlər tez bir zamanda yoluna qoyulurdu. İran-Azərbaycan münasibətlərinin kəskinləşməsi məhz İbrahim Rəisinin prezident, Hüseyn Əmir Abdullahianın xarici işlər naziri olmasından qaynaqlanır. Ümumilikdə, İran parlamentinin spikerinin dediyi sözlər indiki halda inandırıcı deyil”.

 

Politoloq vurğulayıb ki, İran hakimiyyəti tərəf tutmaqdan əl çəksə, əlaqələrdə müsbət dəyişiklik gözləniləndir:

 

“Azərbaycan Zəngəzur dəhlizini açacaq və Qarabağdakı separatçıları ərazilərindən çıxaracaq. Əgər İran bununla razıdırsa, əlbəttə ki, İran-Azəbaycan münasibətlərinin gələcək prespektivi ürəkaçan olacaq. Yox, İran  Azərbaycanın Ermənistanla bağlı münasibətlərinə təzyiq etsə, yəni Zəngəzur və Qarabağ istiqamətində gedən danışıqlara, hərbi-siyasi proseslərə müdaxilə etmək istəsə, əlaqələrin normallaşmasında müsbət nəsə əldə olunmayacaq. Digər yandan geosiyasi aspektlər də var. Geosiyasət beynəlxalq siyasi proseslərdə çox vacib amildir. Mən hesab edirəm ki, İran-Azərbaycan münasibətləri müəyyən həddə qədər irəliləyə bilər. Bunun üçün həm fəlsəfi, həm də ideoloji baxışların dəyişməsi olduqca vacibdir”.

 

 

Z.Məmmədov hesab edir ki, Bakı İranla münasibətlərin normal olmasını arzulayır:

 

"Biz 44 günlük Vətən müharibəsindən sonra 3+3 platformasını təklif etdik. Platforma üzvlərindən biri İran olmalıydı. Artıq neçə ildir ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşmasını istəyirik. İran isə sözügedən nəqliyyat dəhlizinin açılmasını sözdə dəstəkləməklə kifayətlənir. İran Avropaya Ermənistan vasitəsilə çıxmaq istəyir. Ancaq bilir ki, bu real deyil. İran Türkiyə və Azərbaycanın Cənubi Qafqazda sülhə töhfə verməsindən narahatdır. Öz hərbçiləri və Azərbaycandakı agentura şəbəkələri ilə bizi təhdid edir. Yəqin ki, İran son 6 ayda başa düşdü ki, Azərbaycanla güc dilində danışmaq olmaz. Bu, əks halda İranın özünə təhlükə yaradacaq. Azərbaycan normal əlaqələr qurmaqda həmişə maraqlıdır. Ancaq İran bunu istəmir. İran 30 il ərzində Azərbaycanla bağlı çox bəyanatlar verib. Amma Laçın dəhlizi vasitəsilə ermənilərin himayə edilməsi, onlara müəyyən yardımların göstərilməsini də unutmuruq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?