Modern.az

Regionu qarışdıran İranın “başından böyük” hədəfləri - TƏHLİL

Regionu qarışdıran İranın “başından böyük” hədəfləri - TƏHLİL

8 Fevral 2023, 17:33

İranda islam inqilabının baş verdiyi 1979-cu ildən bəri aqressiv xarici siyasət kursu yeridilir. Psevdoimperial ambisiyalar İranın regionda “başından böyük” geopolitik planlarına rəvac verib. Bu da Yaxın Şərqdə, Ön Asiyada, o cümlədən Cənubi Qafqazda və qismən Mərkəzi Asiyada yerləşən ölkələrin xalqlarının isti aşına soyuq su qatıb.

 

İranın yerləşdiyi ərazidə tarixən feodal imperiyaları mövcud olsa da, bunların çağdaş İrana çox az dəxli var və ya heç dəxli yoxdur desək, yanılmarıq. Çünki Səlcuqlardan Əfşarlara qədər bütün bu dövlətlər türklərə məxsus olub. İnqilabdan əvvəl mövcud olmuş şah rejimi – Pəhləvilər və türk mənşəli olsa da, son dövrlərində Qacarlar dövlətini müasir İranın tarixi-siyasi irsinə aid etmək olar. Həm Qacarlar, həm də Pəhləvilər dövründə İran tarixinin ən zəif dövrlərini yaşayıb və bu dövr neoimperial ambisiyalar baxımından çox kövrək tarixi-mədəni dayaq və əsas rolunu oynaya bilər.

 

Hətta bəzi tarixçilərin rəyinə söykənib İranın dövlətçilik tarixini türk dövlətlərini də qataraq daha qədimdən hesablamağa çalışsaq, bu amil İranın antihumanist və fantastik siyasi məqsədlərinə haqq qazandıra bilməz. Çünki artıq feodalizm dövrü, imperial xarici siyasət erası sona çatıb. Artıq sərt güc tətbiq edərək üstünlük əldə etməyə çalışan, zorakı hegemonluğa can atan dövlətlər dünyadan təcrid olunur. Bunun ən bariz örnəyi İranın müttəfiqlərindən və yaxın tərəfdaşlarından olan Rusiyadır.

 

 

İndi dəbdə olan metodlardan iqtisadi ekspansiya xəttini, yumşaq güc alətlərini tətbiq etməyə isə İranın nə iqtisadi qüdrəti, nə mədəni cəlbediciliyi, nə də bəşəri məzmunlu ideoloji hekayəsi var. İran qlobal trendləri, beynəlxalq çağırışları azı 2 əsr əvvəldən izlədiyi üçün ən yaxşı halda XIX əsrin geridəqalmış vizyonu ilə hərəkət edir. Hərbə-zorba, hədə-qorxu, içiboş vahimə ritorikası molla rejiminin sığındığı yeganə limanlardır.

 

2021-ci ilin avqustunda Taliban qruplaşmasının Əfqanıstanda hakimiyyəti ələ keçirməsi necə onların zehniyyətini dəyişmədisə, silahlı “qoçu dəstəsi”ni dövlətə çevirmədisə, siyasətlə məşğul olmaq 44 il əvvəl zor gücünə hakimiyyəti zəbt etmiş molla rejiminə eynilə o qədər təsir edib. Beləliklə, regionun başağrısına çevrilmiş İranın yürütdüyü siyasətə, bölgəni necə qarışdırdığına nəzər salaq.

 

Əvvəlcə, Yaxın Şərqdən başlayaq. İranın diplomatiya doktrinasının və xarici siyasət konsepsiyasının əsasını təşkil edən “inqilab ixracı” - ətraf ölkələrdə şəriət dövləti qurmaq hədəfləri ən çox bu regionun zəif dövlətlərinin cəmiyyətləri üçün faciələr yaradıb. Birinci Dünya müharibəsində Osmanlının məğlubiyyəti ilə Britaniya və Fransanın koloniyasına çevrilən bu ölkələr XX əsrin ortalarından sonlarına doğru müstəqillik qazandıqdan sonra da xeyli kövrək, inkişafdan qalan dövlətlər olublar. İran bu faktordan istifadə edərək buraları, necə deyərlər, özünün “arxa bağça”sına çevirməyə çalışıb.

 

Gərgin vətəndaş müharibələrindən tam əldən düşmüş vəziyyətdə çıxan region ölkələrinin yoxsulluq və səfalət içində yaşayan əhalisinə humanitar yardım adı altında keyfiyyətsiz və vaxtı keçmiş ərzaq məhsulları göndərərək guya rəğbət qazandığını sanan molla rejimi sayını özlərinin də itirdiyi proksi qruplaşmaları formalaşdıraraq bölgəni terror poliqonuna döndərib. Terror, təxribat, iğtişaş kimi alətləri Suriyaya, İraqa, Yəmənə, Livana, Fələstinə və digər ölkələrə münasibətdə yürüdülən siyasətin lokomotivinə çevirən İran yüz minlərlə, bəlkə milyonlarla dinc sakinin həyatına son qoyan radikalizm toxumları əkib, dəstəklədiyi ekstremist qruplaşmaların bölgədə cövlan etməsinə səbəb olub. Regionu “Şiə hilalı” ilə əhatələmək istəyən rəsmi Tehran nəticədə bütün Yaxın Şərqdə qan gölü yaradıb.

 

İranın geopolitik ambisiyaları Cənubi Qafqazdan da yan keçməyib. Bu regionu özünün “tarixi ərazisi” hesab edən İran Qafqazın 200 ilə yaxın Rusiyanın əsarətində olması ilə barışsa da, nədənsə son 30 ildə Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Nə qədər səy göstərsə, böyük agentura şəbəkəsi bəsləyib özünə simpatiya ilə yanaşılan ictimai rəy formalaşdırmağa çalışsa da, bölgənin müasir tarixində İran təkcə Şuşanın işğalı ilə yaddaşlarda qalıb və riyakar vasitəçi kimi assosiasiya olunur.

 

Xatırladaq ki, 1992-ci ilin mayında guya Qafqaza sülh gətirəcəyini və Qarabağ probleminin həll olunmasına kömək etmək istədiyini deyən İran Ermənistanla gizli sövdələşməyə getdi və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov və Ermənistan lideri Levon Ter-Petrosyan Tehranda molla rejiminin vasitəçiliyi ilə danışıqlar apararkən Şuşa işğal olundu. Bundan başqa, müharibə dövründə İranın Azərbaycana yardım adı ilə cəbhə bölgəsinə soxulmuş emissarları hərbi koordinatları Ermənistan tərəfinə ötürərək Qarabağın işğalına mühüm “töhfə” vermiş oldular.

 

 

Son müharibədə - 44 günlük savaşda da İran qüvvələrinin Azərbaycan ərazilərinə daxil olması və qarşı tərəfə hazırlaşmaq üçün şərait yaratması, Azərbaycanın müəyyən əraziləri işğaldan azad etməsini yubatması və itkilər verməsinə səbəb olması barədə kifayət qədər təkzibedilməz faktlar mövcuddur. Zəngəzur dəhlizi layihəsinə qarşı çıxmasını "bölgədə sərhədlərin toxunulmazlığı" kimi mənasız formulu ilə pərdələyən, özbaşına xəyali “qırmızı xətt”lər çəkən İran Türkiyənin bölgədə nüfuzunun artmasından, Mərkəzi Asiya ölkələrinə birbaşa çıxış əldə etməsindən ciddi şəkildə narahatlıq keçirir.

 

Qeyd etmək lazımdır ki, Gürcüstan da İranın ağılsız siyasətindən əziyyət çəkir. Bu ölkədəki müsəlman icmaları arasında radikal dini cərəyanları yayan, fundamentalizm ocaqları formalaşdıran İran həmsərhəd olmadığı Gürcüstanı da qarışdırmaq niyyətindədir və bunun üçün əlindən gələni edir.

 

 

Lakin başqa ölkələrdə guya güclənməyə çalışan İran öz içində gücsüz qalıb. İnsanların nifrətini qazanan, iğtişaşların, etirazların səngimədiyi İranda təbii fəlakətlə mübarizə aparmaq qüdrətinin olmadığı növbəti dəfə Xoy zəlzələsində ortaya çıxdı. İranın yarıtmaz siyasətinin qurbanına çevrilən güneyli soydaşlarımız böyük fəlakətlə üz-üzə qaldılar. Zəlzələ nəticəsində evləri dağılan minlərlə azərbaycanlı ac-susuz küçələrdə qalmağa məhkum edildi. Molla rejimi öz vətəndaşlarına yardım əlini uzatmaq əvəzinə, ondan kömək istəyənlərə hədə-qorxu gələrək, çirkin xislətini bir daha ortaya qoydu. 

 

Daxildəki problemlərə və kütləvi etirazlara rəğmən İranın iştahı azalmır. Məşhur atalar sözündə deyildiyi kimi, molla rejimi yetənə yetir, yetməyənə də daş atır. Din pərdəsinə bürünən ölkənin başbiliciləri hələ də anlaya bilmirlər ki, artıq tamah mütləq baş yarır. Region ölkələrini qarşıdırmaqla kifayətlənməyərək, Ukraynada belə böyük fəlakətlərin baiskarı olan, Rusiyaya silah, PUA verən və digər yardımlar göstərərək azadlıqlarını, gələcəyini işğalçılardan qorumaq uğrunda mübarizə aparan dinc və günahsız ukraynalıların ölümünə səbəb olan İran rejimini öz tamahı cəzalandıracaq...

 

Gec-tez buna şahidlik edəcəyik. Mütləq, haqq-ədalət öz yerini tapacaq və şübhə yox ki, bir gün xalq fitnə saçan İran rejimindən xilas olaraq, azadlığa qovuşacaq. Məhz o zaman bölgəmizin üzərindən də qara buludlar çəkiləcək.

 

Modern Təhlil Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı