Modern.az

Bakı İrəvana hansı təklifləri göndərib - Paşinyan qəbul etməsə...

Bakı İrəvana hansı təklifləri göndərib - Paşinyan qəbul etməsə...

Analitika

7 Fevral 2023, 21:43

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səfərdə olduğu Berlində bildirib ki, Bakı İrəvana sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərib və indi Ermənistan hakimiyyəti onlara baxır.

 

Söhbət hansı təkliflərdən gedir?

 

Modern.az xəbər verir ki, Mirzoyanın çıxışını şərh edən politoloq Elxan Şahinoğlu xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ötən ilin mart ayında da İrəvana 5 baza prinsipinə əsaslanan təkiflərini göndərmişdi.

 

Həmin təklifləri xatırlayaq:

 

1. Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüynüü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

 

2.Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

 

3.Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

 

4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

 

5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

 

Politoloqun fikrincə, rəsmi Bakının göndərdiyi yeni təkliflər böyük ehtimalla bu 5 baza prinsipinə əsaslanıb:

 

“Bu təkiflərə kiçik əlavələrin olunması istisna deyil. Əlavələr 5 baza prinsipinin mahiyyətini dəyişdirməyib. Ötən il İrəvan bu təkiflərə müsbət cavab vermədi və bununla özünə ziyan etdi. Çünki İrəvan təklifləri qəbul etmədiyini bildirdikdən təxminən 6 ay sonra iki ölkənin təmas xəttində döyüşlər baş verdi və Azərbaycan ordusu strateji yüksəklikləri nəzarətə almaqla mövqelərini gücləndirdi. Ermənistan hakimiyyətinə yeni şans verilir. Ermənistanın baş naziri Nikol Paşinyan onsuz da etiraf edib ki, Qarabağ yükünü daşıya bilmir. Paşinyan Bakının yeni təkiflərini qəbul edərsə, bölgə sülhə yaxınlaşar və real əməkdaşlıq başlayar. Paşinyanın Bakının təkliflərini qəbul etməyə heç nə mane olmur. “Qarabağ klanı”nın timsalında Ermənistan müxalifəti zəifdir, lidersizdir. Buna baxmayaraq, Nikol Paşinyanın ötən dəfə olduğu kimi rəsmi Bakının təkiflərinə özünün məntiqsiz təkliflərini əlavə etməsi ehtimalı yüksəkdir. Belə olan halda yenə nəticə əldə olunmayacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var