Modern.az

Elçiyə zaval varsa... - Bakı doğru olanı etdi - TƏHLİL

Elçiyə zaval varsa... - Bakı doğru olanı etdi - TƏHLİL

Analitika

30 Yanvar 2023, 15:24

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu və səfirliyin mühafizə xidmətinin 1 əməkdaşının həlak olması, daha 2 nəfərin isə yaralanması fonunda qədim şərq deyimi yada düşür: “Elçiyə zaval yoxdur”.

 

Deyəsən, İran hakimiyyətində təmsil olunanlar bu deyimdən xəbərsizdirlər. Hərçənd ki, belə olsaydı da, bu, molla rejimini məsuliyyətdən azad etməzdi. Çünki hər şeydən əvvəl, səfirliklərin qorunması, diplomatik korpus nümayəndələrinin təhlükəsizliklərinin təmin olunması bütün dövlətlərin beynəlxalq öhdəliklərindən biridir. Diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəd – 1961-ci ilin 18 aprelində imzalanmış və 24 aprel 1964-cü ildə qüvvəyə minmiş Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası da bunu tələb edir. 1965-ci ildə konvensiyaya qoşulan İran beynəlxalq sənədə tərəfdar çıxan 179 ölkədən biridir.

 

 

Məhz bu konvensiyada göstərilib ki, diplomatik korpusun təhlükəsizliyi ilə bağlı məsuliyyət onun yerləşdiyi ölkənin üzərinə düşür. Yəni Azərbaycanın Tehranda yerləşən səfirliyinin, eləcə də İranın digər şəhərlərində yerləşən diplomatik nümayəndəliklərinin qorunması bilavasitə İran rejimi tərəfindən görülməli olan işdir. Lakin tarixi təcrübə onu göstərir ki, İran tərəfi dəfələrlə ölkədə yerləşən müxtəlif dövlətlərin diplomatik təmsilçiliklərinə qarşı yumşaq desək, qeyri-dost və düzgün olmayan, açıq ifadə etsək, qeyri-insani və namərd rəftarı özünə rəva görmüşdür. Təkcə son 45 ilin məlumatlarına – İran İslam Respublikasının qurulmasından sonra olan dövrə nəzər yetirsək, ABŞ, Böyük Britaniya kimi ölkələrin, habelə digər dövlətlərin elçiliklərinə qarşı hücumların, terror əməllərinin şahidi olarıq.

 

Qısası, əgər elçiyə zaval varsa, nə etməli? Azərbaycan əleyhinə çirkin kampaniya təşkil edən, nifrət və kin-küdurət dolu təbliğat aparan ölkə bu cür siyasətini səfirliyə münasibətə də siraət etdirirsə, burada elə də çox seçim variantı qalmır. Ya səfirlik fəaliyyətini dayandırmalı və diplomatik korpusa daxil olan şəxslər təxliyə olunmalı, ya da diplomatların taleyi mollanın insafına buraxılmalıdır.

 

 

Təhlükəsizlik qayğıları ilə yanaşı, qeyd etmək lazımdır ki, bir ölkənin digər ölkədə səfirliyinin fəaliyyət göstərməsi həmin dövlətlə münasibətlərin göstəricilərindən biri hesab olunur. Səfirin geri çağırılması, diplomatik missiyanın fəaliyyətinə xitam verilməsi isə münasibətlərin kəskinləşməsinin nişanəsi sayılır. Rəsmi Tehranın son illərdə atdığı addımlardan sonra İran Azərbaycanın bu ölkədə diplomatik missiya saxlamasına layiq deyil. Buna görə də baş verənlərdən – Azərbaycan vətəndaşının qanının tökülməsindən sonra səfirliyin fəaliyyətinin dayandırılması ən doğru seçim idi.

 

Təsadüfi deyil ki, Azərbaycan XİN başçısının müavini Xələf Xələfov İrana etibarın olmadığını açıq şəkildə dilə gətirdi. Bu isə onu deməyə əsas verir ki, İran tərəfinin “səfiri geri çağırmağa ehtiyac yox idi” kimi açıqlamaları əbəsdir və onların hər vəchlə məsuliyyətdən yayınmağa yönəlmiş növbəti addımlarından biridir. İran hakimiyyəti rəsmi propoqanda vasitələri ilə terrorçudan müsahibə alaraq məsələni məişət müstəvisinə çəkməyə cəhd göstərməsinin boşa çıxdığını anlayaraq indi də bu yolla özünü sudan quru çıxarmağa çalışmaqdadır.

 

 

Belə məqamda Təbrizdəki baş konsulluğun fəaliyyətini davam etdirməsi soydaşlarımızın yaşadığı bu şəhərdə rəsmi mövcudluğun olması baxımından mühümdür. Təsadüfi deyil ki, Təbriz sakinləri də Azərbaycanın baş konsulluğunun önünə gül dəstələri qoyaraq terroru lənətlədiklərini, mənfur cinayətə qarşı hansı mövqedə olduqlarını göstərdilər və bununla da İran hakimiyyətinin terrorçunun etnik mənsubiyyətini qabartmasını, azərbaycanlılar arasında etimadsızlıq və çaxnaşma toxumu səpmək cəhdlərini boşa çıxarmış oldular.

 

Dünya miqyasında təklənən, beynəlxalq ictimaiyyətin başağrısına çevrilən, Ukraynadan Yaxın Şərqə qədər hər yerdə mənfi imic yaratmış rejim belə getsə, tamamilə təcrid olunacaq. Artıq digər ölkələrin də İrandakı səfirliklərinin fəaliyyəti ilə bağlı məsələyə yenidən baxacağı, hamılıqla qəbul olunmuş dəyərlərə, beynəlxalq prinsipə sayğı göstərməyən bu dövlətdə diplomatik missiya saxlamayacağı barədə məlumatlar yayılmaqdadır.

 

Bəs başqa yol varmı? Elçiyə zaval varsa, nə etməli?.. 

 

Modern Təhlil Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!