Modern.az

“Dişsiz” Rusiya və marionet milyarder - Qərb mediası Laçın yolundan NƏ YAZIR

“Dişsiz” Rusiya və marionet milyarder - Qərb mediası Laçın yolundan NƏ YAZIR

Analitika

24 Yanvar 2023, 09:22

Ermənistanla Azərbaycan arasında gərginliyin artması Rusiyanın öz “arxa bağça”sında təsirinin zəiflədiyini göstərir. Kreml vəziyyətlə bağlı diqqətlə hərəkət edir, çünki Rusiya başqa bir müharibəyə girmək riskini ala bilməz və birbaşa Azərbaycanla Türkiyəyə meydan oxuyacaq qədər dözümlü deyil.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın “Wall Street Journal” qəzetində dərc olunan məqalədə bildirilir.

 

Müəllif vurğulayıb ki, Ukrayna müharibəsinin uzanması Moskvanın ənənəvi təsir dairəsində olan digər ölkələri regional üstünlüyünə meydan oxumaq üçün cəsarətləndirib. Gürcüstan Cənubi Osetiya və Abxaziyanı, Moldova Dnestryanını geri qaytarmağa cəhd edə bilər. Rusiyanın uzun müddət müttəfiqi olan Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri Moskvanın Ukraynaya müdaxiləsini dəstəkləməkdən imtina edərək münaqişədə bitərəf qalıblar.

 

Qeyd olunub ki, Laçın yolu ilə bağlı problem Rusiya ilə Ermənistan arasında münasibətləri korlayıb.

 

Bu məqamda “Financial Times” qəzeti yazır ki, rusiyalı oliqarxın Qarabağa gəlməsi gərginliyin artmasına səbəb olub. Belə ki, Ruben Vardanyanın Moskva elitası ilə əlaqələri həm İrəvanda, həm də Bakıda şübhələr yaradıb. Qəzetə müsahibə verən erməni ekspert bildirib ki, Vardanyan Kremlin daha çox təsir imkanları əldə etmək strategiyasının elementi kimi qəbul edilir.

 

Xatırladılıb ki, Vardanyan bir vaxtlar Rusiyanın ən böyük investisiya bankı olan və 2012-ci ildə dövlət kreditoru “Sberbank” ilə birləşdirilən “Troyka Dialoq”un təsisçisi olub. Bu qurumun adı çirkli pulların yuyulması ilə bağlı araşdırmalarda çəkilir. Ekspertlər düşünür ki, Vardanyan Rusiyaya tətbiq edilən sanksiyalardan yayınmaq üçün ölkəni tərk edib və Qarabağa yerləşib.

 

CNN telekanının saytında dərc edilən məqalədə isə müəllif qeyd edib ki, Laçın yolundakı hadisələr Rusiyanın işğalçı qüvvələrinin böyük itkilərə məruz qaldığı Ukrayna böhranı ilə birbaşa bağlıdır. Münasibətlərin normallaşması ilə bağlı danışıqlar son bir il ərzində uzanıb və danışıqlar iki fərqli istiqamətə bölünüb: biri Qərb ölkələri, digəri isə Rusiya tərəfindən himayə olunub. Cənubi Qafqaz üzrə ekspert kanala müsahibəsində söyləyib ki, Rusiya Ukraynaya görə daha da zəifləyib və Azərbaycanla döyüşmək istəmir.

 

“New York Times” qəzeti də Rusiyanın Ukrayna müharibəsinə görə bölgədə zəiflədiyi fikrini bölüşür. Rusiyanın Ukraynaya müdaxiləsi bütün dünyada münasibətləri dəyişdirdi, eyni zamanda Rusiyanın Qafqazdakı təsirini sarsıtdı. Hər iki ölkədə Rusiyanın təsir rıçaqları zəifləyir. Ancaq nəşr vurğulayır ki, Ermənistanın tezliklə Rusiya asılılığından qurtula bilmə şansı azdır. Müəllif, həmçinin Qazaxıstan (2022) və Belarus (2020) hadisələrini xatırladıb.

 

Məqalədə o da qeyd olunub ki, Azərbaycan Moskvanın Ukraynadakı müharibəsi fonunda öz iradəsini Ermənistana tətbiq etməkdə qərarlıdır.

 

Britaniyanın “Economist” dərgisi bildirir ki, Azərbaycan ölkənin şərqini Naxçıvan ilə birləşdirəcək Ermənistan ərazisindən quru dəhlizlə bağlı sövdələşməyə çalışır. Məqalə müəllifi qeyd edir ki, Laçın yolundakı aksiyaların bilavasitə məqsədi Xankəndiyə gedən yolda Azərbaycan keçid məntəqələrinin yaradılmasıdır. “Ruben Vardanyan azərbaycanlıları qəzəbləndirib və onlar Vardanyanı sülh danışıqlarını pozmaq üçün göndərilən Kremlin adamı kimi görürlər”, - deyə məqalədə bildirilir.

 

Laçın yolundakı hadisələrlərlə bağlı “Politico” nəşri yazır ki, Rusiya öz müharibəsi ilə məşğul olduğu üçün digər qlobal oyunçular güc boşluğunu doldurur. Türkiyə müttəfiqi Azərbaycanı, İran isə yaxın tərəfdaşı Ermənistanı dəstəkləyir və yaxın qonşuluğunda hər hansı dəyişiklikdən qorxur. BBC isə qeyd edir ki, Rusiya sülhməramlılar problemini həll etməkdə aciz görünür. Ukraynadakı müharibəyə başı qarışan Rusiya qarşıdurmanı həll edə bilmir.

 

Fransa mətbuatında (“Le Monde”, “France 24” və s.”) Laçın yolundakı hadisələrlə bağlı tərəfsiz yazılar çox azdır. Fransalı jurnalistlərin mövqeyi birmənalı olaraq ermənipərəstdir.

 

Almaniyanın “Spiegel” jurnalında dərc olunan məqalədə deyilir ki, Avropa İttifaqının vasitəçiliyi ilə aparılan sülh danışıqları dalana dirənib. İddia olunur ki, Azərbaycan Moskvanın regiondakı hazırkı zəifliyindən öz xeyrinə istifadə etməyə çalışır. Lakin Cənubi Qafqazda işlər həmişə ilk baxışda göründüyündən daha mürəkkəbdir.

 

Ekspert Laurens Broers jurnala müsahibəsində deyib ki, Laçın yolundakı problem oliqarx Ruben Vardanyanın Qarabağa gəlişi ilə əlaqəli ola bilər. “Azərbaycanda çoxları onu Rusiyanın “marionet”i, Qarabağın Cənubi Osetiya xətti ilə Rusiyanın protektoratına çevrilməsini irəli sürmək niyyətində olan və uzunmüddətli perspektivdə Ermənistanın indiki rəhbərliyinə də meydan oxuyan biri kimi görür”, - deyə ekspert bildirib.

 

İspaniyanın nüfuzlu "El Pais" qəzeti isə qeyd edib ki, Ermənistan azərbaycanlı ekofəallar tərəfindən bağlanan yolu təmizləmədiyinə görə Rusiyanın sülhməramlı qüvvələrinin passivliyini tənqid edir.

 

Qeyd edək ki,  Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 44 gündür davam edir. 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu davam edib. Gənc aktivistlər yüksək fəallıq göstərirlər.

 

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində heç bir insident baş verməyib. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

 

Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü