Modern.az

Misirin dostu olmaq Azərbaycan üçün faydalıdır - ŞƏRH

Misirin dostu olmaq Azərbaycan üçün faydalıdır - ŞƏRH

28 Yanvar 2023, 12:43

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri Qahirənin ölkəmizlə və bölgəmizlə əlaqələrə marağından irəli gəlir.

 

Bunu Modern.az-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Misir liderinin Azərbaycana səfərinin əhəmiyyətindən danışarkən deyib.

 

Onun sözlərinə görə, Sisi Azərbaycandan sonra Ermənistana gedəcək.

 

"Hər halda Cənubi Qafqaza səfərin başlanğıcı kimi Azərbaycanın seçilməsi əhəmiyyətlidir. Bakı ilə Qahirə arasındakı münasibətlərin inkişafı üçün imkanlar var. Misirin dostu və tərəfdaşı olmaq Azərbaycan üçün faydalıdır. Misir Afrika qitəsinin və ərəb dünyasının aparıcı ölkələrindən biridir. Misir Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri qədər varlı olmasa da, geosiyasi mövqeyinə görə aparıcı dövlətlər Qahirənin siyasəti ilə hesablaşırlar. Bu səbəbdən Misirlə sıx əlaqlərin varlığı Azərbaycanın maraqlarına cavab verir.

 

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyİb Ərdoğan keçmiş illərdə Sisini çevriliş edən diktator adlandırsa da, hazırda onunla dialoqu genişləndirmək üçün imkanlar axtarır. Çünki Misirlə münasibətlərin soyuması Türkiyənin maraqlarına cavab vermir", - deyə politoloq vurğulayıb.

 

Qeyd edək ki, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycanda səfərdədir. Səfər çərçivəsində Azərbaycan və Misir liderlərinin təkbətək, eyni zamanda geniş tərkibdə görüşləri keçirilib, daha sonra iki ölkə arasında mühüm sənədlər imzalanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü