Modern.az

Lavrov niyə separatçıları dəstəklədi...  

Lavrov niyə separatçıları dəstəklədi...  

5 Fevral 2023, 22:59

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Yanvarın 28-də İrana endirilən zərbələrdən sonra Rusiyaya arxasını çevirib Qərbə yan alan Ermənistan nazirbaşı Nikol Paşinyanın təşvişə düşərək yenidən Moskvaya üz tutması, ümumilikdə erməni toplumunun xarakterinin mahiyyətini bir daha sübut etmiş oldu.

Rusiyalı politoloqların etimalına görə, İrana endirilən zərbələrdə İsrail və ABŞ-ın məqsədi molla rejimini Rusiya ilə hərbi əməkdaşlıqdan çəkindirmək və nüvə proqramı ilə bağlı güzəştə getməyə məcbur etmək olsa da, İrəvanın özünün “nəfəslik” hesab etdiyi İranın sonda məhv ediləcəyi təqdirdə bölgədə ayaqlar altında qalacağı qorxusundan yenidən Moskvaya sığınmağa üstünlük verməsi gözlənilən idi.     

Ancaq İrəvanın razılığı ilə Avropa İttifaqının fevralın 20-də 200 nəfərlik müşahidə missiyasının Ermənistana 2 il müddətinə göndərəcəyi qərarı Rusiyanı son dərəcə hiddətləndirib. Məlum olduğu kimi, Aİ ilə Rusiya arasındakı münasibətlər Rusiya-Ukrayna müharibəsi fonunda getdikcə kəskinləşir. Bu üzdən çox güman ki, Moskva İrəvanın qarşısına özlərinə sərf edəcək hansısa yeni şərtlər qoyacaqdır. Doğrudur, bu şərtlər barədə hələlik açıq məlumat olmasa da, yanvarın 31-də Paşinyan Putinlə telefon danışığında Laçın dəhlizində yaranmış “humanitar böhranın” aradan qaldırılması üçün Rusiyanın lazımi addımlar atmasının vacibliyini qeyd etdi. Ancaq iki ölkə rəhbərinin sonda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixlərində imzaladığı üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlərə toxunması, ilk baxışda Moskva tərəfindən bu mövzu əvvəllər söz demək xatirinə dəfələrlə səsləndirilsə də, güman etmək olar ki, bu dəfə Rusiyanın iqtisadi-siyasi böhran yaşaması səbəbindən Türkiyə ilə Zəngəzur dəhlizi üzərindən əlaqə yaratmasına böyük ehtiyac olduğu üçün, artıq bu məsələnin mütləq mənada reallaşdırılması zərurətini ortaya qoyur. Sözsüz ki, Moskva burada üçtərəfli bəyanatı əsas gətirərək, İranın Zəngəzur dəhlizi barədə söylədiyi “qırmızı xətt”ə məhəl qoymayacaq, eyni zamanda bu addımı ilə Rusiya Ermənistan sərhədlərinə yerləşdirilməsi gözlənilən Aİ-nin Müşahidə missiyasının da müəyyən mənada neytrallaşdırılmasına nail olmağa cəhd edəcək.


Bu arada, Putin-Paşinyan danışığından 2 gün sonra Rusiya baş diplomatı Sergey Lavrovun “Rossiya 24” kanalına müsahibəsində “Rusiyanın Ermənistanda KTMT missiyasının yerləşdirilməsi təklifi hələ də aktualdır, əgər Ermənistan hələ də maraqlıdırsa, missiya bir-iki gün ərzində yerləşdirilə bilər” - deməsi, məhz iki ölkə başçısının telefon danışığının məntiqi davamı olduğunu təsdiqləyir. Ancaq bu müsahibədə Rusiya baş diplomatının “Ermənistan uzun illər əvvəl Azərbaycanın 7 rayonunu işğal edəndə və sonra məsələni siyasi yolla həll etmək üçün çarəsiz qalanda Rusiya keçmiş Ermənistan rəhbərliyinə o qədər də yaxşı qəbul etmədiyi variantları təklif etmişdi... Bəli, Azərbaycan ona məxsus olan torpaqları özünə qaytardı”, - sözlərindəki son cümlə, elə Rusiyanın dövlət gerbindəki qartal kimi “ikibaşlı” görünür.

Diqqət edin, əvvəlcə onu deyək ki, Ermənistan Azərbaycanın 7 deyil, keçmiş “Dağlıq Qarabağ” daxilində olan (müəyyən inzibati dəyişiklikləri nəzərə almasaq) Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran və ətraf 7 rayonla birlikdə ümumilikdə 13 rayonunu işğal etmişdi. Hazırda isə onlardan yalnız Şuşa şəhəri və 7 ətraf rayon tam və qismən düşməndən azad olunub. Ancaq Rusiya “sülhməramlılarının” müvəqqəti nəzarət etdikləri ərazilərdə olan rayonlar de-yure olsa da, de-fakto hələ də separatçı-terrorçu ermənilərin işğalındadır. Elə Azərbaycan eko-fəallarının erməni talançılığına qarşı haqlı olaraq irəli sürdükləri tələblərinin bu günüdək yerinə yetirilməməsi buna açıq sübutdur. Bu səbəbdən Lavrovun “Azərbaycan ona məxsus olan torpaqları özünə qaytardı” deməsi birbaşa olaraq separatçılara dəstək verməsi deməkdir. Çünki, ikibaşlı fikir yürüdən Rusiya baş diplomatının sözündən belə çıxır ki, Azərbaycan artıq Xankəndi və ətraf rayonlara iddia etməməlidir.

Bu azmış kimi, Lavrov “Ermənistan və Azərbaycan Aİ ilə birgə Almatı bəyannaməsində göstərilən şərtlərlə sülh müqaviləsi bağlamağa hazır olduqları haqqında sənəd imzaladıqda, hətta gələcək addımlarla da müəyyənləşməyimiz artıq çətindir” deyir. Burada sual yaranır, axı niyə?! Bu suala elə Lavrov özü məkrli niyyətini gizlətmədən açıq şəkildə “Bu bəyannamədə deyilir ki, yeni müstəqil dövlətlər arasında sərhədlər müttəfiq respublikaların inzibati sərhədləri üzrə keçəcək. Dağlıq Qarabağ Muxtar Vilayəti isə Azərbaycan SSR-in tərkibində idi. Beləliklə, burada vəziyyət hələ də çoxqatlıdır”, - deyə cavab verməklə, bir daha Ermənistanı, xüsusən də separatçı rejimi dəstəkləməkdən utanmır. Əlbəttə, Lavrov. o cümlədən rəsmi Moskva bununla açıq şəkildə bəyan edir ki, müstəqil dövlətlər arasında sərhədlərin delimitasiyasının keçmiş müttəfiq respublikaların inzibati sərhədləri üzrə müəyyən edilməsininin əleyhinədir. O, bu yanaşması ilə həm Naxçıvanın Kərki, həm də Qazaxın 7 kəndini də böyük şübhə altına alır. Ancaq Ruben Vardanyanı Moskvadan “yox edib” Xankəndində zühur etdirənin və hətta  qondarma rejimdə “dövlət katibi” düzəldənin Moskva olduğu bütün dünya bəllidirsə, o zaman Rusiya baş diplomatının qeyd etdiyimiz mövqeyi heç kimə təəccüblü görünməməlidir.

Odur ki, Moskvanın, həmçinin bütün ermənilərin niyyətinin alt-üst olması üçün rəsmi Bakı üçtərəfli bəyanatdakı 4-cü bəndin icrasını digər yerinə yetirilməmiş bəndlərdən öndə tutmalıdır. Çünki nə qədər ki, Azərbaycanın suveren ərazilərində separatçı-terrorçu rejim mövcud olacaq, o qədər də onlara dəstək verən Lavrovlar ikibaşlı sözlərlə özünü “qartal” hesab edəcək.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir