Modern.az

Gecə hücumundakı müəmma: İranı kim partlatdı...

Gecə hücumundakı müəmma: İranı kim partlatdı...

Analitika

29 Yanvar 2023, 23:35

Yanvarın 29-na keçən gecə İranda bir sıra strateji obyektlərdə güclü partlayışlar olub. İlkin məlumata görə, İsfahanda sursat fabrikinin anbarında partlayış baş verib, hadisə nəticəsində tələfat olmayıb. Ardınca Azərşəhrdə avtomobil istehsalı zavodunda yanğın qeydə alınıb. Güclü yanğın nəticəsində məhsulla dolu çənlər partlayıb, xilasetmə maşını yanaraq sıradan çıxıb. Ölən və yaralananlar barədə məlumat verilməyib.

 

Daha sonra Təbriz şəhərində pilotsuz uçuş aparatları (PUA) istehsal edilən zavodda da yanğın olduğu bildirilib, lakin detallar ictimaiyyətə açıqlanmayıb. 

 

Partlayışlar barədə məlumat yayan İran Müdafiə Nazirliyi sursat zavodlarından birinə mikro ölçülü PUA ilə hücum edildiyini bildirib. Nazirlik hücum edən PUA-lardan birinin vurulduğunu, digər ikisinin zavod üzərində qurulan tora düşdüyünü açıqlayıb. Eyni zamanda zavodun damına ziyan dəydiyi nəzərə çatdırılıb.

 

Ölkənin Xarici İşlər Nazirliyi isə hücumun İranda təhlükə mühiti yaratmaq məqsədilə həyata keçirildiyini qeyd edib. “Bu cür hərəkətlər ekspertlərimizin dinc nüvə fəaliyyətimizdə irəliləyiş əzminə təsir etməyəcək”, - İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian partlayışlara reaksiya verib.

 

Modern.az bildirir ki, beynəlxalq mətbuatda İrana hücum barədə müxtəlif versiyalar irəli sürülüb. İlk olaraq gecə hücumlarının İsrail tərəfindən təşkil edildiyi önə çəkilib. Ancaq bildirək ki, nə İran, nə də İsrail hücumun Təl-Əviv tərəfindən həyata keçirildiyini təsdiqləyib.

 

Yalnız İran qeyri-rəsmi kanallar vasitəsilə hücumun İsrail tərəfindən həyata keçirildiyinə işarə verib. Ərəbdilli “Al Arabya” kanalının iddiasına görə, hücumda ABŞ hərbçiləri də iştirak edib.

 

Oxşar məlumatı “Al Hadath” adlı digər ərəb telekanalı yayıb. Kanal bildirib ki, hərbi zavoda hücumla İran və Rusiyaya “ballistik silahların ixracına icazə verilməməsi” barədə xəbərdarlıq edilib. Telekanalın məlumatına görə, İran zavoduna hücumun arxasında başqa ölkənin hərbçiləri dayana bilər. Daha sonra kanal İranın hədəflərinə hücumlarda İsrailin əli ola biləcəyini iddia edib.

 

Məlumata əsasən, gecə saatlarında vurulan obyekt İranın ballistik raketi üzərində işinə görə ABŞ tərəfindən sanksiyaya məruz qalan İran Kosmik Araşdırmalar Mərkəzinə məxsus olub.

 

İsrailin “The Jerusalem Post” nəşri Qərb kəşfiyyat mənbələrinə istinadən yazıb ki, İran zavoduna zərbə “böyük uğurla” həyata keçirilib. Nəticədə İsfahanda dörd partlayış səsi eşidilib və dəyən ziyan “damın cüzi zədələnməsi”ndən daha böyük olub.

 

Hadisə barədə “The New York Times” qəzeti yazır ki, İsfahan İranın beynəlxalq sərhədlərindən çox uzaqdadır və bu, bir daha göstərir ki, PUA-lar İran ərazisindən buraxılıb.

 

İranın İRNA dövlət xəbər agentliyi isə bildirib ki, zavoda hücumdan sonra İsrail bu zərbəni ölkənin digər bölgələrində baş verən hadisələrlə əlaqələndirmək üçün “media hücumu təşkil edib”. Agentlik İranın digər şəhərlərində - Əlborz, Həmədan, Kerecdə partlayışlar barədə xəbərləri “saxta” adlandırıb.

 

“The Wall Street Journal” nəşrinin yazdığına görə, hücumu İsrail həyata keçirib. Lakin İsrail Xarici İşlər Nazirliyi hərbi zavoda zərbə endirilməsi ilə bağlı şərh verməkdən imtina edib. “Biz bu mövzunu şərh etmirik”, - nazirlikdən bildirilib. 

 

Onu da bildirək ki, İran əvvələr dəfələrlə əzəli düşməni İsraili ölkə ərazisində agentlərindən istifadə edərək hücumlar planlaşdırmaqda ittiham edib. Hətta ötən ilin iyul ayında Tehran İsfahanda həssas müdafiə sənayesi mərkəzini partlatmağı planlaşdıran, İsrailə işləyən kürd yaraqlılarından ibarət təxribat qrupunu həbs etdiyini açıqlamışdı. Bununla belə, İsrail İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün hərbi yoldan istifadə edəcəyini istisna etməyib.

 

Maraqlıdır ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak İrana hücumu ölkəsindəki müharibə ilə əlaqələndirib. “İranda gecə saatlarında bir sıra strateji müəssisələrdə güclü partlayışlar baş verib. Müharibə qatillər və onların iştirakçıları üçün ağır qanunlar qoyur. Müharibənin məntiqi amansız və ölümcüldür. Və müəlliflərə və şəriklərinə sərt hesablar verir”, - deyə Ukrayna rəsmisi qeyd edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!