Modern.az

Soledar niyə əhəmiyyətlidir - Döyüş şiddətlənir, Kiyev tanklara ümid edir

Soledar niyə əhəmiyyətlidir - Döyüş şiddətlənir, Kiyev tanklara ümid edir

12 Yanvar 2023, 22:14

Ukraynanın Donetsk vilayətində yerləşən Soledar şəhəri uğrunda şiddətli döyüşlər davam edir.

 

Modern.az xəbər verir ki, Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin şəhərin demək olar ki, tam ələ keçirildiyini, ancaq şəhərdə qalan ukraynalı hərbçilərin ətrafa səpələndiyini və mərkəzdə döyüşlərin davam etdiyini bildirib.

 

Ukrayna tərəfi isə Rusiya ordusunun irəlilədiyini təsdiqləyib. Dünən axşam Ukrayna Prezidenti Volodimir Zelenski döyüşlərin hələ davam etdiyini, Ukrayna Baş Qərargahı isə rusların hücum zamanı ciddi itkilər verdiyini açıqlayıb. Müdafiə nazirinin müavini Anna Malyar mətbuata açıqlamasında deyib ki, ruslar öz cəsədləri üzərində hərəkət edirlər.

 

Ardınca Ukraynanın şərq hərbi komandanlığının sözçüsü Sergey Çerevatyi yerli televiziya kanalına müsahibəsində vurğulayıb ki, Soledarda davamlı atışma gedir: “Düşmən təşəbbüsü ələ almağa və hücuma keçməyə çalışır. Lakin onlar bizim müdafiəmizi yarıb keçə bilmirlər”.

 

Hələlik rəsmi Moskva şəhərin tam ələ keçirildiyini təsdiqləməyib. Rusiyanın bu istiqamətdə üstünlüyü müşahidə olunur, gec-tez şəhərin tam işğalının başa çatacağı gözlənilir.

 

Soledar şəhəri niyə əhəmiyyətlidir?

 

Müharibədən əvvəl təxminən 10 min əhalisi olan Soledarda böyük həcmdə duz mədənləri və gips yataqları var. Mədənlərin dərinliyi 200-300 metrdir, istismar üçün 300 kilometr uzunluğunda tunel şəbəkəsi yaradılıb. XIX əsrdən etibarən istifadə edilən mədənlərdən ümumilikdə 300 milyon tona yaxın duz hasil edilib, müəssisələrdən 20 ölkəyə duz ixrac olunub.

 

ABŞ Proqojinin şəhərdəki duz və gips müəssələrinə nəzarət etmək istədiyini düşünür. Ekspertlər isə deyir ki, mədənlərin iqtisadi əhəmiyyəti ilə yanaşı, ciddi hərbi potensialı da mövcuddur. Belə ki, Rusiya şəhəri ələ keçirməklə, buradan starteji raketləri yerləşdirmək üçün istifadə edə bilər. Tunellər hər dərin, həm də uzundur, Ukraynanın hazırkı silahlarla onları vurması çətin məsələdir.

 

Onu da bildirək ki, Soledar aylardır döyüşlərin davam etdiyi Baxmutdan cəmi 10 kilometr məsafədə yerləşir. Ekspertlərin sözlərinə görə, ruslar şəhəri ələ keçirib Baxmuta hücumu gücləndirəcək və oranı mühasirəyə almağa cəhd göstərəcək. Ümumilikdə Baxmut uğrunda 5 aya yaxındır döyüşlər gedir. Ruslar şəhəri ələ keçirə bilsə, Kramatorsk və Slovyanska istiqamətinə yol açılacaq. Baxmut həm də Ukrayna üçün əhəmiyyətli hesab edilən avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir. Hazırda şəhər güclü raket zərbələrindən xarabalığa çevrilib.

 

Eyni zamanda, Soledar və Baxmut şəhərlərinin ələ keçirilməsi Rusiya üçün psixoloji əhəmiyyət daşıyır. Xarkov və Xersonda ağır məğlubiyyətə uğradıqdan sonra Rusiya qələbəni həm ölkə daxilində təbliğat üçün, həm də orduda hərbçilərin əhval-ruhiyyəsini qaldırmaq üçün istifadə edə bilər.

 

Rusiya Ukraynadakı ordu komandanlığını dəyişir

 

Ukraynanın şərqində ağır itkilər verən Rusiya buradakı qoşunların komandanlığını gözlənilmədən dəyişib. Ötən gün ölkənin Baş Qərargah rəisi Valeri Gerasimov üç aya yaxındır Ukraynadakı müharibəyə rəhbərlik edən Sergey Surovikini əvəz edib. Müvafiq qərara əsasən, Surovikinin vəzifəsi azaldılıb və Gerasimovun üç müavinindən biri təyin edilib. Rəsmi Moskva 11 ay ərzində Ukraynadakı qoşunların komandanının üçüncü dəfə dəyişməsini hərbi kampaniyanın əhəmiyyəti ilə izah edib. Ekspertlər Surovikinin hərbi uğursuzluqlara görə günah keçisinə çevrildiyini bildirir. Müşahidəçilər Gerasimovun müharibəyə rəhbərlik etməsini də bununla əlaqələndirir. Belə ki, Rusiya Ukraynada məğlub olacağı təqdirdə, bütün məsuliyyət Gerasimovun üzərində qalacaq.

 

Kiyev isə tanklara ümid edir

 

Rusiyanın hərbi kampaniyaya rəhbərlik edən komandanı dəyişməsi və Soledar uğrunda döyüşlərin şiddətlənməsi Qərb ölkələrinin Ukraynaya ağır zirehli texnika və tankların tədarükü barədə qərar qəbul etməsi fonunda baş verir.

 

Dünən Lvovda səfərdə olan Polşa prezidenti Anjey Duda ölkəsinin Ukraynaya “Leopard 2” tanklarını təhvil verəcəyini açıqlayıb. Bundan əvvəl ABŞ, Fransa və Almaniya Ukraynaya zirehli döyüş maşınları və yüngül tanklar verəcəyini bəyan edib.

 

Gərgin müzakirələr fonunda Zelenski bu gün bildirib ki, Ukrayna Silahlı Qüvvələri Baxmut və Soledardan geri çəkilməyəcək, ərazi Qərbin texnikası və silahları ilə gücləndiriləcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi