Modern.az

Azərbaycan İrana qarşı sanksiyalara QOŞULUR?

Azərbaycan İrana qarşı sanksiyalara QOŞULUR?

31 Yanvar 2023, 13:17

Tehrandakı səfirliyimizə xain hücumdan sonra İranın cəzalandırılması məsələsi gündəmə gəlib. Sosial şəbəkələrdə gedən müzakirələrdə bununla bağlı müxtəlif mülahizələr irəli sürülüb. Hətta bəzi ekspertlər hesab edirlər ki, indiyədək neytral mövqedən çıxış edən Azərbaycan Qərbin İrana qarşı sanksiyalarına qoşulmalı və molla rejiminin cəzalandırılması səylərinə dəstək verməlidir. 

 

Bəs, təklif olunduğu kimi Bakı Tehranı hədəf alan sanksiyalara qoşula bilərmi?

 

Mövzu ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, indiki durumda Azərbaycanın İrana qarşı sanksiyalara qoşulması gözlənilmir.

 

O fikirlərini belə əsaslandırıb: “Azərbaycan hələ ki neytral mövqedə dayanır. Rəsmi Bakı İrana qarşı formalaşan hərbi-siyasi koalisiyaya qoşulmaq niyyətində deyil. Bu istiqamətdə qardaş Türkiyə ilə ortaq mövqe və fəaliyyət planlarımız var. Ona görə də hələlik anti-İran məsələlərində Azərbaycanın öz neytrallığını qoruyacağını düşünürəm. Azərbaycan İrana qarşı sərt addımlardan çəkinəcək. Qardaş Türkiyə də belə mövqedə qərar tutub”.

 

Q.Hüseynlinin sözlərinə görə, Azərbaycanın İrana qarşı sankisyalara qoşulmamasının səbəbi var:

 

“Əlbəttə, elə vəziyyət ola bilər ki, Azərbaycanın bu istiqamətdə mövqeyi dəyişər. Azərbaycan xarici siyasətini, xüsusilə də, İranla bağlı siyasətini dəyişə bilər. Ancaq hələlik belə bir ehtimal yoxdur. Bu da ondan irəli gəlir ki, İran onsuz da Azərbaycana qarşı olmayan şeylər uydurur. İranın qarayaxma kampaniyasına düşməmək üçün belə bir addım atılmayacaq”.

 

Politoloq qeyd edib ki, səfirliyə hücumla əlaqədar Azərbaycan İran qarşısında tələblər qoyub və Tehran Bakının istəklərini yerinə yetirməyə borcludur:

 

“İrandakı səfirliyimizə edilən hücumla bağlı Azərbaycanın öz  tələbləri var. Azərbaycan dövləti tutulan şəxsin  istintaqının şəffaf şəkildə aparılmasını tələb edir. Lakin İran bunu etmir. Terrorçudan müsahibələr alıb yayırlar. Az qala onun özünü zərərçəkmiş kimi təqdim edirlər. Əvvəldən hadisənin ailə-məişət zəminində baş verdiyini müdafiə edirlər. Eyni zamanda hadisəyə görə üzr istəmək niyyətini ortaya qoymurlar. Bunlar da Azərbaycanı təmin etməyən amillərdir. Ancaq bütün bunlar sanksiyalara qoşulmaq üçün əsas olmayacaq”.

 

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da bildirib ki, indiki halda Azərbaycan sanksiyalara qoşulmayacaq:

 

“Azərbaycanın İrana qarşı sanksiyalara qoşulması gözlənilmir. İrana qarşı sanksiyalar müəyyən dövlətlər tərəfindən dar çərçivədə həyata keçirilir. İrana qarşı regional ölkələrin iştirak etdiyi geniş sanksiyalar yoxdur”.

 

Politoloq hesab edir ki, İranın 30 ildən çox Azərbaycana qarşı bəslədiyi münasibət Bakının Tehrana qarşı sanksiyalara və koalisiyalara qoşulmasına əsas verib:

 

“30 il ərzində İran Azərbaycana qarşı xoşagəlməz addımlar atıb. Bu müddətdə Azərbaycanın haqqı var idi ki, anti-İran sanksiyalarına, eləcə də İrana qarşı hərbi, siyasi koalisiyaya qoşulsun. Xatırlamaq lazımdır ki, Azərbaycan Ermənistanla 30 il ərzində müharibə şəraitində olub. Həmin dövr İranın Ermənistana yardımları kimi yadda qalıb. Ermənistanın iki çıxış yolundan biri məhz İran olub. İşğalçıya ərzaq və enerji yardımları ediblər. İranın 44 günlük müharibədən sonra da anti-Azərbaycan siyasəti heç kimə sirr deyil. İran Azərbaycanı Bakı Respublikası adlandırırsa, Ermənistanın təhklükəsizliyi İranın təhlükəsizliyidir deyirsə, Azərbaycanı İsraillə və digər dövlətlərlə koalisiyada necə ittiham edə bilir? Bu ən azı məsuliyyəstsizlikdir".

 

Z.Məmmədov vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan İrana qarşı sanksiyalara qoşulmayıb:

 

“2000-ci illərin əvvəllərində Azərbaycanın İrana qarşı koalisiyaya qoşulmadığının şahidi olduq. Azərbaycan qonşusuna qarşı hansısa koalisiyada iştirak etməyəcəyini bildirdi. Ancaq İran Azərbaycanın bu mövqeyini düzgün qiymətləndirmədi. İrandakı səfirliyimizə terror hücumu edildi. 20 dəqiqə ərzində hadisə yerinə polis gəlmədi. Ancaq terrorçu 5 dəqiqə ərzində saxlanıldı. Eyni zamanda ondan müsahibə aldılar. Dünyanın heç yerində terrorçudan müsahibə alınmır. Beləliklə, İran Azərbaycanla əlaqələri düzəltmək üçün real addımlar atmalıdır. İran tərəfi bilməlidir ki, Bakı onların nağıllarına inanmayacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!