Modern.az

Ermənistanda kişi yoxdur: Ordunun qadınlaşmasının ŞOK SƏBƏBLƏRİ

Ermənistanda kişi yoxdur: Ordunun qadınlaşmasının ŞOK SƏBƏBLƏRİ

13 Yanvar 2023, 09:28

Ermənistanda qadınların hərbi xidmətə cəlb olunması barədə yeni qanun layihəsi hazırlanır. Məqsəd ordunun döyüş hazırlığının artırılmasına töhfə vermək arzusu və imkanı olan qadınların potensialından istifadə etməkdir. 

 

Erməni KİV-lərinin yaydığı məlumata görə, qadınlar üçün orduda xidmət könüllülük prinsipi ilə təşkil olunacaq. Qanun layihəsi hələ işlənmə mərhələsində olmasına baxmayaraq, geniş müzakirələrə səbəb olub. Belə ki, ölkədə qanun bir çox vətəndaşlar tərəfindən narazılıqlarla qarşılanıb, bəzi ekspertlər bu addımın qəbuledilməz olduğunu bildiriblər.

 

Bəs Ermənistanda qadınların orduya çağrılmasının əsas səbəbi nədir? 

 

Modern.az-ın xəbərinə görə, Ermənistan ordusuna qadınların cəlb olunması yeni təklif deyil, daha əvvəl də bu məsələ gündəmə gətirilib, müxtəlif fikirlər səsləndirilib. 

 

Hərbi ekspertlər qadınların orduya çağırılmasını iki səbəblə əlaqələndirirlər. Birinci səbəb budur ki, Ermənistanda ciddi ağır demoqrafik vəziyyət müşahidə olunur. İkinci isə gender bərabərliyidir. Sosial şəbəkələrdə aparılan müzakirələrdən aydın görmək olar ki, Ermənistan vətəndaşları gender bərabərliyini hakmiyyətin yalanı kimi qiymətləndirir.  

 

Hazırda qeyri-rəsmi mənbələrə görə, 3000-dən çox qadın Ermənistan silahlı qüvvələrində, əsasən inzibati vəzifələrdə xidmət edir. Amma 1992-1994-cü illər arasında Birinci Qarabağ müharibəsində 600-ə yaxın erməni qadın könüllü əsgər, həkim və tibb bacısı kimi döyüşlərdə iştirak edib. Onlardan 18 nəfəri ölüb.

 

Ermənistanda qadınların orduya cəlb olunması son 10 ildə daha da sürətlənib. Belə ki, 2013-cü ildən Ermənistanda qadınların hərbi akademiya və institutlara qəbulu başlanılıb. Həmin ildən 18 yaşdan yuxarı fiziki cəhətdən sağlam qadınların İrəvanın 4 illik Vazgen Sarkisyan adına Hərbi İnstitutuna və Marşal Xanpersian adına Hərbi Aviasiya İnstitutuna qəbulu həyata keçirilib.

 

Kişi tələbələrdən fərqli olaraq, hərbi təhsil alan qadınlar axşam evə qayıda bilirdilər. Bakalavr dərəcəsi aldıqdan sonra onlardan 10 il müddətində hərbi xidmətdə zabit kimi xidmət etmələri tələb olunurdu. Amma demək olar ki, bu cəhd uğursuz alındı. Bir il ərzində 21-23 yaş arasında olan 25 qadın qəbul olmaq üçün müraciət etmişdi ki, bu da Ermənistanda qadınların hərbiyə qoşulmaq niyyətinin olmadığını açıq şəkildə göstərdi.

 

Erməni ekspertlərin fikrincə, qadınların hərbi akademiyalara və orduya qəbulu gender bərabərliyi ilə əlaqəli deyil. Ermənistan hakimiyyəti sadəcə çağırış kvotalarını doldurmaq üçün belə addım atır. Kvotaların doldurulmamasının səbəbi Ermənistanda kişilərin az olmasıdır.  

 

 

Statistik məlumatlara əsasən deyə bilərik ki, işğalçı ölkədə 1990-cı illərdə - Qarabağ müharibəsi, eləcə də 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra baş verən iqtisadi sarsıntılar zamanı doğum nisbəti kəskin şəkildə azalıb. 1980-ci illərdə hər il təxminən 40 000 oğlan uşağı dünyaya gəlirdisə, 1995-ci ildə statistika xidmətinin məlumatına görə, bu rəqəm 25 697-yə düşüb. Bu da dünyada demoqrafik bərabərsizlik kimi qiymətləndirilir. Təqdim olunan statistika təsdiqləyir ki, keçmiş SSRİ ölkələri arasında ən yüksək göstərici məhz Ermənistanda qeydə alınıb. Lakin vəziyyət heç də yaxşıya doğru dəyişməyib və Ermənistanın 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı itirdiyi canlı qüvvə sayı demoqrafik böhranı daha da dərinləşdirib.

 

Bəzi ekspertlər etiraf edirlər ki, hazırda Ermənistanda ciddi şəkildə çağırışçı problemi müşahidə olunur. Ordu rəhbərliyi əsgər sayını saxlamaqda çətinlik çəkir və yeni çağırışçıları cəlb etmək sözün əsl mənasında müşkülə çevrilib. Bunu müxtəlif faktlarla əsaslandırırlar.

 

Yerli mediada yer alan xəbərlərə görə, bəzi vilayətlərdə ölüm halları doğum sayını üstələyir. Eyni zamanda ölkədəki iqtisadi böhran və işsizlik səbəbindən xaricə kütləvi axın Ermənistanda kişi çatışmazlığına səbəb olan əsas amillərdən biri kimi qiymətləndirilir.

 

Proqnozlara əsasən, qısa zaman kəsiyində hazırkı mənfi tendensiyanın qarşısı alınmazsa, 4-5 ildən sonra Ermənistan üzrə ölənlərin sayı doğulanların sayını xeyli üstələyəcək. Bu fakt eyni zamanda ciddi kişi çatışmazlığı deməkdir.  

 

"Zərif" cinsin nümayəndələrinin hesabına ordunu gücləndirmək istəyən Ermənistan hakimiyyəti qadınları orduya cəlb etmək üçün həvəsləndirsə də, nəticənin müsbət olacağı ehtimalı çox azdır. Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın iki il əvvəl Qarabağda erməni hərbi birləşmələrinin birində keçirdiyi təlim uğursuz alındığı kimi, indi qadınların əsgərliyə aparılması ideyası da yaxşı heç nə vəd etmir. 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...