Modern.az

Tokayev Nazarbayevin irsindən qurtulmağa çalışır - ŞƏRH

Tokayev Nazarbayevin irsindən qurtulmağa çalışır - ŞƏRH

Analitika

19 Yanvar 2023, 16:48

Xəbər verdiyimiz kimi, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün ölkə parlamentinin aşağı palatasının - Məclisin buraxılması və növbədənkənar seçkinin keçirlməsi barədə fərman imzalayıb. Parlament Məclisinə növbədənkənar seçkilər 2023-cü il martın 19-na təyin edilib.

Bəs Kasım-Jomart Tokayev Məclisin buraxılmasına hansı səbəbdən getdi?


Modern.az-ın məlumatına görə, məsələni şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin parlamentin aşağı palatasını buraxmasının arxasındakı səbəblər keçmiş prezident Nursultan Nazarbayev irsindən qurtulmaqla əlaqəlidir.

“Tokayev parlamentin aşağı palatasıyla yanaşı, hakimiyyətin regional strukturlarını da buraxıb. Parlamentə seçkilər bu ilin martın 19-a təyin olunub. Qazaxıstanda Konstitusiya islahatları nəticəsində yeni seçkilərdə deputatların 70 faizi proporsional əsasda seçiləcək. Bununla Tokayev ölkəsində partiya quruculuğuna və siyasi mübarizəyə şərait yaratmaq istəyir. Buna misal olaraq istənilən partiyanın qeydiyyata alınması üçün əvvəlki kimi 20 min nəfərin deyil, 5 min nəfərin olması kifayətdir. Bunun əsasında Qazaxıstanda qeydiyyatdan keçən partiyaların sayı artıb”.
 

Ekspert deyib ki, əslində Qazaxıstanda parlament seçkiləri 2025-ci ildə keçirilməli idi. Ancaq Tokayev ötən ilin sentyabrında açıqlama verərək, Konstitusiya dəyişikliklərindən sonra növbədənkənar parlament seçkilərinə ehtiyac olacağını bildirib.

“Tokayevin özü ötən ilin noyabrın 20-də növbədənkənar prezident seçkisində 81 faiz səslə qələbə qazanaraq mövqeyini möhkəmlətdi. Yeni Konstitusiyaya görə, Qazaxıstan prezidenti iki dəfədən çox dövlət başçısı seçilə bilməz. Bundan başqa prezidentin yaxınlarına dövlət məmuru vəzifəsi tutmaq qadağan edilib. Ayrıca, yeni Konstitusiyada birinci prezident Nursultan Nazarbayevin ismini xatırlayan bəndlər çıxarılıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü